Varını
aldılar, özünü də məhv etdilər
1937-1938-ci illərin repressiya qurbanlarından biri Şəmkir rayonunun Qapanlı kənd sakini, 1868-ci il təvəllüdlü, bölgədə böyük nüfuz qazanan Cabbar Adıgözəl oğlu olmuşdur.
Yelizavetpol (Gəncə) quberniyası jandarm idarəsi Adıgözəl kişini Sibirə sürgün edəndə böyük övladı Cabbarın 11 yaşı var idi. Cabbar bundan sonra məcbur olub təhsilini yarımçıq qoyub kiçik bacıları - Gülnaz, Gülgəz, Fizzə, Gülxar, Savad, həyat və qardaşı Hüseynə "böyüklük" edir, qoyun-quzu otarır və əkin-biçin işləri ilə məşğul olurdu. 20 yaşına çatanda həm qoyun-quzunun sayını artırmış, həm də əkin sahəsini xeyli genişləndirmişdi. Daha sonra ailənin və dostlarının köməyi ilə kol-kos və meşəlikdən ibarət böyük bir sahəni yararlı hala salıb pambıq əkdi. Pambığı Şəmkir stansiyasındakı tədarük məntəqəsinə qızıl pula satırdı. Ata yurdunda yaxşı mülk tikdirib, Qaracəmirli kəndindən olan Züleyxa ilə ailə qurdu.
Görəndə ki, pambıqdan olan gəlir mal-qaradan gələn gəliri ikiqat üstələyir, əkin sahəsini daha da genişləndirdi, Ərəb Qarasuyunun üstündə, indi də "Cabbar dəyirmanı" adlanan dəyirmanı tikdirdi, bacıları köçəndə onlara yaxşı cehiz verdi...
Bölgənin tanınmış simalarından olan xuluflu Qaçaq Məşədi Yolçu, Hacı Rəhim, Qandal Nağı, Dəli Alı, Məmmədqasım, Əbdüləli, Qara Astan, Ramazan oğlu Rüstəm və Təhməz qardaşları, Alqoca və Abdullaların İsası, habelə digərləri ilə dostluq münasibətlərindən indinin özündə də məclislərdə söz düşür. Qapanlıda ən ağrılı məsələlərin həlli üçün ağsaqqallar Məşədi Əli çayçısına yığışar, hərə öz təklifini söyləyər, sonda "Görək bu barədə Cabbar nə deyir" fikri ilə müzakirəyə yekun vurar, heç zaman haqqı nahaqqa verməyən Cabbar kişinin qərarı ilə razılaşardılar.
Cabbar kişini Başkəndin, Basarkeçərin, Gədəbəyin kəndlərinin əhalisi də yaxşı tanıyırdı. Qış sərt gələndə Göyçə camaatına araba-araba taxıl, buğda, imkansızlara mal-qarasını qışdan çıxartmaq üçün yem göndərərdi. Yelizavetpolda yaradılmış "Qeyrət" təşkilatının üzvü kimi də bölgədə məqsədli şəkildə məskunlaşdırılan ermənilərin qudurğanlığının qarşısını alardı. Bu məqsədlə müntəzəm olaraq Xanlara, Bayana, Toğanaya, Şəmkirin Martunu, Barum, Barsum, Saler və Gədəbəyin, Göyçə mahalının bu yerlərə yaxın kəndlərinə baş çəkər, bəzən də silahlı adamlarını göndərərdi.
...1912-ci il yazın ilk günlərindən biri idi. Basarkeçərdən gələn atlı Şəmkir stansiyasındakı bazarda Qapanlı camaatına dedi ki, Cabbar əmiyə çatdırın ki, ermənilər bizim kəndi çapıb-taladılar. Novruz bayramını ah-vayla keçirdik. İndi də camaatı kənddən qovmaq istəyirlər.
Xəbər Cabbara çatan kimi Qapanlı cavanlarından bir neçəsi ilə silahlanıb, səhərin alatoranında yola çıxdı. Saratovkaya çathaçatda Cabbarın gözü bir az aralıda, yol kənarında dalaşan uşaqlara sataşdı. İki uşaq üçüncünü çubuqla döyürdü.
Cabbar üzünü Kazıma tutub dedi:
- Get gör o uşağı niyə döyürlər?
