İlham ƏLİYEV: «Azərbaycan
Respublikasının Milli
Atlası» ölkəmizlə bağlı
ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir
Dinamik inkişaf yolunda olan Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, informasiya və s. xarakterli amillərin əhəmiyyətini nəzərə alıb elmin bir çox sahələrinə, ələlxüsus kartoqrafiya elminin inkişafına xüsusi diqqət ayırır. Bu gün ölkəmizdə iqtisadiyyatın və sosial sferanın elə bir sahəsi yoxdur ki, orada kartoqrafiya elminin məhsulu olan xəritə və atlaslara müraciət olunmasın. Məsələn, torpaq islahatının aparılmasında, yer quruluşu layihələrinin tərtibində, yaşayış məntəqələrinin salınmasında, quru, su və hava nəqliyyatında, təbii ehtiyatların mənimsənilməsində və s. işlərdə xəritələrdən geniş istifadə olunur.
Son illərdə dövlət idarəçiliyində və iqtisadiyyatda kartoqrafiya materiallarına tələbatın artması səbəbindən mövcud sahədə ixtisaslaşmış dövlət qurumu kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xəritə və atlasların istehsalı üzrə bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, 2003-cü ildən başlayaraq ölkəmizdə ilk dəfə olaraq Azərbaycan dilində topoqrafik xəritələrin tam istehsalat dövriyyəsi qurulmuş, orta məktəblərin coğrafiya, tarix və zoologiya fənləri üçün kompleks divar xəritə və atlasları, Azərbaycan Respublikasının Ekoloji Atlası, Azərbaycan Respublikasının Torpaq Atlası, Azərbaycan Respublikasının Turist Atlası, Azərbaycan Respublikasının Tarixi Atlası, Azərbaycan Respublikasının Aqroiqlim Atlası, Naxçıvanın Tarixi Atlası və s. hazırlanmışdır. İstehsal olunmuş hər bir xəritə və atlas keyfiyyət, məzmun və dizayn baxımından kartoqrafiya sahəsində mövcud beynəlxalq standartlara cavab verir. Ümumilikdə götürsək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu günə qədər 200-dən çox müxtəlif mövzuda xəritə və atlas nəşr etmişdir. Ancaq heç şübhəsiz, bu sahədə komitənin ən böyük uğuru "Azərbaycan Respublikasının Milli Atlası"nın ərsəyə gəlməsində gördüyü işlərdir.
Müasir dövrdə Milli Atlas hər bir ölkə üçün onun siyasi-inzibati vəziyyətini, təbiətini, iqtisadiyyatını, flora və faunasını, kənd təsərrüfatını, sənayesini, təhsilini, səhiyyəsini, mədəniyyətini, tarixini və sair sahələrini kartoqrafik üsullarla əks etdirən önəmli atributlardan biri hesab olunur. Bu səbəbdən Belarus, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Cənubi Koreya, Çexiya, Polşa, Almaniya və s. öz milli atlasını nəşr edən ölkələr bu işi mühüm dövlət tədbiri kimi qəbul edir, layihənin icrasını birbaşa ölkə rəhbərliyinin nəzarəti ilə həyata keçirirlər.
Məlumat üçün bildirək ki, təcavüzkar Ermənistan Respublikası da öz milli atlasını nəşr edən ölkələr sırasındadır. İki cilddən ibarət Ermənistan milli atlasına ölkəmizin ərazi bütövlüyünə toxunan, tamamilə həqiqətə uyğun olmayan bir sıra məlumatlar, o cümlədən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin də xəritəsi daxil edilmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağın da milli atlasını hazırlamışdır. Sözügedən atlas müxtəlif dillərə tərcümə olunaraq dünya ölkələrinə paylanılır. Bununla da Azərbaycanın ərazi bütövlüyü haqqında səhv fikir formalaşdırılır. Bütün bunları nəzərə alan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşrini sürətləndirmək məqsədilə bir sıra təkliflər irəli sürmüşdür.
Redaksiya heyətinin müəyyən edilməsinə, xəritələrin müəllif orijinallarının hazırlanması məqsədilə işçi qruplarının yaradılmasına, layihə smetasının tərtibinə və s. dair təkliflər ölkə rəhbərliyi tərəfindən nəzərə alınmış, Milli Atlasın nəşrinə mühüm bir dövlət vəzifəsi kimi yanaşılmışdır. "Azərbaycan Respublikasının Milli Atlası"nın çapının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2011-ci il tarixli 1436 saylı sərəncam imzalamışdır.
Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq "Azərbaycan Respublikasının Milli Atlası"nın çapını təmin etmək məqsədilə qərara alınmışdır ki:
1. "Azərbaycan
Respublikasının Milli Atlası" nəşr edilsin.
2. "Azərbaycan
Respublikasının Milli Atlası"nın
redaksiya heyətinin tərkibi təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
"Azərbaycan
Respublikasının Milli Atlası"nın redaksiya heyətinin
sədri Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə, redaksiya heyəti sədrinin müavini AMEA-nın həqiqi
üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti Akif Əlizadə, məsul katibi isə AMEA-nın həqiqi
üzvü, AMEA-nın Aqrar Elmləri
Bölməsinin akademik katibi, Azərbaycan Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
sədri Qərib Məmmədovdur. Redaksiya heyətinə həmçinin
xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və
sənaye naziri Şahin
Mustafayev, energetika naziri Natiq Əliyev, nəqliyyat naziri Ziya Məmmədov,
kənd təsərrüfatı naziri Heydər Əsədov,
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu
Bağırov, mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev, təhsil
naziri Mikayıl Cabbarov, səhiyyə naziri Oqtay Şirəliyev,
rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, gənclər
və idman naziri Azad Rəhimov, Dövlət Statistika Komitəsinin
sədri (mərhum) Arif Vəliyev, AMEA-nın həqiqi
üzvü, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti Xoşbəxt Yusifzadə, AMEA-nın müxbir
üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə dövlət müşaviri Kamal Abdulla, AMEA-nın
həqiqi üzvü,
AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik
katibi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman
Əmiraslanov, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət
Universitetinin rektoru Abel Məhərrəmov, AMEA-nın həqiqi
üzvü, Azərbaycan İqtisadçılar
İttifaqının sədri, Milli Məclisin İqtisadi siyasət
komitəsinin sədri Ziyad Səmədzadə, AMEA- nın
müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru,
Bakı Dövlət Universitetinin kafedra müdiri Yaqub Mahmudov və
AMEA-nın müxbir üzvü, AMEA-nın
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların
Genezisi, Coğrafiya və Kartoqrafiya laboratoriyasının
müdiri Məhərrəm Babayev daxildir.
Əlbəttə,
ölkə rəhbərliyinin "Azərbaycan
Respublikasının Milli Atlası" kimi unikal nəşr
layihəsini həyata keçirməsinə dair verdiyi göstəriş
şərəfli olduğu qədər çətin və məsuliyyət
tələb edən bir iş idi. Layihəni
uğurla başa çatdırmaq üçün Dövlət
Torpaq və Xərtiçəkmə Komitəsi öz
işini bir sıra dövlət təşkilatları və
Azərbaycan Milli Elmlər Akademiyası ilə
qarşılıqlı fəaliyyətdə qurmalı idi.
Bu məqsədlə "Azərbaycan Respublikasının
Milli Atlası"nın redaksiya heyətinin
məsul katibi kimi tərəfimizdən aidiyyəti qurumlara
işçi qrupunun yaradılması üçün
müraciət edilmişdir. Tez bir zamanda
ümumilikdə 108 nəfərin daxil olduğu işçi
qrupları yaradıldı. Bununla paralel olaraq Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin
Bakı Kartoqrafiya fabrikində müvafiq kartoqrafik məlumatların ilkin
toplanması, qiymətləndirilməsi, seçilməsi, yerləşdirilməsi,
işlənməsi və s. yerinə yetirilməyə
başlanmışdır. Kartoqrafik
materialların hazırlanması çoxsahəli iqtisadiyyat
sahələrini əhatə etdiyindən dəfələrlə
müxtəlif qurumlarda, eləcə də Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsində
müzakirələr, təhlillər, dəqiqləşdirilmələr
aparılmışdır.
Qeyd edək ki, işin böyük həcmdə
olması və materialların müxtəlif nazirlik, təşkilat
və AMEA-nın sahəvi institutlarında
toplandığından və sonradan həmin materialların xəritə
formasına çevrildiyindən Milli Atlasın
hazırlanması ilə bağlı işlər 2011-ci ildə
başlansa da, 2014-cü ilin əvvəlində
yekunlaşmışdır.
