Maddi-mənəvi
xəzinə: əsrlərin yadigarları
Bu sərvətlər Qəbələ
tarix-diyarşünaslıq muzeyində qorunur
Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçib. Hazırda ölkəmizdə 180 muzey fəaliyyət göstərir. Belə maddi-mənəvi sərvətlərin qorunduğu mədəniyyət ocaqlarından biri də Qəbələ rayon tarix-diyarşünaslıq muzeyidir.
Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Xalis Məmmədovun sözlərinə görə, burada Qafqazın ilk dövləti olan Albaniyanın paytaxtı Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur: "Qəbələ Azərbaycanın ən qədim diyarlarından biridir. Bunu rayonun tarix-diyarşünaslıq muzeyində saxlanılan eskponatlar, arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları da təsdiqləyir. Bu mədəniyyət ocağı ölkəmizin qabaqcıl muzeyləri, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq edir. Burada tədqiq, təbliğ, mühafizə olunan arxeoloji materiallar əsasında çoxsaylı namizədlik və doktorluq işləri yazılıb".
2004-cü ilin aprel ayından muzey əsaslı təmir olunaraq yeni binaya köçürülüb. Buradakı eksponatların əksəriyyəti tarixin daş yaddaşı hesab olunur.
Dövlət başçısı cənab İlham Əliyev Qəbələyə səfəri zamanı tarix-diyarşünaslıq muzeyində olub, Qafqaz Albaniyası dövrünə aid eksponatlara maraqla baxaraq, onları yüksək qiymətləndirib, Azərbaycanın qədim tarixə malik olmasını sübut etdiyini bildirib.
Qəbələ respublikamızın ən gözəl guşələrindən biri olduğundan, bu rayona son illər dünyanın demək olar ki, ən böyük və məşhur şəhərlərindən, mədəniyyət mərkəzlərindən çoxlu sayda tanınmış qonaqlar gəlir. Burada keçirilən beynəlxalq musiqi festivalları və yerli müsabiqələr də muzeyin ziyarətçilərinin sayının artmasında mühüm rol oynayır. Onlar mütləq tarix-diyarşünaslıq muzeyinə baş çəkir, buradakı nadir eksponatlara heyranlıqla tamaşa edirlər. Muzeyin xatirə kitabını vərəqlədikcə buraya kimlərin gəlməsi bir daha aydın olur. Rəy kitabında ölkəmizin tanınmış elm və sənət xadimləri ilə yanaşı, xarici qonaqlardan Tur Heyerdal, Oljas Süleymenov, Qətər dövlətinin müdafiə naziri Həməd Bin-Əli Əl-Atiyyənin, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Rino Harnişin, Misir, İran, Litva və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərmiş səfirlərinin ürək sözlərini oxuduqca bir daha şahidi olursan ki, muzey çox dəyərli və qədim tarixə malik eksponatlarla zəngindir.
Muzeyin 900 kvadratmetrlik binası, Heydər Əliyev xatirə otaqları, 13 ekspozisiya zalı, fondu, şəkil qalereyası, zəngin elmi kitabxanası, qədim daş abidələrdən açıq səma altında təşkil olunmuş (bir hektar sahədə) sərgi meydançası var.
Maddi-mənəvi xəzinə xalqın, millətin varlığını, mövcudluğunu qoruyub saxladığı və təsdiqlədiyi üçün əvəzsizdir, Qəbələ tarix-diyarşünaslıq muzeyində məhz belə sərvətlər qorunur.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.6.