Kazım uşaqlara tərəf gedəndə döyənlər hadisə yerindən uzaqlaşırlar. Üst-başını təmizləyə-təmizləyə yerdən qalxan uşaq ağlaya-ağlaya - deyirlər biznən quzu otarma. Mən də onları söyəndə başladılar məni kötəkləməyə.
- Adın nədir, kimin oğlusan, niyə dalaşırsız?
-...
Kazım da söyüşə görə uşağı qamçılamaq istəyəndə, Cabbar özünü yetirdi.
- Bu nə hərəkətdir, edirsən?!
- Bu uşaq heyvərədir, söyüş söyür.
- Ə, burax uşağı, bundan sonra bir də elə qələt eləməz.
Atdan düşüb özü uşağı yerdən qaldırdı:
- A bala, qorxma, çıx get evinizə.
Söyüşü də tərgit.
- Baş üstə, əmi.
Təxminən on il
sonra Şamxor NKVD-nin rəisi öz kabinetində bu əhvalatı
Cabbar kişiyə xatırlatmışdı. Bu barədə
bir qədər sonra...
Azərbaycan XI ordu tərəfindən
işğal olunanda ermənilərin çiçəyi
çırtdamışdı. Gəncə
üsyanında, eləcə də üsyandan sonrakı
günlərdə bolşevik qiyafəsində gecə-gündüz
azərbaycanlıları qırğına verməklə məşğul
olan ermənilərin əməlləri Cabbarı da heyrətə
salırdı. Azadlığın, müstəqilliyin
dəyərini başa düşənlərin bir çoxu
quruluşa qarşı etiraz edərək dağlara, dərələrə,
meşələrə çəkilib qaçaq həyatı
yaşamalı oldu. Gəncənin, Xanların, Goranboyun,
Samuxun, Gədəbəyin, eləcə də Qaracəmirlinin,
Qədilinin, Qapanlının, Təzəkəndin, Koltəhnəlinin,
Keçilinin, Xulufun qeyrətli oğulları təşkilatlanaraq
mübarizəni davam etdirdilər. Şəmkir
stansiyası tərəflərdə qaçaqları
silah-sursat və ərzaqla təmin edən isə əsasən
hələ çar dönəmindən rus hökumətinə
müxalif olan Adıgözəl oğlu Cabbar və Qaracəmirlinin
nüfuzlu sakinlərindən olan Alqoca idi. Cabbar kişi
Cümhuriyyət dönəmindən əvvəl də Gəncədə
yaradılan "Qeyrət"
- (sonralar Türk-Ədəmi-Mərkəziyyət
partiyası adlandı - red.) təşkilatının
başçısı Nəsib bəy Yusifbəyli, Gəncənin
qubernatoru, doktor Ələkbər bəy Rəfibəyli,
Sarı Ələkbər, Tatoğlu Həsən, Gəncə
Ruhani İdarəsinin rəisi Mirzə Məhəmməd
Pişnamazzadə ilə yaxın dost idi. Hərdənbir
səhhəti ilə bağlı doktor Ələkbər bəydən
məsləhət alardı. Ümumiyyətlə,
Cabbarın Gəncədə tanışı çox idi.
Bir yandan şəxsiyyətinə görə, bir yandan da
vaxtilə Gəncə Qəza Komitəsində rəhbər vəzifələrdə
işləmiş xalası oğlu Vəli Xulufluya görə
şəhərdə onu tanımayan az
tapılardı. Özü də Gəncədə
Müsəlman Xeyriyyə Cəmiyyətinin ən fəal
üzvlərindən idi. Şair Əhməd Cavadla ailəvi
dost idi. Bir sözlə, Adıgözəl
oğlu Cabbar Gəncəbasarda böyük nüfuz sahibi,
xeyriyyəçi kimi də ad-san qazanmışdı.
Xalq Cümhuriyyəti
süquta uğradılandan sonra bolşeviklər hər yerdə
olduğu kimi, Şəmkirdə də adlı-sanlı
adamların mülklərinə, almanlardan qalma şərab
emalı zavodlarına, Alqocanın pambıq tədarükü
məntəqəsinə sahib durmuşdular. Cabbarın
bacısı Gülnazın həyat yoldaşı Qədim o
zaman pambıq qəbulu məntəqəsində
qapançı işləyirdi. Bolşeviklər
hakimiyyətə gələndə Cabbar pambığı onun
vasitəsilə bu məntəqəyə təhvil verirdi.
