Moskvalı alim Azərbaycanın ali məktəblərində mühazirə oxuyacaq

 

Azərbaycan Texniki Universitetində (AzTU)  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) dosenti Valeriya Smolenenkova ilə görüş keçirilib.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə AzTU-nun Azərbaycan dilipedaqogika kafedrasının dosenti Gülşən Rzayeva qonağı tədbir iştirakçılarına təqdim edib, onun elmi fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, V.Smolenenkova uzun illərdir  MDU-da natiqlik sənəti mövzusunda tədqiqatlar aparır, bu sahədə bir sıra dərslik və dərs vəsaitinin müəllifidir.

V.Smolenenkova natiqlik sənətinin tarixindən, nitq mədəniyyəti ilə bağlı elmi axtarışlarından, müəllifi olduğu əsərlərin qayəsindən söz açıb. Moskvalı qonaq Azərbaycanın ali məktəblərində natiqlik mədəniyyəti mövzusunda vaxtaşırı silsilə mühazirələr oxuyacağını vəd edib.

Sonda V.Smolenenkova iştirakçıların suallarını cavablandırıb.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.6.