Tarixə dərin ehtiramla

 

Bir mötəbər yazıçı dostumuz həmişə deyərdi ki, jurnalist Rəhman Salmanlı şair Əhməd  Cəmil kimidir. Az yazır, amma gözəl yazır. Rəhman indi rəsmi dövlət qəzetində işləyir. Müntəzəm yazmalıdır, özü də müxtəlif mövzularda. Yazır da! Amma onun bir daimi, bir doğma mövzusu da var. Repressiya qurbanları! Öz vaxtında qiymətini almayan, doğma yurd-yuvasından didərgin düşən, mənliyinə, milli təfəkkürə görə təqiblərə, işgəncələrə məruz qalan oğulları, nəsilləri axtarıb taparaq bugünün oxucularına təqdim  edir.

Tədqiqatçı-jurnalist müntəzəm surətdə arxivləri araşdırır, o dövrün şahidləri ilə  görüşür, cəfakeş insanların illər boyu qara rəngə bürünmüş ömür yollarına işıq salır,   olanları üzə çıxarır, həqiqətlərə aydınlıq gətirir. R.Salmanlının elmi axtarışları da  nakam taleli Əhməd Cavad haqqında olub, çox dəyərli elmi əsərə görə o, filologiya  üzrə fəlsəfə doktoru adını alıb.

Təzəlikcə oxuculara təqdim olunan "Ramazan  oğulları" (Bakı-2014.240. s.) kitabı  xüsusi əhəmiyyət kəsb edir. Burada ötən əsrin keçid dövründə fəaliyyət göstərmiş   Şəmkir qaçaqlarının başçıları Ramazan oğullarının fəaliyyəti ətraflı şərh olunur. Ramazan oğulları sadəcə məişət qayğıları, şəxsi inciklik, qərəz-qisas yolunda qaçaq  düşməyiblər. Onların məqsədi, amalı çox genişdir. R.Salmanlı Gəncəbasarda coşqun vüsət almış milli hərəkatın önündə gedən insanların həyat yolunu, cəfakeş talelərini  dövrün ictimai-siyasi olayları fonunda təqdim edir.

Ramazan oğulları Şəmkir rayonunun Qaracəmirli kəndində doğulub boya-başa  çatıblar. Ramazan kişi əslən Göycə mahalındandır. Düşmənli olduğuna görə xəlvəti  Qazağa  köçüb, oradan da Qaracəmirliyə gəlib. Ailədə beş uşaq - dörd qardaş, bir bacı  olublar: Əmiraslan, Rüstəm, Təhməz, Alməmməd  və bacıları Leyli.

Gündəlik sadə həyatları ilə yaşayan bir ailənin dövrün amansız zərbələri  sayəsində vulkan kimi coşduğu, insani hüquqları naminə mərdanə mübarizə apardıqları real faktlarla təsvir edilir. Böyük qardaş Əmiraslan qan davasına görə Sibirə  göndəriləndə ailənin bütün ağırlığını Rüstəm çəkməli olur. Xeyirxahlıq üzündən  Rüstəmin də başı əngələ düşür. Kasıb bir oğlan kimi tanınan həmkəndlisi Qənbərə   əkin-biçin üçün öz torpağında yer verir. Qədirbilməz Qənbər isə sürgündə olan  Əmiraslanın torpağına yiyələnir. Mübahisə, münaqişə böyüyür. Qəlbisınıq Rüstəm  nadan Qənbəri güllələyir və evindən-eşiyindən qaçaq düşür.

Azərbaycan xalqının müstəqillik tarixində xüsusi yeri olan 1918-ci il olayları, iyirmi gündən artıq davam edən "Şəmkir davası", cəbhədən qayıdan rus ordusunun tərksilah  edilməsi, zirehli qatarın ələ keçirilməsi, 1920-ci il Gəncə üsyanı, Keçili qiyamı,  1930-cu il "Bitdili imamı", yerli əhalinin rus imperiyasının bolşevik-erməni silahlı  birləşmələrinin işğalçılıq siyasətinə qarşı etiraz aksiyaları və bu coşqun hadisələrdə  Ramazan oğullarının roluyeri geniş  şərh olunur.

Ramazan oğullarının taleyi dövrün təzadlı günlərinə təsadüf edir. Ötən əsrin ilk  illərində aləm bir-birinə qarışmışdı. Gəncəbasar qaynar qazana dönmüşdü. Burada məskən salan bolşevik əsgər və zabitləri ermənilərlə birləşərək milləti abırdan salır, qız-gəlinə sataşır, zorakılıq edir, talan və qarətlərlə məşğul olurdular.