Cabbar kişi yeni
quruluşa görə qaçaq düşənlərə
kömək göstərir, himayədarlıq edirdi. Kənddəki firqəçilər şübhələnməsinlər
deyə, 13-14 yaşlı qızı Xavərlə sahədə
işləyən əkinçilərə günorta yeməyi
göndərmək adı ilə günaşırı bir at
yükü patronu kəndin yaxınlığındakı
meşəlikdə Ramazan oğlu Rüstəmə
çatdırırdı.
Bu o vaxtlar idi ki, İnqilabi Hökumət üzdə olan ziyalıları, nüfuz sahiblərini "xalq düşməni" adıyla həbs etdirir, güllələtdirir, mülkünü, torpağını, təsərrüfatını əlindən alır, özünü, ailəsini ölüm düşərgələrinə sürgün edirdi. 1925-ci ilin payızında axşamdan xeyli keçmiş belə bir bəd xəbər Cabbar kişinin də qapısını döydü. Qara "EM-1"də gələnlər Cabbarı dinməz-söyləməz maşına mindirib gözdən itdilər.
Cabbar gecəni Şəmkir
NKVD-sinin zirzəmisində keçirdi. Səhər rəisin otağında
ona ilk sual belə oldu:
- Adın, familiyan?
- Cabbar Məmmədəliyev.
- Qapanlıda yaşayırsan?
- Orada anadan olmuşam, həmişə
də orada yaşamışam. Əkdiyim pambığı,
taxılı da hökumətə təhvil vermişəm,
neçəyə istəyiblər,
razılaşmışam...
Cabbar söhbəti bu yönə
istiqamətləndirməklə özünü üzdə
yeni quruluşun tərəfdarı kimi qələmə verib vəziyyətini
yüngülləşdirməyə çalışdı.
- Deyirsən, həmişə
Qapanlıda yaşamısan, heç Gədəbəydə,
Saratovkada olmamısan?!
- Niyə ki, olmuşam,
dost-tanış məclisində, xeyirdə-şərdə.
Rəis əsgərləri kabinetdən çölə çıxarıb Cabbarın qarşısında dayandı:
- Məni tanıyırsan?
- Xeyr.
- Yaxşı bax, tanış gəlmirəm?
Cabbar kişi rəisin üzünə xeyli baxıb başını buladı.
Səbri tükənən rəis özü dilləndi:
- Yadındadır, on il bundan əvvəl bir dəstə atlı ilə sən Saratovkadan keçəndə yolun qırağında bir uşağı döyürdülər, əllərindən aldın.
- O qədər elə hallarla
rastlaşmışam ki... Məgər
hamısını yadda saxlamaq olur?
- Amma mən səni görən kimi tanıdım. Adını deyən kimi tam əmin oldum ki, sən həmin adamsan... Mən bu idarənin rəisiyəm. Nəinki mənim kabinetimin, bu idarənin bütün qapıları bu gündən sənin üzünə həmişə açıqdır. O vaxt yaxşılıq edib bəlkə də məni ölümdən qurtardın. Ona görə də nə qədər ki, mən burada rəisəm, sənə heç kəs heç nə edə bilməz. Özün də hökumət nə deyir, əməl elə, qaçağa-quldura qoşulma. Çətinə düşəndə çəkinmədən gəl yanıma.
Cabbar kişi milis idarəsinin həyətindən çıxıb özünü mərkəzi bazarın yaxınlığındakı yeməkxanaya verdi, bir-iki stəkan çay içib əməlli-başlı özünə gəldi. Qapanlıya, Qaracəmirliyə gedənlər adətən bu yeməkxananın yaxınlığından Şəmkir stansiyasına kimi faytonla, ya da at arabası ilə gedərdilər. Cabbar kişi də yaxşı bir faytona oturub birbaşa Qapanlıya sürdürdü.