Atlasın ilk tirajı Azərbaycan Respublikasının
xarici dövlətlərdə yerləşən səfirliklərinə,
müxtəlif təşkilatların nümayəndəliklərinə,
xarici ölkələrin milli kitabxanalarına göndərilməsini
nəzərə alaraq, izahedici mətnlər və göstəricilər
3 dildə - Azərbaycan, rus və ingilis dillərində
500-ü VIP olmaqla, 5000 nüsxədə çap edilmişdir.
Hazırda
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
"Azərbaycan Respublikasının Milli Atlası"nın CIS variantını hazırlayır. Milli Atlasın bu elektron forması ölkəmizdə
yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun
fundamenti hesab etmək olar.
Gərgin
əməyin bəhrəsi olan Milli Atlasın nəşrini Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev də
yüksək qiymətləndirərək qeyd etmişdir:
"Azərbaycan Respublikasının Milli Atlası"
ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı
kartoqrafik nəşrdir. Azərbaycan Respublikası Prezidentinin
20 aprel 2011-ci il tarixli sərəncamına
əsasən hazırlanmış Atlas özündə əhatəli
elmi məlumatlar ehtiva etməklə, ölkənin təbii
şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi,
mədəniyyəti, elm və təhsili haqqında dolğun
təsəvvür yaradır. Müxtəlif sahələrdə
çalışan alimlərin və mütəxəssislərin
uzunmüddətli əməyi nəticəsində ərsəyə
gələn kitabın Azərbaycanla bağlı yüksək
rəsmi nəşr statusu onun əhəmiyyətini daha da
artırır."
Məlumat üçün qeyd edim ki, Azərbaycan
Respublikasının Milli Atlası 19 bölmədən, 444 səhifədən
və 1000-nə yaxın xəritə, diaqram, cədvəl,
izahedici mətndən, slaydlardan və digər vacib material və
məlumatlardan ibarətdir. Atlasın məzmunu
ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni
sahələrini əhatə edir. Bununla belə
respublikamız haqqında ümumi məlumatlar da kartoqrafik
üsulla əks etdirilib. Belə məlumatların
toplandığı "Ümumi səciyyə" adlı bölmədə
Azərbaycan Respublikasının dünya siyasi xəritəsindəki
mövqeyi əks edilmiş, ölkəmizin yerləşdiyi
region, onun qonşuları haqqında məlumatlar kartoqrafik
üsulla təsvir edilmişdir. Eyni zamanda mətn
formatında Azərbaycan Respublikasının coğrafiyası
haqqında məlumatlar verilmişdir. Burada Azərbaycan
Respublikasının ərazisinin Yerətrafı kosmik fəzada
peykdən çəkilmiş fotosu, siyasi-inzibati,
ümumcoğrafi xəritələri, Azərbaycan
Respublikasının türk dünyasındakı mövqeyini əks
etdirən xəritəsi, Naxçıvan Muxtar
Respublikasının siyasi-inzibati, ümumcoğrafi xəritələri,
Abşeron yarımadasının ümumcoğrafi xəritəsi
təsvir edilmişdir. Bölmədə həmçinin Azərbaycan
Respublikasının təbii şəraitin və təbii
ehtiyatların qiymətləndirilməsi, iqtisadi
rayonlaşdırma, ekoloji-coğrafi rayonlaşdırma, Azərbaycan
Respublikasında ekoloji vəziyyətin qiymətləndirilməsi,
həmçinin Abşeron yarımadasının ekoloji vəziyyətinin
qiymətləndirilməsini əks etdirən xəritələr
mövcuddur. Ümumilikdə, bu bölmədə
18 adda xəritə materialı və izahedici mətn yerləşdirilmişdir.
