Azərbaycan tarixən müxtəlif xalqların və din

nümayəndələrinin birgə yaşadığı məkan olub

 

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

 

Biz onlarca millətin nümayəndələrinin, həmçinin müxtəlif din daşıyıcılarının mehribançılıq və dostluq şəraitində yaşadığı Azərbaycanın vətəndaşı olmaqdan qürur duyuruq. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin bir ölkə kimi deyil, həm də bəşəriyyətin humanizm prinsiplərinə sadiq, tolerantmultikultural ölkə kimi tanınmaqdadır. Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, lakin buna baxmayaraq bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud idi. Bu gün isə reallıq odur ki, multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzinə çevrilmişdir.

Son dövrlərdə Azərbaycanın əldə etdiyi uğurlar, həyata keçirilən inkişaf siyasəti, öz növbəsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsinə səbəb olub. Artıq dörd ildir paytaxtımızda keçirilən Bakı Beynəlxalq Humanitar Forumu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu  məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib.

 Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin bir-birinə çox yaxın qonşuluq  şəraitində yaşadığı məkan olub. Lakin tarixdə heç bir zaman indiki kimi bu ərazidə məskən salan müxtəlif xalqların və dinlərin nümayəndələrini birləşdirən vahid siyasi ideya və dövlətçilik marağı olmayıb.

Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan dövləti xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqisiyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Birmənalı şəkildə qeyd etmək olar ki, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi olmuşdur.

Ulu öndər Heydər  Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına,  inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. 1995-ci ildə bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, ulu öndərin hakimiyyətə qayıdışından sonra qəbul edilən bir cox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. "Mədəniyyət haqqında" qanunun 11-ci maddəsi ilə dövlət Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə önəm verdiyini bir daha sübut etdi. Eləcə də "Təhsil haqqında" qanunda hər kəsin öz dilində təhsil almaq hüququ və ayri-seçkiliyə yol verilməməsi məsələsi öz əksini tapdı. Bu məqsədlə milli azlıqların məskunlaşdığı Azərbaycanın bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açıldı, ölkənin radioteleviziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanması ənənəsi qoyuldu. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərməyə başladı. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunmağa başladı.

Ümummilli lider Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində demişdir: "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən  bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar..."

Ulu öndərin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb. Azərbaycan Avropa Şurasına üzv qəbul olduqdan sonra "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına,  Regional dillər arasında Çərçivə Konvensiyasına qoşuldu.

2001-ci il noyabrın 1-də Prezident Heydər Əliyev Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycanın qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilkin hesabatın hazırlanması və təqdim edilməsi barədə sərəncam imzaladı. Sərəncamla Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycanın öz öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ilkin hesabatın hazırlanması üçün İşçi qrupu yaradıldı. Hazırlanıb beynəlxalq quruma təqdim olunan "Milli azlıqların hüquqlarının qorunması üzrə Azərbaycan hökumətinin hesabatı" Avropa Şurası tərəfindən müsbət qarşılandı. Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir problemin olmadığını birmənalı şəkildə qeyd etdilər.

2002-ci ilin oktyabrında Strasburqda Avropa Şurasının baş katibi Valter Şvimmerin iştirakı ilə Azərbaycanda milli azlıqlarla bağlı dövlət siyasəti məsələsinə həsr olunmuş ayrıca müzakirələr aparıldı. Müzakirələr nəticəsində Azərbaycanın milli siyasətini bəyənən və müsbət qiymətləndirən Avropa Şurası bu səpkidə müzakirələrin digər dövlətlərin də iştirakı ilə aparılmasına qərar verdi. Hətta Azərbaycanın milli azlıqlarla bağlı yürütdüyü siyasətin və bu sahədə əldə olunan təcrübənin başqa dövlətlər üçün də gərəkliliyi vurğulandı.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada  maddiqeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi kurs, yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda demişdir: "Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizimin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamafobiyaantisemitizm ola bilər."

Prezident İlham Əliyevin təşəbbüsü sayəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilmişdir. Artıq paytaxtımız qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Təsadüfi deyil ki, cənab Prezidentin sərəncamı ilə 2014-cü il fevral ayının 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət Müşavirliyi təsis edildi. Eyni zamanda multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, bu il may ayının 15-də Bakı şəhərində Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək olan beynəlxalq mərkəzin məhz Bakı şəhərində yaradılması bu sahədə həyata keçirilən dövlət siyasətinin məntiqi davamıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məqsədi tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaqqorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr gerçəkləşdirməkdir. Eyni zamanda Azərbaycan və dünya multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilməsi, multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmişmüasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq kimi nəcib fəaliyyətləri öz vəzifələrinə daxil etmişdir. Bu istiqamətlərdə müxtəlif layihələr həyata keçirən dünyanın məşhur universitetləri, elm ocaqları ilə birgə milli, dini, elmi, sosial mahiyyət kəsb edən, gələcək dünya düzənində əsas söz sahibi olacaq bugünkü gənc nəslin doğru-düzgün formalaşdırılması üçün layihələr həyata keçirilməsi də bu mərkəzin məqsəd və məramına daxildir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması dostlarımızı çox sevindirir və inanırıq ki, planetimizin sülh şəraitində yaşaması, humanizm dəyərlərinin qorunması naminə ölkəmizin, eləcə də dünyanın tanınmış ictimai-siyasi xadimləri, elm-sənət adamlarının mənəvi dəstəyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz məqsədinə çata biləcəkdir.

   

Azad MƏMMƏDOV,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

Azərbaycan.-2014.- 16 noyabr.- S.7.