Sumqayıtlılar
yaşıllaşdırma marafonu layihəsində
yaxından iştirak edirlər
Azərbaycanın bütün bölgələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında bu ilin noyabrından ağacəkmə kampaniyasına start verilib. Artıq respublikanın hər yerində xeyli ağac və gül kolları əkilib.
Bu xeyirxah kampaniyanın başlandığı ilk gündən Sumqayıtda Ümumrespublika Yaşıllaşdırma marafonu layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına başlanıb. Noyabrın ilk günlərindən bəri Sumqayıtın idarə və təşkilatlarının, ali və orta təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə şəhərin Ceyranbatan qəsəbəsindən başlayaraq Yaşma yaşayış massivinə qədər uzanan böyük bir ərazidə möhtəşəm ağacəkmə aksiyası keçirilmişdir.
Kimya sənayesinin mərkəzi sayılan Sumqayıtın girəcəyində əvvəlcə təmizləmə işləri aparılmış, magistral yolun ətrafına maşınlar vasitəsilə yeni torpaq qatı daşınmış və texnikalarla düzənlənmişdir. Mineral gübrələr həmin əraziyə gətirilmiş, əkiləcək ağaclar seçilərək ayrılmışdır. Onu da qeyd edək ki, həmin ərazidə əvvəllər əkilmiş yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün su xətti də çəkilmişdir. Şəhərin florası nəzərə alınmışdır. Əkiləcək nar ağacları xüsusi maşınlarla əraziyə gətirilmişdir. Eyni zamanda bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları da gətirilmişdir.
Artıq neçə gündür ki, tutduğu vəzifədən asılı olmayaraq, minlərlə sumqayıtlı Yaşıl marafon layihəsinin iştirakçısına çevrilmiş, aksiya zamanı minlərlə nar ağacı yol kənarına basdırılmışdır. Aksiyada əkilən fidanlara qulluq göstərənlər həmin ağacların tutması üçün əllərindən gələni əsirgəmirlər.
Sənaye mərkəzi olan şəhər artıq adambaşına
düşən yaşıllıqlara görə respublikada öncül yerlərdən
birini tutur. Layihə çərçivəsində salınan yaşıllıqlar magistral yolun kənarında ekoloji
tarazlığın bərpası və insanların
sağlamlığının təmin edilməsi üçün son illər
bu istiqamətdə görülən
işlərin bir növ
davamı olmuşdur. 50 minə yaxın
ağacın əkiləcəyi aksiyada
iştirakçıların siyahısı xüsusi
cədvəl üzrə aparılacaqdır. Paytaxtın şimal istiqamətində, Bakı-Quba magistral yolu boyunca böyük
bir ərazidə
ilin sonunadək bu
kimi aksiyaların davam
etdirilməsi nəzərdə tutulub.
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.8.