Atlasın ən geniş, əhatəli bölmələrindən
biri "Tarix" bölməsi olmuşdur. Azərbaycan
xalqının öz tarixi keçmişini yüksək səviyyədə
aça bilən bu bölmənin xəritə və mətnləri
hazırlanarkən tarix elminin ictimai rəyin
formalaşmasında mühüm əhəmiyyəti nəzərə
alınmışdır. Ölkəmizin
müstəqilliyinin əldə edilməsinə qədər
tarixi inkişaf mərhələləri xəritələrdə
öz əksini tapmışdır. Azərbaycan
ərazisinin ən qədim dövrlərin tarixi xəritələrindəki
təsvirləri, bu ərazidə eramızdan əvvəl
yaranmış dövlətlər, qədim tayfa birlikləri,
qədim Daş dövrü abidələri, Tunc dövrü
abidələri haqqında xəritələr mühüm əhəmiyyət
kəsb edir. Bundan başqa, ərəb
xilafətinin Azərbaycan ərazisində yayılması,
Xürrəmilər hərəkatı, Atabəylər
dövləti, Hülakilər dövləti, Naxçıvan
və Qarabağın XIII - XIV əsrlərdəki vəziyyəti
haqqında xəritələr xronoloji ardıcıllıqla
yerləşdirilmişdir. Orta əsrlərdə
mövcud olmuş Qaraqoyunlu, Ağqoyunlu dövlətləri
haqqında xəritələr, Səfəvilər dövlətinin
yaranmasının və inkişafının əsas mərhələlərini,
eləcə də Nadir şah Əfşarın
imperiyasını əks etdirən xəritələr
çox maraqlıdır.
Azərbaycanın xanlıqlar dövrü ayrıca xəritələrlə
təsvir edilmişdir. Burada Qarabağ, Naxçıvan, İrəvan, Quba və
s. xanlıqların xəritələri həmin dövrlərdəki
baş vermiş tarixi hadisələr haqqında təsəvvür
yaradır.
Azərbaycanın Rusiya imperiyası tərəfindən
işğalını əks etdirən xəritələr həmin
dövrdəki tarixi hadisələri əhatə edir. Bu xəritələr
qədim Azərbaycan torpaqlarına İran və Türkiyədən
ermənilərin Rusiya imperiyası tərəfindən məqsədli
şəkildə köçürülməsi haqqında
aydın təsəvvür yaradır. Ermənilərin
çar Rusiyası zamanında azərbaycanlılara və
müsəlmanlara qarşı törətdikləri qətliamlar,
Bakıda və Bakı ətrafında baş vermiş
qırğınlar bir sıra xəritələrdə
göstərilir. Azərbaycan Xalq
Cümhuriyyətinin xəritəsi, Azərbaycan SSR-in
yaranması və inkişaf mərhələləri bir
sıra xəritələrdə təsvir edilmişdir. Böyük Vətən müharibəsində Azərbaycan
neftinin əhəmiyyətini nəzərə alaraq iki xəritə,
bir sıra fotoşəkillər, mətnlər verilmişdir.
Azərbaycan Respublikasına qarşı Ermənistanın
1988-1993-cü illər ərzindəki təcavüzünə
dair xəritələr həmin dövrdə baş vermiş
faciələri əks etdirir. Burada işğal
edilmiş ərazilər, qaçqın və məcburi
köçkünlərin kütləvi köçü,
talanların və qırğınların baş verdiyi ərazilər,
etnik təmizləmələr və s. haqqında tam təsəvvür
yaradılır. Azərbaycan ərazisində qədim
dövrlərdən başlayaraq indiki dövrə qədər
dövriyyədə olmuş pul nişanları, qədim zərbxanalar,
əskinaslar, sikkələr təsvirlərlə və xəritələrlə
göstərilmişdir. Azərbaycan
Respublikasının son dövrlərdə tədavüldə
olan pul nişanları haqqında da ətraflı məlumat
verilir. Tarix bölməsi üzrə
ümumilikdə 54 xəritə hazırlanmışdır.
Xəzər
dənizinin Azərbaycan Respublikasının iqtisadi və
sosial həyatında, onun inkişafında çox böyük rolu var. Xəzər
dənizinin ölkəmiz üçün həyati əhəmiyyəti
eyni adlı bölmədə xəritə və mətnlərdə
təsvir edilmişdir. Burada Xəzər
dənizinin ümumcoğrafi xəritəsi, Xəzər dənizinin
su toplama hövzəsi, Xəzər dənizində ilin
qış dövründə buzların dreyfi, Xəzər dənizinin
geomorfologiyası, burada günəş radiasiyası, su səthində
axınlar, küləklər, dalğalanmalar, temperatur rejimi,
buxarlanma, sahil küləkləri və s. haqqında xəritələr
daxil edilmişdir. Xəzər dənizində
neft və qaz yataqları, dənizin ekologiyası haqqında
olan xəritələr maraqlıdır. Bölmədə
ümumilikdə 27 kartoqrafik material, mətn,
slayd və s. məlumatlar verilmişdir.
