Bakıda Azərbaycan
Rus İcmasının IV qurultayı keçirilib
Noyabrın 14-də Səməd
Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında
Azərbaycan Rus İcmasının IV qurultayı
keçirilib.
AzərTAc xəbər verir ki,
qurultayı Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin
deputatı Mixail Zabelin açıb.
O qeyd edib ki, qurultay ərəfəsində
icmanın bütün şəhər və rayon təşkilatlarında
hesabat-seçki yığıncaqları keçirilib,
yığıncaqlarda Azərbaycan Rus İcmasının tərkibinə
daxil olan 40 təşkilatdan 310 nümayəndə
seçilib.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin qurultayın fəxri nümayəndələridir.
Azərbaycan Respublikasının
Dövlət Himni səslənib.
M.Zabelin qurultayın gündəliyini
və katibliyin tərkibini elan edib.
Azərbaycan Respublikasının
Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qurultay
iştirakçılarına təbrik məktubunu oxuyub (məktubun
mətni qəzetin bugünkü nömrəsində dərc
edilir).
Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin qurultay nümayəndələrini salamlayıb.
Rusiyalı diplomat Rus İcmasına
göstərilən böyük diqqətə
görə Azərbaycan hökumətinə və xalqına təşəkkürünü
bildirərək qeyd edib
ki, həmvətənlərin dəstəklənməsi
Rusiya hökumətinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Rusiya bundan sonra da
başqa ölkələrdə, o cümlədən Azərbaycanda yaşayan həmvətənlərlə mədəni
və tarixi əlaqələri davam etdirəcək. V.Doroxin deyib
ki, Azərbaycan tolerantlığın
yüksək səviyyədə olduğu
ölkədir və burada müxtəlif
millətlərdən olan insanlar
respublika hökumətinin köməyi sayəsində
öz identikliyini qoruyub saxlamaq və inkişaf etdirmək imkanına malikdirlər.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Valentin Denisov, Bakı və
Xəzəryanı Yeparxiyanın protoiereyi Sergey Ferştand,
Ümumrusiya Azərbaycanlılar Konqresi sədrinin müavini
İlqar Hacıyev, Xaricdəki Həmvətənlər
Fondunun nümayəndəsi Vladimir Pozdorovkin təmsil etdikləri
qurumlar adından qurultay nümayəndələrinə təbrik
məktublarını oxuyublar.
Moskva Hökumətinin nazir
müavini Yevgeni Yarusov Azərbaycan Rus İcmasının sədri
Mixail Zaberinə, İcmanın sədrinin birinci müavini
Boris Voroninə, Azərbaycanın Rusdilli Ali Məktəblərinin
Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakuninaya,
“Russkiy Azerbaydjan” filminin rejissoru Cavid İmamverdiyevə və
başqalarına Moskva Hökumətinin fəxri fərmanlarını
təqdim edib.
Qurultayda Azərbaycan Rus
İcmasının ötən dövrdəki fəaliyyəti
barədə hesabat dinlənilib, İcmanın Respublika
Şurasının yeni heyəti və rəhbərliyi
seçilib.
Rus İcmasının başçısı Mixail Zabelin hesabat məruzəsində Azərbaycanda yaşayan ruslara göstərilən diqqətə və hörmətə görə Respublika rəhbərliyinə təşəkkürünü bildirib. O, Rus İcmasının həyatında Bakı və Xəzəryanı Yeparxiyanın da böyük rolu olmasını qeyd edib.
M.Zabelin
deyib: “Biz
respublika rəhbərliyinin, Prezident İlham
Əliyevin dövlətimizin müdafiə qabiliyyətinin
möhkəmlənməsinə, ölkəmizin ərazi bütövlüyünün qorunmasına, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
dinc yolla
nizamlanmasına yönəlmiş fəaliyyətini tamamilə
dəstəkləyirik və ümid edirik ki, bu məsələ tezliklə öz
ədalətli həllini tapacaq, Azərbaycan
torpaqları işğaldan azad ediləcək”.
Müasir
Azərbaycanın bütün dünyaya dini
tolerantlıq modeli, millətlərarası
münasibətlərin inkişafının yüksək səviyyəsi
nümunəsi göstərdiyini vurğulayan
M.Zabelin deyib: “Dinlərarası
dialoq daha da güclənir. Multikulturalizm,
dinlərarası dialoq, xalqlarımız
arasında dostluq və qardaşlıq bizim dövlətimizi daha da möhkəmləndirir”.
Azərbaycan Rus İcmasının
başçısı Rusiya universitetlərinə daxil
olmuş tələbələrə göstərilən maddi
köməyə görə Heydər Əliyev Fonduna və
Fondun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü
bildirib.
Rus İcmasının sədri
vurğulayıb ki, ötən qurultaydan sonrakı dövrdə
Bakı şəhərinin Pirallahı rayonunda və Mingəçevir
şəhərində Rus İcmasının təşkilatları
yaradılıb.
İcmanın rəhbəri
deyib: “Bu gün icma 60 mindən çox insanı əhatə edən 46 şəhər,
rayon və regional təşkilatı
birləşdirir. İcmanın strukturuna uyğun olaraq onun 1350 nəfər fəal üzvü
var. Gördüyümüz
kimi, icma iri kütləvi təşkilata çevrilib”.
Qurultay
İcmanın son beş
ildəki fəaliyyətinə yekun vurub.
Qurultayda qəbul edilmiş qətnamədə Rus İcmasının respublika şurasının işi qənaətbəxş hesab edilib. Təşkilatın rus dilinin, rus mədəniyyətinin və ənənələrinin təbliği, gənclərin Rusiya ali məktəblərində təhsil almağa göndərilməsi, “Moskva merinin təqaüdü” layihəsinin həyata keçirilməsi, icmanın təşkilati cəhətdən möhkəmlənməsi üzrə fəaliyyəti müsbət qiymətləndirilib. Qurultayda respublikada rus dilindən istifadə edilməsinin genişləndirilməsi və dərinləşdirilməsi üçün bütün imkanların səfərbər edilməsinin zəruriliyi vurğulanıb. Rusların ölkədə dövlət dili olan Azərbaycan dilini öyrənmələrinə kömək göstərməyin zəruri olması da qeyd edilib. Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə hazırlıq dövründə böyük qələbənin əhəmiyyətinin, faşizmin darmadağın edilməsində sovet ordusunun rolunun təbliğinə yönəlmiş tədbirlər hazırlamaq, müharibə və əmək veteranlarına diqqəti artırmaq, onlara maddi kömək və sosial yardım göstərilməsi. bu şəxslərin müalicəsinin və istirahətinin təşkili üzrə təsirli tədbirlər görmək lazımdır. Respublikanın ictimai təşkilatları, milli və mədəni mərkəzlər, həmvətənlər təşkilatları ilə daha sıx əlaqə yaratmağın zəruriliyi vurğulanıb.
M.Zabelin
yekdilliklə qarşıdakı beş il üçün
İcmanın sədri seçilib.
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.2.