Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi uğurla başa vurub

 

Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi Belçikaya təhvil verməsi ilə əlaqədar Strasburq şəhər bələdiyyəsinin binası qarşısında bayraqqaldırma mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni mərasimdə çıxış edərək 6 aylıq sədrliyi uğurla başa vurduğuna görə Azərbaycana təşəkkür edib. O bildirib ki, Azərbaycan sədrliyi dövründə çox önəmli sahələrə diqqət yetirib. İdman oyunlarının manipulyasiyasına dair Konvensiya məhz Azərbaycanın sədrliyi dövründə imzalanıb.

Xarici işlər naziri Elmar Məmmədyarov çıxışında bildirib ki, Azərbaycan 6 aylıq sədrliyi müddətində Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərib. Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub. Eyni zamanda, sədrlik dövründə korrupsiyaya qaşı mübarizə, müxtəlif mədəniyyətlər arasında dialoqun gücləndirilməsi, gənclər və təhsil məsələləri də prioritetlər arasında olub. Nazir qeyd edib ki, Azərbaycan sədrliyin üstünlüklərindən istifadə edərək Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinə dəstək verib. Sədrlik dövrünün, həmçinin Avropa Şurasının Nazirlər Komitəsi və Parlament Assambleyası arasında sıx qarşılıqlı əlaqə ilə yadda qaldığını deyən E.Məmmədyarov Prezident İlham Əliyevin Assambleyanın iyunda keçirilən sessiyasındakı nitqini xatırladıb. Nazir vurğulayıb ki, Azərbaycan sədrliyin başa çatmasından sonra da BelçikaBosniyaHerseqovinaya ümumi prioritetlərin həyata keçirilməsində dəstək verməkdə davam edəcək.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S. 5.