Ölkəmizin geoloji quruluşunun xüsusiyyətləri,
yeraltı və yerüstü sərvətlərinin
yayılması atlasın "Geoloji quruluş və Yer təkinin
ehtiyatları" bölməsində 31 xəritə, mətn,
fotoşəkillər və s. materiallarda əks
etdirilmişdir. Burada Azərbaycan
Respublikasının ərazisinin geoloji quruluşu ayrıca xəritədə
göstərilmişdir. Abşeron
yarımadasının respublikanın iqtisadi həyatında əhəmiyyətini
nəzərə alaraq bu yarımadanın və
Naxçıvan Muxtar Respublikasının ərazisinin geoloji
quruluşu ayrıca xəritələrdə göstərilmişdir.
Bu bölmənin xəritələri ərazidə tektonik
rayonlaşma, Yer qabığının müasir şaquli və
üfüqi hərəkətləri, neotektonika, zəlzələlər,
maqnit sahəsi, qravimaqnit anomaliyalar, radioaktivlik, müxtəlif
filiz və qeyri-filiz yataqları və s. haqqında məlumatları
əhatə edir.
Atlasdan istifadəni asanlaşdırmaq üçün bəzi
bölmələrdə terminlər xəritəsi
verilmişdir.
Məsələn, "Relyef və
geomorfologiya" bölməsində relyefin xüsusiyyətlərinin
izahını asanlaşdırmaq üçün relyef forması
bildirən coğrafi terminlər xəritəsi
hazırlanmışdır. Azərbaycan ərazisinin
relyefi geomorfoloji quruluşu, müasir erozion-akkumulyativ proseslər,
ekzogen proseslər və morfostrukturlar, qravitasiya və kriogen
morfostrukturlar, oroqrafiya, çay və dəniz terrasları,
relyefin meyillikləri və parçalanması, geomorfoloji
rayonlaşdırma və s. xəritələrdə əks
etdirilmişdir. Atlasın "Relyef və geomorfologiya"
bölməsində 15 xəritə, mətn, cədvəl və
s. materiallar verilmişdir.
"Azərbaycan Respublikasının Milli Atlası"nda
diqqət çəkən başqa bir bölmə
"İqlim və aqroiqlim ehtiyatları" bölməsidir. Bölmənin
xəritə və mətnləri hazırlanarkən Azərbaycan
iqliminin xüsusiyyətləri tam şəkildə nəzərə
alınmışdır. Burada İqlimin fəsilləri,
Aqroiqlim ehtiyatları,
Aqroiqlim rayonlaşdırılması və sair
daxil olduğu 47 xəritə, cədvəl, slayd və s.
materiallar yerləşdirilmişdir.
Azərbaycanın səth suları və hidroloji şəraiti
haqqında məlumatları isə müvafiq bölmədə
ətraflı şəkildə əldə etmək olar. Azərbaycanın səth
suları və hidroloji şəraiti çay şəbəkəsinin
sıxlığı, orta illik axım, yeraltı axım, səth
axımı, yaz-yay daşqınlarının axımı,
sellər, göllər və s. xəritələrində əks
etdirilmişdir. Bu bölmədə 31 xəritə,
mətn, cədvəl və digər kartoqrafik materiallar
verilmişdir.
Bu gün torpaqşünaslıq elminin inkişafına nəzər
yetirsək, ölkəmizdə torpaqların öyrənilməsi
işinə daim yüksək diqqət yetirildiyini, ondan səmərəli
istifadəni daim təkmilləşdirildiyini görərik. Belə ki,
dünyada ilk dəfə olaraq hələ Sovet İttifaqı
dövründə Azərbaycanda relyefin plastik xəritəsinin
hazırlanması metodu işlənmiş və
respublikanın müstəqilliyi əldə edildikdən sonra
bu metodla müxtəlif torpaq növlərinin
formalaşmasında relyefin plastlarının rolunu
aydınlaşdırmışlar. Azərbaycan
Respublikasının Milli Atlasında göstərilən məsələlər
"Torpaq və torpaq ehtiyatları" bölməsində 45
xəritə, mətn, cədvəl, qrafik, slayd və digər
əyani vasitədə əks etdirilmişdir. Bölmədə
verilən tematik xəritələr öz yeniliyi və
praktikliyi ilə seçilir.