Fayton Cabbar kişinin evinin qabağında dayananda qonşular küçəyə tökülüşdülər. Heç kim inana bilmirdi ki, NKVD-nin apardığı adam bu tezliklə evinə sağ-salamat qayıda. Eşidən-bilən, dost-tanış, qohumlar Cabbar kişinin başına yığışdılar. O, gələnə-gedənə hökumət yanında günahsız olduğuna görə buraxıldığını söylədi. Axşam isə ailə üzvlərinə, çox yaxın ətrafına əsl həqiqəti danışdı.
NKVD rəisinin Cabbara olan ehtiramından sonra kənddə bolşeviklər və firqəçilər arasında da Cabbar kişinin hörməti, etibarı birəbeş artdı. Ona qolçomaq, yeni quruluşu bəyənməyən kimi baxanların sayı xeyli azaldı. Qaçaqlarla əlaqəsi olanları, şura hökuməti haqqında artıq-əskik danışanları, kollektivləşməyə yaxın durmayanları, "Artel"ə yazılmaqdan boyun qaçıranları ələk-vələk eyləyən bolşeviklər də ondan əməlli-başlı çəkinməyə başladılar.
Əli ruzulu, süfrəsi çörəkli, qapısı qonaq-qaralı olan Cabbar kişi də ona göstərilən münasibəti diqqətsiz qoymurdu. Kənddəki hökumət adamları ilə münasibəti yaxşılaşdıqca qaçaqlarla əlaqəni möhkəmləndirirdi. Halbuki kənddə böyükdən-kiçiyə, hamı bilirdi ki, Cabbar kişi Qaçaq Rüstəmlə, onun qardaşı Təhməzlə yaxın dostdurlar. Bu dostluq gizli şəkildə yenə davam etdirilir. Onu da bilirdilər ki, Qaçaq Rüstəmin mindiyi atı iki-üç il bundan əvvəl Cabbar Qazax tərəflərdən çox baha qiymətə alıb Rüstəmə bağışlayıb. Yaranan əlverişli şəraitlə əlaqədar Ramazan oğlu Rüstəmin dəstəsi Qapanlının ətrafındakı meşəliklərə tez-tez gəlirdilər. Hətta hərdən axşamlar xəlvətə salıb Cabbar kişinin evində yaxşıca dincəlirdilər.
Ümumiyyətlə, kənddə Ramazan oğullarına yaxşı münasibət göstərənlər çox idi. Odur ki, keçiriləcək əməliyyatlar barədə yerli camaat qabaqcadan dərhal onlara xəbər verirdi.
1924-cü ildə Gəncə və Şamxor NKVD-nin silahlı dəstəsi kənddə yığıncaq keçirir. Uzun məsləhət-məşvərətdən sonra yerli adamların bələdçiliyi və köməyi ilə Ramazan oğlu Rüstəmi və Təhməzi ya öldürmək, ya da diri tutmaq qərara alınır. Ətraf meşəlik və kol-kos olduğundan burada qaçaq axtarıb tapmaq nabələdlər üçün daha çətin idi. Odur ki, NKVD-çilər tüfənglə sərrast atəş açmağı bacaran, meşəyə yaxşı bələd olan kənd adamlarını qabağa salır, arxasınca silahlı əsgərləri, sonda otryad üzvləri gedirdilər. Beləcə, yavaş-yavaş meşənin dərinliklərində, üzü Kürə tərəf irəliləyəndə Qapanlı kəndinin sakini Çopur Həsən (o, NKVD işçisi idi) meşənin qalın yerində görür ki, bir dəstə adam ağacın altında oturub. Bir tərəfdə də yəhərli-yüyənli atları dayanıb. Lakin kol-kosun sıxlığından adamların kimliyini aydın seçmək olmur: amma Rüstəmin atını dərhal tanıyır. "Demək, bunlar Rüstəmin dəstəsidir". Bir az da irəliləyəndə görür ki, Rüstəm özü də buradadır.
Ani fikrə gedib qaçaqları duyuq salmaq üçün Rüstəmin atının belindəki yəhəri nişan alır. Güllə yəhərin qaşqasını iki bölür.
Güllə səsinə qaçaqlar tez atlanıb aradan çıxırlar.
Sonralar bu barədə söhbət düşəndə Çopur Həsən deyərdi: Cabbar əminin dostlarına hörmət etmək hamımızın borcudur.
