23 dekabr 2014-cü ilə təyin edilmiş
bələdiyyə seçkilərində dairə seçki komissiyalarının trenerləri və
aşağı seçki komissiyaları
üzvləri üçün treninqlərin
təşkilinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 9/50
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin, habelə digər seçki subyektlərinin seçki prosesində fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə öz səlahiyyətləri daxilində mütəmadi olaraq müxtəlif səpkili maarifləndirmə layihələri və tədbirləri həyata keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı və 27 dekabr 2011-ci il tarixli sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə" və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində" Milli Fəaliyyət Plan və Proqramlarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar aşağı seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların daha səmərəli təşkilinə nail olunmuş, prosesin davamlılığının təmin edilməsi və keyfiyyətinin daha da artırılması üçün sanballı hüquqi zəmin yaranmışdır.
Əyani vəsait və proqramlardan istifadə olunmaqla, 36 nəfərdən çox olmayan qruplara bölünən aşağı seçki komissiyaları üzvləri üçün müxtəlif beynəlxalq qurumlarla birlikdə yerlərdə təşkil edilmiş treninqlərin tətbiqinə dair təcrübənin əsası hələ 2002-ci ildən qoyulmuş, sonradan hər dairə seçki komissiyasından 2 nəfər olmaqla bu sahədə ixtisaslaşmış trenerlərin hazırlanması ilə daha da təkmilləşmişdir.
Hazırda maarifləndirmə sahəsində istiqamətverici hüquqi aktların seçki komissiyalarına aid olan hissədə icrasının təmin edilməsi və cari il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə, müxtəlif yerli və beynəlxalq subyektlər tərəfindən səmərəli maarifləndirmə vasitəsi kimi yüksək qiymətləndirilmiş və praktikada özünü doğrultmuş bu təcrübənin davam etdirilməsi zərurəti yaranmışdır.
İrimiqyaslı maarifləndirmə tədbirlərinin davamı olaraq, qarşıdan gələn seçkilərdə mövcud dairə seçki komissiyalarının trenerləri üçün Bakı şəhərində 4 günlük "trenerlərin treninqi"nin təşkil edilməsi, habelə fəaliyyətdə olan dairə və məntəqə seçki komissiyalarının bütün üzvləri üçün regionlarda, hər qrupa 36 nəfərdən çox olmayaraq komissiya üzvü cəlb edilməklə formalaşmış təcrübəyə uyğun olaraq treninqlərin keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Artıq təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsinin təmin edilməsi üçün lazım olan müvafiq maarifləndirmə material və vasitələrinin hazırlanması və digər zəruri hazırlıq işləri də başa çatmışdır.
Qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. 2014-cü ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar aşağıda göstərilən subyektlər üçün qeyd edilən qaydada və müddətdə treninqlər keçirilsin:
1.1 Mövcud dairə seçki komissiyalarının hər birindən 2 nəfər trener olmaqla 17-20 noyabr 2014-cü ildə, Bakı şəhərində 4 günlük "trenerlər üçün treninqlər".
1.2 Mövcud dairə və məntəqə seçki komissiyalarının bütün üzvləri üçün 25 noyabr 2014-cü ildən başlayaraq müvafiq dairə seçki komissiyalarının inzibati binalarında treninqlər.
2. Treninqlərin təşkili ilə əlaqədar zəruri olan maddi-texniki təchizat tədbirləri görülsün.
3. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.11.2014
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.4.