Qeyd etmək lazımdır ki, ayrı-ayrı sahələrə
dair verilən informasiya təkcə atlasın tematik xəritələri
vasitəsi ilə deyil, onları çox sıx surətdə
tamamlayan cədvəllər, sxemlər, diaqram və qrafiklər
vasitəsilə verilmişdir. Bu da atlasın
informasiya gücünün, məlumatların bolluğunun
artırılması ilə yanaşı onun
sübutluluğunun, elmi səviyyəsinin də yüksəldilməsinə
xidmət edir. Atlasın hər bir bölməsində
qeyd olunanları aydın şəkildə görə bilərik.
Məsələn, "Bitki örtüyü" bölməsində
respublikada rast gəlinən 125 fəsilədə və 930
cinsdə toplanmış bitki növlərini 18 xəritə
ilə yanaşı, xeyli sayda slayd, cədvəl, diaqram və
s. materialda verilmişdir.
Atlasın maraqlı bölmələrindən olan
"Heyvanlar aləmi" bölməsində isə Azərbaycan
alimlərinin apardığı tədqiqatlar nəticəsində
ölkəmizdə müəyyən olunmuş heyvanat aləmi
haqqında ətraflı məlumat verilir. Atlasın xəritələrində
yırtıcılar, gəmiricilər, yarasalar,
cütdırnaqlılar, sürünənlər, suda-quruda
yaşayanlar, məməlilər haqqında ətraflı məlumatlar
göstərilmişdir. Həmçinin nadir quşlar, bitki zərərvericiləri,
balıq parazitləri, heyvanat aləminin ekoloji məsələləri
də təsvir edilmişdir. Bölmədə
mətnlər, xəritələr, slaydlar oxucularda məlumatların
qavranmasını daha da asanlaşdırır.
Atlasın
"Landşaftlar" bölməsində verilən 23 xəritə,
slayd, qrafik, mətn, cədvəl və s. materiallarda əks
olunan informasiyadan aydın olur ki, iqlim və geomorfoloji amillərin
təsiri altında formalaşan landşaftlar Azərbaycan ərazisində
çox müxtəlifdir. Respublikada
landşaftlar həm qərbdən şərqə doğru, həm
də yüksəkliyə doğru dəyişir. Bu dəyişmələr iqlim müxtəlifliyi,
relyef, termik şərait, rütubət və digər amillər
nəticəsində baş verir. Son
zamanlar landşaft dəyişmələrində antropoloji
amillərin təsiri əhəmiyyətli dərəcədə
artmışdır. Azərbaycan
landşaftlarının tibbi-ekokimyəvi xüsusiyyətləri
turizm, sanatoriya, kurort əhəmiyyətini təmin edir.
Atlasın
"Sənaye" bölməsində respublika ərazisində
sənayenin inkişaf dinamikası, yeni yaradılan sənaye
sahələri, neft-qaz hasilatı və emalı,
maşınqayırma, elektrotexnika və cihazqayırma, filiz
faydalı qazıntıları, faydalı
qazıntıların hasilatı, inşaat, sənayenin ekoloji
məsələləri və digər sahələr
haqqında ətraflı məlumatları əks etdirən xəritələr,
diaqramlar, qrafiklər və s. materiallar toplanmışdır.
Hər kəsə məlumdur ki, Azərbaycan sənayesi
ilə yanaşı, kənd təsərrüfatı da
inkişaf etmiş, qədim əkinçilik və heyvandarlıq
mədəniyyətinə malik ölkədir. Milli Atlasın "Kənd
təsərrüfatı" bölməsində olan
kartoqrafik materiallar (xəritə, diaqram, qrafik, mətn və
s.) kənd təsərrüfatnda torpaqların mülkiyyət
formaları, kənd təsərrüfatna yararlı torpaqlar,
bitkiçilik, ayrı-ayrı bitkilərin əkini və
istehsalı, heyvandarlığın müxtəlif istiqamətləri,
ət, süd, yun, yumurta, tütün, meyvəçilik və
s. məhsulların istehsalı haqqında ətraflı məlumatlar
verilir.