Qaçaqlar bəzən həftələrlə, aylarla qeybə çəkilərdilər. Ramazan oğlu Rüstəm Kürqırağı ormanlarda, Ceyrançöldə olanda Cabbarla həmişə görüşərdi. Bir dəfə çuğullardan biri Cabbarı bərə ilə Kürü Qaracəmirliyə tərəf keçən görür. Özünü oda-közə vuraraq öyrənir ki, Cabbar kişi bir gün əvvəl Çopur düzündə dostu Qaçaq Rüstəmlə bir yerdə olub.
Bu xəbəri NKVD əməkdaşlarına çatdırır və deyir ki, Rüstəmin dəqiq yerini yalnız Adıgözəl oğlu Cabbar bilər. NKVD-çilər Qapanlıya gələndə Cabbar kişi buna nə qədər etiraz etsə də, nə qədər boynundan atsa da, mümkün olmur.
Cabbar kişini götürüb aparırlar Kürün o tayına. Bir yatağa gedirlər, olmur, digər yatağa gedirlər, orada da olmur. Əslində Cabbar kişi qaçaqların hansı yataqda olduğunu yaxşı bilirdi. Odur ki, onların olduqları yatağa az qalanda qəsdən başlayır bərkdən-bərkdən öskürməyə, yatağa çathaçatda öskürək onu boğduğundan arabir dayanıb vaxt qazanmaq üçün nəfəsini dərir.
Öskürəyin səsinə Rüstəm oturduğu yerdən dik atılıb əl atır silaha: "Əyə, bu, Cabbar kişinin səsidir, nəyəsə işarədir!" - deyib hövləng çölə çıxanda görür ki, Cabbar kişi bir dəstə əsgərlə yatağa çathaçatdadır.
Cabbar kişiyə xətər gəlməsin deyə, yanındakılara deyir: "Atəş açmayın, atlanın, qaçaq!"
Bu qovğadan Rüstəm və Təhməz sağ-salamat çıxsalar da, əsgərlər qaçaqlardan ikisini arxadan vura bilirlər.
...Qaçaqlara qarşı mübarizə gündən-günə gücləndirilirdi. Milisdən, çuğuldan savayı 100 nəfərdən çox əli süngülü əsgər gecə-gündüz ətrafı dörd dolanırdı. Gəncə üsyanının iştirakçısı və qaçaqlarla əlaqəsi olmaqda şübhəli bilinənləri, kollektivləşmənin əleyhinə danışanları ələkdən keçirirdilər. Bu adla gündə neçə nəfəri haqq-nahaq camaatın gözü qarşısında döyür, söyür, həbs edir, olmazın işgəncəni verirdilər.
1928-ci ilin may ayında kolxoz quruculuğunun qızğın vaxtında Bakıdan, Azərbaycan Dövlət Siyasi İdarəsindən Astnamazov adlı nümayəndə Şəmkirə, oradan da Qapanlıya gəlir. Qaçaqlarla əlaqəsi olanları, o cümlədən qaçaqlara ərzaq-sursat daşıyan kənd sakinləri Əmiri, Əzizi və Qaranı tutub gətirirlər Astnamazovun yanına. Astnamazov hər üçünə idarə binasının qarşısında hərəsinə bir qəbir yeri qazmağı əmr edir. Onlar qəbri qazdıqdan sonra içinə girib üzləri camaata tərəf dayanırlar... "Tədbirə" məxsusi gətirilən Cabbarın və camaatın gözü qarşısında hər üçünü nümayişkaranə şəkildə güllələyirlər. Bu, həm də bir növ Cabbar və onun sözü ilə oturub-duranlara xəbərdarlıq idi.
Gəncləri vəhşicəsinə güllələtdirəndən sonra Astnamazov kolxoz sədri Tacı oğlu Vəliyə deyir ki, qoy günorta naharını Cabbar versin. Özünü gördüm, baxım evi, şəraiti necədir?
Cabbarın evində yaxşı süfrə açılır. Yeməkdən sonra armudu stəkanda çay içə-içə Peterburqdan gətirilən şkafa, bədənnuma güzgüyə, divar saatına, Tulada tökmə misdən hazırlanmış kravatlara heyran qalan Astnamazov "belə şeylər Bakı qubernatorunun evində də yoxdur..." deyir.
