Bakı 2015 Avropa Oyunlarının səfirlər üçün təqdimatı keçirilib

 

Noyabrın 14-də Bakıda 70-dən artıq ölkənin səfiri üçün birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakının Avropa Oyunlarına hazırlığından danışıb.

Bildirib ki, gələn il keçiriləcək Avropa Oyunları müxtəlif ölkələrlə əlaqələrin inkişafında böyük rol oynayacaq. 2015-ci ilin iyun ayında 17 gün ərzində keçiriləcək yarışlarda Avropanın 6 mindən çox atleti idmanın 20 növü üzrə yarışlarda iştirak edəcək.

Qeyd edilib ki, Azərbaycan müxtəlif beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Hazırda Avropa Oyunlarına hazırlıq məqsədilə 18 idman kompleksindən 12-si artıq tikilibbu davam etdirilir.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxış edərək Bakıda Avropa Oyunları ilə bağlı istifadəyə verilən və hazırda tikilməkdə olan obyektlər barədə məlumat verib. O, Avropa Oyunlarını televiziya kanallarında nümayiş etdirəcək ölkələri də qeyd edib.

Sonda Avropa Oyunları ilə bağlı film nümayiş olunub.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.5.