Binəqədi və Nəsimi məktəbliləri Şimal bölgəsinə ekskursiyaya Quba rayonundan başlayıblar

 

Bakının Binəqədi və Nəsimi rayonundan olan məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 14-də Qubaya gəliblər.

AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə yollarının üzərində yerləşən “Şabran şəhəri” tarixi qoruğunda olublar. Onlara məlumat verilib ki, əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran Azərbaycanın möhtəşəm qədim şəhərlərindəndir. Məktəblilər qədim şəhərin qalıqları ilə tanışlıqdan məmnun qalıblar.

Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya başlayan məktəblilər Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında mehribanlıqla qarşılanıblar.

Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, dördmərtəbəli mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılıb. Daha sonra məktəblilər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.

Binəqədi və Nəsimi rayonundan olan IX-XI sinif şagirdləri noyabrın 17-dək Quba, QusarXaçmaz rayonlarının görməli yerləri, tarixi abidələrinə ekskursiya edəcək, təbiəti ilə yaxından tanış olacaqlar.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.7.