...1929-cu ilin yayında Bakıdan Şəmkirə qastrola bir dəstə incəsənət adamı gəlmişdi. Şəmkir stansiyasında Əzizbəyov adına üzümçülük sovxozunun klubunda "Cabbar bəy" adlı ikihissəli "səhnəcik" oynanılırdı. Qapanlı, Keçili, Bitdili, Koltəhnəli və Qaracəmirli kəndlərinin fəal firqəçi və komsomolçularının da dəvət olunduğu "tamaşada" əsərin baş qəhrəmanı Adıgözəl oğlu Cabbarın qaçaqlarla əlaqəsi, Bakıdan gələn qonaqlara qızıldan çəngəl-bıçaqla dəbdəbəli yemək süfrəsi açması, onlara qızıldan altlığı olan armudu stəkanda çay verilməsi məsxərəyə qoyulurdu. Məqsəd Cabbar kişini el-oba arasında aşağılayıb nüfuzdan salmaq idi. "Tamaşanın" ikinci hissəsində zaldakılar arasında açılan atəş səsi hər şeyi alt-üst edir. Qapanlıdan, Qaracəmirlidən gələn adamlara qoşulan xeyli tamaşaçı Adıgözəl oğlu Cabbar haqqında deyilənlərə etiraz əlaməti olaraq səhnəyə cumurlar. Qarışıqda aləm bir-birinə dəyir, hətta ölən və yaralananlar da olur.
Cabbar kişi ağıllı olduğu qədər də tədbirli idi. Öhdəsində 600 hektara yaxın taxıl və pambıq sahəsi, xeyli mal-qarası, örüş yeri, su dəyirmanı, Ceyrançöldə yatağı, Gədəbəydə yaylaq yeri, Gəncədə bir neçə mağazası var idi. Görəndə ki, təzə hökumət onun kimilərin əkin-biçin yerini, mal-qarasını əlindən alıb kollektiv təsərrüfat yaradır, sahibini min bir bəhanə ilə "xalq düşməni" adlandıraraq ya güllələyir, ya da gedər-gəlməzə, sürgünə göndərir, bir neçə kənd ağsaqqalının şahidliyi ilə öhdəsində olan torpağını, qoyun-quzusunu, var-dövlətini, bir sözlə, nəyi varsa, altı bacı, bir qardaşı arasında pay bölgüsü edir.
1930-cu ilin yayında 62 yaşlı Cabbar Məmmədəliyevi yenidən Gəncə türməsinə salıb başlayırlar sorğu-suala. İstədikləri cavabı ala bilmədikləri üçün bir ay o kameradan bu kameraya, bu kameradan o kameraya atırlar. Şamxor NKVD-sinin rəisi Vasili Yakofidinin köməyi ilə yenidən xilas olur.
Cabbar Məmmədəliyev Gəncədən qayıdandan sonra camaat arasında hörməti, nüfuzu daha da artır. Hamı elə düşünürdü ki, salamat qalan Cabbar kişiyə bundan sonra heç kəs dəyib-dolaşa bilməz. Xuluflu Qaçaq Əbdüləli, Ramazan oğlu Rüstəm və digər adlı-sanlı qaçaqlar öldürüləndən sonra Cabbar izi itirmək, xata-bəladan uzaq olmaq üçün gününün çoxunu Gəncədə keçirirdi. Orada, şəhərin mərkəzində dükanı və ev-eşiyi var idi. Cabbar yeddi övlad atası idi. Bilqeyis, Hidayət, Adıgözəl, Xavər, Tomar, Məcid və Hüseyn. Onlar orta məktəbdə əla oxumaqla, kolxozun mövsümi işlərində, xüsusilə də pambığın becərilməsində və yığımında çox fərqlənirdilər. Məktəbi əla qiymətlərlə bitirən Xavəri və Adıgözəli götürüb Gəncəyə gətirdi.
Xavər Kirovabad Tibb Texnikumunda, Adıgözəl Kənd Təsərrüfatı İnstitutunda oxuyurdu. Əslində Cabbar kişi Qapanlıdan ayrı yaşamağa çətinlik çəkirdi, uşaqları da eldən-obadan qıraq salmaq istəmirdi. Amma başqa çarəsi də yox idi.