"Şəmkir davası"ndan sonra Rüstəmin və onun dəstəsinin hörməti birə-beş artır. Dəli  Alı, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən, Qaçaq Məmmədqasım kimi  vətənpərvər oğullar onların başına yığışır, ümumi düşmənə qarşı birgə mübarizə  aparırlar.     

Rəhman Salmanlının kitabındakı faktlardan görünür ki, Ramazan oğulları mərd  olublar, qeyrətli, ədalətli olublar. Çətin anda düşmənə də əl tutublar, hökumət adamları arasında bir-birini qoruyublar. Günlərin birində Rüstəm çoxdan məqam gözlədiyi, ədavətli olduğu həmkəndlisini öldürmək üçün onun işlədiyi sahəyə gedir. Görəndə ki arvadı yanındadır, ona dəymir, çıxıb gedir. Başqa bir fakt da  maraqlıdır. Ramazan oğlu Rüstəm Allahverdi adlı bir nəfərlə qan düşməni idi. Günlərin  birində rastlaşırlar. Görür ki, bir vaxtı firavan yaşayan Allahverdi bolşeviklər var- dövlətini əlindən alandan sonra "yesir günü"nə düşüb. Rüstəm belə vəziyyətdə ona atəş  açmır.

- Allahverdi - deyir: - Mən səninlə bu görkəmdə haqq-hesab çəkə bilmərəm. Sənə  bir araba taxıl, bir cüt öküz, üç sağmal inək göndərəcəm. Ailənin güzəranı   düzəlsin. Hesabımız isə hesab olaraq qalır. Nə vaxt hazır olsan, onda xəbər  göndərərsən, mən hazır!

Ramazan oğulları hər cür hədə-qorxulara, dövlət orqanlarının barışıq təkliflərinə  məhəl qoymur, öz əqidələri uğrunda son damla qanlarına kimi mübarizə aparırlar. 1931-ci ilin qışında Ceyrançöldə döyüşlərdən birində Rüstəm ağır yaralanır. Onu Gəncənin   mərkəzindəki Sərdar bağında çinar ağacına bağlayır, əhaliyə bilet satılaraq "vida görüşü" təşkil edirlər. 1932-ci ilin payızında isə qardaşı Qaçaq Təhməzin meyitini  Şamxorda milis idarəsinin darvazasına bağlayıb, görk üçün bir neçə gün saxlayırlar. "Şura hökumətinə qarşı çıxanların axırı budur!" - deyə camaatı kəndlərdən yığıb dəstə-dəstə tamaşasına gətirirlər. Digər qaçaqlar da hökumət qüvvələri tərəfindən məhv   edilir. Sonra da illər boyu onların qohumları, nəvə-nəticələri təqib  olunur...

Çətin günlərin bu cür cəfakeşlərini unutmaq olarmı? Hadisələri diqqətlə araşdıran  yazıçı-publisist Rəhman Salmanlı yana-yana yazır ki, nə Rüstəmin, nə Təhməzin, nə "Eşelon davası"nda rus ordusu əsgərlərinin gülləsinə tuş gələn Eminli Tanrıverdinin, nə  də digər cəsur oğulların qəbirlərinin yeri məlum olur. Onların adları heç yanda  anılmır, vətənin cəsur oğullarının, bu istiqlal mübarizlərinin şərəfinə xatirə abidələri  ucaldılmır. Azərbaycan tarixində 1918-ci il olaylarının, "Şamxor davası"nın, 1920-ci  ildən ta 1930-1931-ci illərə kimi sovetləşməyə qarşı baş verən kəndli üsyanlarının, "Bitdili imamı"nın və digər olayların əsl səbəbləri araşdırılmır. Gecolsa, onlara  siyasitarixi qiymət verilməlidir. Azərbaycanın müstəqillik uğrunda mübarizə   tarixinə qızıl hərflərlə yazılmalı olan bu kimi hadisələr tarixçi-tədqiqatçıların yolunu gözləyir.

"Ramazan oğulları"nı oxuduqca xalqın hər bir oğluna, hər bir qızına layiqli  qiymət verən ulu öndər Heydər Əliyevin müdrik sözləri bir daha yada düşür: "XX əsr xalqımız üçün çox müsibətli əsr olmuşdur. Gərək onu doğru-dəqiq, nə cür, necə olubsa,  elə də yazaq. Bunların hamısı həm xalqımızın özünü tanıması, həm də bugünkü  siyasətimiz üçün lazımdır".

Tarixə dərin ehtiramla yazılan "Ramazan oğulları"nın məğzi-məqsədi, amalı-ideyası  da məhz elə budur.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 16 noyabr.- S.8.