Milli Atlasın diqqətçəkən ən
mühüm bölmələrdən biri isə "Nəqliyyat"
bölməsidir. Bölmədə nəqliyyatın növlərinə,
yükdaşımaların miqdarı və tərkibinə,
uzunluğuna, intensivliyinə, istiqamətlərinə və s.
əlamətlərinə dair məlumatlar əks
etdirilmişdir. Burada həmçinin nəqliyyatın
ekoloji problemləri də
işıqlandırılmışdır. Atlasda nəqliyyata
dair ümumilikdə 11 xəritə, diaqram, slayd, mətn və
s. materiallar verilmişdir.
Respublikada
mənzil fondu, ticarət xidməti, banklar, pərakəndə
ticarətin əmtəə dövriyyəsi, poçt, telefon,
internet rabitəsi, radio-televiziya yayımları, məişət
xidmətləri, əhaliyə göstərilən pullu xidmətlər,
əhalinin məişət texnikası və avtomobillərlə
təmin olunması, sanatoriya-rekreasiya mərkəzləri və
s. haqqında məlumatlarla isə atlasın "Sosial
mühit" bölməsində tanış olmaq
mümkündür. Bu məlumatlar bölmənin
14 xəritə, qrafik, diaqram, mətn və digər
materiallarında verilmişdir.
Üç
müxtəlif sahəni özündə əhatə edən
"Təhsil, mədəniyyət, idman" bölməsində
olan materiallar məktəbəqədər təhsil müəssisələri,
ümumtəhsil müəssisələri, ali təhsil müəssisələri,
kitabxanalar, şagirdlər, tələbələr, musiqi məktəbləri,
xalça sənəti məktəbləri, idman
qurğuları, olimpiya mərkəzləri, milli idman növləri,
teatr və muzeylər, mədəniyyət və tarixi abidələr,
milli mətbəx, milli geyimlər, rəssamlıq əsərləri
və s. haqqında informasiyanı əks etdirir.
"Xarici
əlaqələr" bölməsinin xəritə, mətn,
diaqram, qrafik, slayd və s. materialları isə ölkəmizin
diplomatik əlaqələri, beynəlxalq təşkilatların
fəaliyyətində iştirakı, qonşu ölkələrlə
əlaqələri əks etdirir. Bundan başqa xarici ticarət
(idxal və ixrac) elmi-texniki əlaqələr, neft və qaz sənayesi
məhsullarının ixrac coğrafiyası, gömrük xidmətləri,
Bakı şəhərinin rayonlarla qarşılıqlı istehsal əlaqələri
və s. göstəricilər verilmişdir.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda ardıcıl olaraq turizm inkişaf etməyə başlamışdır. Hazırda respublikamızda çoxlu turizm mərkəzləri, mehmanxanalar, kurortlar, turist bazaları və s. əhaliyə və qonaqlara turist xidmətləri göstərir. Atlasda turizm, ovçuluq, balıq ovu, turist marşrutları haqqında bir sıra xəritələr var. Bundan başqa, Bakı, Gəncə və sair şəhərlərin turist xəritələri ilk dəfə olaraq bu atlasın materiallarına daxil edilmişdir. Ümumilikdə bölmədə 79 xəritə, plan, slayd və s. materiallar var.
Göründüyü kimi, Azərbaycan Respublikasının Milli Atlasının hazırlanması ölkəmizin elmi və mədəni həyatında mühüm hadisədir. Əhatəliliyinin genişliyinə, nəfis tərtibatda nəşrinə, atlasdakı xəritə və digər məlumatların dolğunluğuna görə xarici ölkələrin milli atlaslarından üstündür. Atlas uzun müddət alimlərin, iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislərin, şagird və tələbələrin elmi və məlumat mənbəyi olacaqdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin, ayrı-ayrı dövlət qurumlarının, şirkətlərin və alimlərin Milli Atlasın hazırlanmasında böyük əməyi olmuşdur. Azərbaycan Respublikasının Milli Atlasının hazırlanması və nəşri işlərinin tamamlanması Azərbaycan Respublikası Prezidentinin daimi diqqəti və əvəzsiz köməyi sayəsində mümkün olmuşdur. Bu diqqətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq.
Qərib
MƏMMƏDOV,
Azərbaycan
Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə
Komitəsinin sədri, akade
Azərbaycan.-2014.- 16 noyabr.- S.6.