1937-ci ilin sentyabrında Cabbar kişi üçüncü dəfə həbs ediləndə bu həbsə çox soyuqqanlılıqla yanaşdı. Fikirləşirdi ki, Şamxor NKVD-sinin rəisi Vasili Yakofidi bu dəfə də onu xilas edəcək. Qohumlar da narahatlıq keçirmədilər.
Onsuz da Cabbar kişinin nəyi vardısa, şura hökuməti əlindən alıb kolxoz yaratmışdı, hətta onun pulundan bəhrələnən NKVD-çilər də az olmamışdı. Cabbarın bacıları - Həyat, Gülnaz və Fizzə yemək hazırlayıb əvvəl gedirlər Şamxora, Vasili Yakofidini tapa bilmirlər, gəlirlər Kirovabada. Türmənin qabağındakılar onlara deyirlər ki, indicə bir maşın dustaq apardılar, orada bu qiyafədə bir nəfər kişi sağa-sola boylanıb dedi ki, mənim adım Cabbardır, Şamxorun Qapanlı kəndindənəm, dalımca gələn olsa, deyin ki, Bakıya apardılar.
Türmə rəsmisi də deyilənləri təsdiqləyir.
Bacılar kor-peşman geri
qayıdırlar... Cabbar da atası Adıgözəl kişi kimi o gedən gedir.
Cabbar Məmmədəliyev həbs
ediləndə Adıgözəl Kənd Təsərrüfatı
İnstitutunun tələbəsi idi, həm də şəhərdəki
musiqi məktəbinin tar sinfində oxuyurdu. 1937-ci ilin
dekabr ayında NKVD-çilər onu musiqi məktəbində
tapa bilməyəndə birbaşa instituta gəlirlər.
İnstitutun rektoru ilə birlikdə
Adıgözəlin olduğu auditoriyaya girib deyirlər.
- Məmmədəliyev
Adıgözəl Cabbar oğlu kimdir?
Birinci cərgədə əyləşən
Adıgözəl ayağa qalxır.
Gələn nümayəndə
üzünü rektora çevirib:
O, "xalq düşməni"nin
oğludur, bu gündən institutdan xaric olunur" - deyir.
Rektor:
-
Çox savadlı, ağıllı, qabiliyyətli tələbədir,
bütün dərslərini əla qiymətlərlə
oxuyur, fəal komsomolçudur, xahiş edirəm, möhlət
verin, təhsilini başa vursun.
Rektorun xahişinə məhəl
qoymurlar. Üz tutur Kirovabad Şəhər Partiya Komitəsinə.
Katib də rektorun sözünü yarımçıq kəsir:
- "Xalq düşməni"nin övladına aramızda yer yoxdur, deyib
qapını göstərir.
Beləliklə, 1937-ci ilin
noyabrında "xalq düşməni"nin
övladı kimi Adıgözəli institutdan və musiqi məktəbindən,
bacısı Xavəri isə Tibb Texnikumundan və komsomol
sıralarından xaric edirlər.
Az.QPU-nun Kirovabad şəhər idarəsinin
əməkdaşları tərəfindən həbs edilən
Cabbar Adıgözəl oğlu sovet quruluşuna qarşı
mübarizə aparan qaçaqlarla əlaqəsinə görə
Bakıda fövqəladə üçlüyün qərarı
ilə "xalq düşməni" elan edilərək
mülkü müsadirə olunmaqla güllələnir.
1953-cü ildə Stalin öləndən
çox sonra Azərbaycan SSR Xalq Daxili İşlər
Komissarlığı üçlüyünün 1868-ci il təvəllüdlü,
atasını çar, özünü isə sovet hökuməti
güllələyən Qapanlı kəndinin sakini Məmmədəliyev
Cabbar Adıgözəl oğlunun işinə dair 10 sentyabr
1937-ci il tarixli qərara yenidən baxılmış və
SSRİ Ali Soveti Rəyasət Heyətinin "1930-1940-cı
illər və 50-ci illərin əvvəllərində baş
vermiş repressiya qurbanları barədə ədalətin bərpasına
dair əlavə tədbirlər haqqında" 16 yanvar 1989-cu
il tarixli fərmanının I maddəsinə uyğun olaraq o,
reabilitasiya olunmuş hesab edilmişdir.
Rəhman SALMANLI
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.6.