“ADA” Universitetində
IV beynəlxalq tələbə
festivalı keçirilib
Noyabrın 14-də “ADA” Universitetinin Tələbə
Mərkəzində IV Beynəlxalq
Tələbə Festivalı
keçirilib. Artıq ənənəyə çevrilmiş bu festivalda xarici dövlətlərin ölkəmizdə
akkreditə edilmiş
səfirliklərinin nümayəndələri,
beynəlxalq təşkilatların
əməkdaşları, habelə
azərbaycanlı və
xarici tələbələr,
jurnalistlər iştirak
ediblər.
“ADA” Universitetinin
Tələbə Mərkəzinin
foyesində təşkil
olunmuş böyük
sərgidə xarici dövlətlərin səfirlikləri
və Azərbaycanda təhsil alan
əcnəbi tələbələr
stendlər tərtib edərək öz ölkələrinin milli mədəniyyətlərini, kulinariyasını,
kitablar, bukletlər, prospektlər şəklində
çap məhsullarını
nümayiş etdiriblər.
Sərgidə müxtəlif xalqların
musiqisi səslənib,
tələbələr milli
rəqslər ifa ediblər. Festivalda
40-dan çox ölkənin,
o cümlədən Rusiya,
Gürcüstan, Ukrayna,
Orta Asiya respublikalarının, Baltik
ölkələri, habelə
uzaq xaric – Argentina, Avstriya, Yunanıstan, Çin, İndoneziyanın
nümayəndələri iştirak
ediblər.
Sonra Tələbə Mərkəzinin
auditoriumunda konsert olub. Tədbirdən əvvəl
“ADA” Universitetinin vitse-rektoru
Fariz İsmayılzadə
çıxış edərək
bildirib ki, bu festivalın keçirilməsində məqsəd
azərbaycanlı tələbələri
müxtəlif ölkələrin
mədəniyyətləri ilə tanış etmək, gələcək
ixtisaslarını və
öyrənmək üçün
xarici dilləri seçməkdə onlara yardımçı olmaq, habelə öz yaşıdları ilə
ünsiyyət, dostluq
münasibətləri qurmaq
üçün şərait
yaratmaqdır. Vitse-rektor əmin
olduğunu bildirib ki, festival həm də xalqlar arasında dialoqa kömək edəcək.
Milli geyimli azərbaycanlı və əcnəbi tələbələr
müxtəlif xalqların rəqslərini ifa
ediblər. Bu çıxışları
böyük maraqla
qarşılayan tamaşaçılar ifaçıları
ürəkdən alqışlayıblar.
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.5.