Sosial şəbəkələrdə
sağlam gənclik uğrunda
Noyabrın 14-də Azərbaycan
Texniki Universitetində (AzTU) “Sosial şəbəkələrdə
sağlam gənclik uğrunda” layihəsinin təqdimatı
keçirilib.
Universitetin mətbuat xidmətindən
AzərTAc-a bildiriblər ki, layihənin məqsədi gənclərin
sosial şəbəkələrdən səmərəli istifadə
etmələrinə kömək göstərməkdir.
Tədbirdə AzTU-nun beynəlxalq əlaqələr
üzrə prorektoru, professor Mustafa Babanlı layihənin
informasiya cəmiyyətinin tələblərinə uyğun
sağlam, savadlı, vətənpərvər gənc nəslin
təlim və tərbiyəsində əhəmiyyətini qeyd
edib.
Layihənin rəhbəri,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Şahzadə
Mədətova layihə ilə bağlı geniş
məlumat verib. O, bu cür layihələrin dəstəklənməsini
ölkəmizdə istedadlı və yaradıcı gənclərə
olan diqqətin nəticəsi kimi qiymətləndirib. Bildirilib ki,
bu gün insanların
həyatında mühüm rol oynayan sosial
şəbəkələr ictimai rəyin
formalaşmasında, informasiya tələbatının
ödənilməsində xüsusi əhəmiyyət
kəsb edir. İnternetdə Azərbaycanın
informasiya resurslarının zənginləşdirilməsi,
qloballaşma və virtuallaşma
mühitində, o cümlədən sosial şəbəkələrdə milli maraqlarımızın qorunmasında gənclərimizin
üzərinə böyük vəzifələr
düşür.
AzTU-nun
baş müəllimi Rasim
Abdullayev internetin, sosial şəbəkələrin
üstünlüklərindən, eləcə də neqativ təsirlərindən söz
açıb. Qeyd olunub
ki, sosial şəbəkələr
yeniyetmə və gənclərin bilik və
informasiya əldə etmələri üçün yeni imkanlar yaradır. Bununla belə,
sosial şəbəkələrdə informasiya təhlükəsizliyi, şəxsi
həyatın toxunulmazlığı, fərdi məlumatların
qorunması, zərərli ideyaların yayılması kimi problemlər də meydana
çıxa bilər. Gənclər bu cür problemlərdən xəbərdar
olmalı, internetin zərərli təsirlərindən
qorunmağı bacarmalıdırlar.
Sonda tələbələrin
layihə ilə bağlı sualları
cavablandırılıb.
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.4.