Ədliyyə naziri Qubada Şimal bölgəsindən olan vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 14-də ədliyyə naziri Fikrət Məmmədov Quba Rayon Məhkəməsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər məsələlər ilə bağlı müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Bəzi müraciətlərlə bağlı nazirliyin qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.5.