İşğal olunmuş ərazilərimizdə hərbi təlimlərin keçirilməsi beynəlxalq konvensiyalara uyğun deyil

 

Noyabrın 12-də  Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "Mi-24" tipli helikopterin Azərbaycan mövqelərinə hücum etməsi zamanı hərbçilərimiz tərəfindən cavab atəşi nəticəsində məhv edilməsi müzakirə mövzusu olaraq qalır.

Baş verən hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada üç gün təxribat xarakterli uçuşlar həyata keçirib. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Ancaq bəzi dairələr və hətta ATƏT-in Minsk qrupunun həmsədrləri sülh danışıqlarının getdiyi bir zamanda Ermənistan helikopterinin təmas xəttində üç gün kəşfiyyat xarakterli uçuşlar etməsindən yox, helikopterin vurulmasından narahat olduqlarını bildiriblər. Ölkə ictimaiyyəti, siyasətçilər, politoloqlar isə hesab edirlər ki, ordumuzun hərbçilərinin atdığı addım tam doğru addımdır.

Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov qəzetimizə açıqlamasında bildirib ki, burada da ikili standartlar bir daha özünü göstərir. Çünki BMT TŞ-nin, Avropa Şurasının, Avropa Birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri var. Bu qətnamələr neçə illərdir icra olunmur. Ancaq bu azmış kimi, Ermənistan ordusu Azərbaycanın işğal olunmuş Ağdam rayonunda hərbi təlimlər keçirir: "Düşmən ölkə Azərbaycan torpağında hərbi təlim keçir. Soruşan yoxdur ki, sənin Ağdamdaişin var? Serj Sarkisyan dəfələrlə bəyan edib ki, Ağdam onların ərazisi deyil. Sənin olmayan ərazidə sənin hərbi vertolyotun nə gəzir?".

Vitse-spiker hesab edir ki, baş verən hadisə Ermənistanın birbaşa təxribatıdır və Azərbaycan Ordusunun hərbçiləri çox ayıq-sayıq hərəkət edərək onların cavabını verib. Azərbaycan  əsgəri konkret olaraq öz dövlətinin ərazisini, suverenliyini qoruyur: "Bu hadisə bir daha onu göstərdi ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur və Azərbaycan əsgərinin döyüş əzmi çox yüksək səviyyədədir. Əgər belə təxribatlar bir daha baş verərsə, sözsüz ki, Azərbaycan əsgəri yenə onların cavabını verəcək".

Beynəlxalq təşkilatların narahatçılıqlarına gəlincə isə, Ziyafət Əsgərov bildirib ki, bir neçə aydır Azərbaycanın iki vətəndaşı Ermənistanda girovluqda saxlanılır. Həmin şəxslərə işgəncələr verilironlar üçün qondarma məhkəmə prosesi qurulub, şou göstərilir. Ancaq həmin qurumlar bununla bağlı fikir söyləmirlər: "Nə üçün 1 milyon qaçqın və məcburi köçkün, işğal olunmuş ərazilərimiz barədə danışmırlar? Yenə də ikili standartlar məsələsi gündəmə gəlir. Ona görə də Azərbaycanın mövqeyi qətidir. Bu günə kimi nə qədər güzəştə getsək də, görürük ki, Ermənistan bu danışıqları imitasiya xatirinə edir".

Vitse-spikerin sözlərinə görə, son zamanlar prezidentlərin görüşləri keçirilir, sülh danışıqları aparılır. Ermənistan isə bu görüşlərdən əvvəl də, sonra da təxribatlar törədir. Hər kəsə bəllidir ki, Ermənistan problemin həllinin yox, uzadılmasının tərəfdarıdır: "İşğal olunmuş ərazilərimizdə ermənilər tərəfindən hərbi təlimlər keçirilməsi beynəlxalq qanunlara, konvensiyalara uyğun deyil. Sülh danışıqlarının getdiyi bir zamanda ermənilər tərəfindən hərbi təlimlər keçirilməsi o anlama gəlir ki, onlar danışıqlar prosesinin yalnız imitasiyası, daxili və beynəlxalq rəyi aldatmaq, çaşdırmaq ilə məşğuldurlar".

Ziyafət Əsgərov onu da bildirib ki, Fransada keçirilən görüşdə Böyük Sülh Sazişinin imzalanması ilə bağlı fikirlər səsləndirilib. Ancaq bu görüşdən sonra Ermənistan hərbi təlimlər keçirməyə başlayıb. Bunun səbəbini isə onlardan soruşan yoxdur. Ona görə də Azərbaycan belə hadisələrə göz yummayacaq: "Əgər belə hadisələr birbaş versə, konkret daha ciddi, daha kəskin cavablarını alacaqlar. Azərbaycan öz ərazisini, suverenliyini qoruyur".

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov isə bildirib ki, Ermənistan son 8 ayda mütəmadi olaraq atəşkəs rejimini pozur, Azərbaycan Ordusunun əsgərlərini təxribata çəkir, o cümlədən dinc əhalini qorxu altında saxlayır. Noyabrın 12-də isə Azərbaycanın hava məkanını pozaraq kəşfiyyat xarakterli uçuşlar etməklə ərazilərimiz barədə məlumat toplamağa çalışan düşmən helikopterlərindən biri Silahlı Qüvvələrimizin əsgərləri tərəfindən zərərsizləşdirilib.

Deputatın  sözlərinə görə, Ermənistanın daim Azərbaycanı belə təxribata çəkmək istəyi baş tutmayıb. Həmişə olduğu kimi, əsgərlərimiz düşmənə tutarlı cavab verərək, ərazilərimizi ayıq-sayıq qoruduqlarını göstəriblər: "Bu, bir daha Azərbaycan Silahlı Qüvvələrinin həm hazırlığının, həm təchizatının,  həm də döyüş ruhunun yüksək olduğunun göstəricisidir. Ermənistana bir daha aydın oldu ki, Azərbaycan əsgəri təmas xəttində hər an ayıq-sayıqdır və işğal altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir".

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S. 3.