Qarabağ bölgəsinə ekskursiya məktəblilərə vətənpərvərlik
hisslərinin aşılanmasında
mühüm rol oynayır
“Ölkəmizi
tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici
tur-aksiyaların ikinci mərhələsi çərçivəsində
Qarabağ bölgəsinə ekskursiya edən Nərimanov və
Qaradağ rayonlarının ümumtəhsil məktəblilərinin
IX-XI sinif şagirdləri noyabrın 15-də Ağdam rayonuna gəliblər.
AzərTAc xəbər verir ki, rayonun girişində məktəbliləri ictimaiyyətin nümayəndələri qarşılayıblar. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov rayonun tarixi, coğrafi mövqeyi, mədəniyyəti, müharibə nəticəsində dəymiş ziyan, son illərdə həyata keçirilən sosial-iqtisadi inkişaf barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 77,4 faizini – bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan edib, dağıdıb və yandırıbdır. Rayon ərazisindəki mədəniyyət və memarlıq abidələri də erməni vandalizminin qurbanına çevrilib. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qeyd olunub ki, Ağdam rayonunun işğal olunmayan ərazilərinin inkişafı ilə bağlı son illərdə böyük işlər görülüb. Sosial obyektlər, məktəblər, Olimpiya İdman Kompleksi, rayon xəstəxanası, doğum evi, uşaq xəstəxanası tikilib, məcburi köçkünlər üçün 18 yeni qəsəbə salınıb, yollar yenidən qurulub, infrastruktur layihələri həyata keçirilib.
Məktəblilər Şəhidlər abidə kompleksini ziyarət etdikdən sonra Quzanlı qəsəbəsinə gəliblər. Heydər Əliyev Parkında torpaqlarımızın müdafiəsində dayanan hərbçilərlə görüş məktəblilərin vətənpərvərlik hisslərinin yüksəldilməsi baxımından əhəmiyyətli olub. Bildirilib ki, gündən-günə qüdrətlənən Azərbaycan ordusu torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanıb. Ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır.
Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüb, Ağdam Dram Teatrında rayonda fəaliyyət göstərən “Şur” ansamblının konsertinə baxıblar. Məlumat verilib ki, “Şur” ansamblı nəinki Ağdam rayonunda, eləcə də respublikamızın digər bölgələrində, həmçinin keçmiş SSRİ məkanında konsert proqramları ilə çıxış edib, muğam, təsnif və xalq mahnılarımızın gözəl ifası ilə böyük rəğbət qazanıb. Muğam və xalq mahnılarımızın mahir ifaçıları Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Məmmədova, Aygün Bayramova, Cabir Abdullayev, Feyruz Səxavət, Əbülfət Əliyev, Qədir Rüstəmov, Şahmalı Kürdoğlu, Səxavət Məmmədov və digər xanəndələr böyük səhnəyə “Şur” ansamblından gəliblər. Qeyd olunub ki, Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra 20 ilə yaxın bir müddətdə fəaliyyətsiz qalan “Şur” ansamblı bir neçə ildir öz fəaliyyətini yenidən bərpa edib.
Şagirdlərə uşaq xor kollektivlərinin konsertinin və Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş disk təqdim edilib.
Şagirdlər ekskursiyanı məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində fəaliyyət göstərən Qiyaslı kənd uşaq musiqi məktəbində davam etdiriblər. Məktəbin xor kollektivinin ifası onlarda xoş ovqat bəxş edib. Qonaqlar burada ağdamlı məktəblilərlə birgə xatirə şəkli çəkdiriblər.
Daha sonra Çəmənli kəndinə gələn tur-aksiya iştirakçıları Qarabağın tanınmış seyidlərindən olan Seyid Lazım Ağanın məqbərəsini ziyarət ediblər.
Qrup rəhbəri Niyazi Əliyev AzərTAc-a müsahibəsində deyib: “Şagirdlər səfər zamanı böyük bir hissəsi işğal altında olan Füzuli və Ağdam rayonları haqqında geniş məlumat aldılar. Cəbhə bölgəsində yaşayan insanlarla təmasda oldular, Vətənimizin keşiyində dayanan hərbçilərlə görüşdülər, Bayraq Meydanı və Şəhidlər abidə kompleksini ziyarət etdilər. Tur-aksiya şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq”.
Nərimanov
rayonunda yerləşən 202 nömrəli tam orta məktəbin
9-cu sinif şagirdi Nilufər Mirzəzadə səfər təəssüratlarını
belə ifadə edib: “Ölkəmizi tanıyaq” layihəsində
iştirak etdiyimə görə çox sevinirəm. Azərbaycanın bir sıra yerlərində
olsam da, Qarabağ bölgəsində
olmamışdım. Ölkəmizin bütün
regionları kimi, cəbhə bölgəsində
yerləşən rayonların da sürətli
inkişafı, burada əhalinin Vətən
sevgisi, heç nədən
qorxmadan, qurub-yaratmaq eşqi ilə yaşaması Azərbaycan gənci
kimi məni çox sevindirdi. Biz məktəblilərə
ölkənin müxtəlif regionlarına səyahət etmək
imkanı yaratdığına görə dövlətimizin
başçısına minnətdarlığımı
bildirirəm”.
Azərbaycan.-2014.- 16 noyabr.- S.11.