Mərkəzi
Seçki Komissiyasının iclası keçirilib
Noyabrın 14-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildiriblər ki, əvvəlcə
Komissiyanın 2014-cü il noyabrın 12-də
keçirilmiş iclasının protokolu təsdiq edilib.
İclasda
2014-cü il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkilərində
aşağı seçki
komissiyalarının üzvləri üçün
treninqlərin təşkili məsələsi müzakirə olunub. Qeyd edilib ki, Mərkəzi
Seçki Komissiyası seçki
subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində
aşağı seçki komissiyaları
üzvlərinin peşəkarlıq səviyyəsinin və iş təcrübəsinin
artırılması üçün
2002-ci ildən etibarən müxtəlif beynəlxalq təşkilatlarla
əməkdaşlıq şəraitində treninq layihəsi gerçəkləşdirir.
MSK Katibliyinin bu sahədə təcrübə
qazanmış əməkdaşlarından ibarət Treninq qrupu tərəfindən
aparılan treninqlər əyani vəsaitlərdən və
seçkilərə dair konkret
sənəd nümunələrindən istifadə edilməklə
praktiki məşğələlər
şəklində keçirilir. Komissiya illərdən
bəri formalaşmış ənənə nəticəsində
əldə olunmuş təcrübəni
və treninqlərin maarifləndirmə prosesindəki əhəmiyyətini
vurğulayaraq, bələdiyyə
seçkilərində aşağı seçki
komissiyaları üzvlərinin öz vəzifələrinin
öhdəsindən peşəkarlıqla gəlmələri,
onların işgüzar vərdişlərinin
artırılması üçün 2 mərhələli
treninqlərin keçirilməsinə qərar verib.
Qərara əsasən, treninqlərin birinci mərhələsində 2014-cü il noyabrın 17-dən başlayaraq
bələdiyyə seçkiləri keçiriləcək seçki dairələri dairə seçki komissiyalarının hər birindən
2 nəfər olmaqla Bakı şəhərində
4 günlük “Trenerlər üçün treninq”,
ikinci mərhələdə
isə noyabrın 25-dən etibarən yerlərdə
aşağı seçki
komissiyalarının bütün üzvləri
üçün hər qrupa
36 nəfərədək komissiya üzvü cəlb edilməklə
formalaşmış təcrübəyə uyğun
treninqlər keçiriləcək. Qeyd
etmək lazımdır ki, ümumilikdə
bu treninqlərdə 30 mindən çox aşağı seçki
komissiyaları üzvlərinin iştirakı nəzərdə
tutulur.
İclasda 2014-cü il dekabrın
23-nə təyin edilmiş bələdiyyə seçkiləri
ilə əlaqədar mövcud bələdiyyələr
üzrə seçki bülleteninin mətni və forması təsdiq
edilib, ümumilikdə 4976302 (dörd milyon doqquz yüz
yetmiş altı min üç yüz iki) seçki
bülleteninin mətbəə üsulu ilə
hazırlanması qərara alınıb.
Komissiyanın iclasında bu il
keçiriləcək bələdiyyə seçkilərində
Müasir Müsavat Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması məsələsi
müzakirə edilib və həmin partiya tərəfindən
təqdim olunmuş şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alınıb.
MSK-nın qərarı ilə bəzi
seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər
edilib.
İclasda cari məsələlərə
də baxılıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri
iclasda iştirak ediblər.
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.4.