Azərbaycanın
Dövlət Sərhəd Xidməti ilə Türkiyə Jandarma Qüvvələri arasında əməkdaşlıq
müzakirə edilib
Noyabrın
14-də Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının
komandanı, general-polkovnik Elçin
Quliyev ölkəmizdə səfərdə
olan Türkiyə Respublikası Jandarma Qüvvələrinin komandanı, ordu generalı Abdullah
Atayın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
DSX aparatında Türkiyə
nümayəndə heyətinin qarşılanması
münasibətilə fəxri qarovul düzülüb və
qonaqların gəlişi hərbi orkestrin müşayiəti
ilə təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin
mətbuat mərkəzindən AzərTAc-a bildiriblər ki,
general-polkovnik Elçin Quliyev xidmətin nümayəndə
heyətinin üzvlərini ordu generalı Abdullah Ataya təqdim
edib.
Görüşdə Elçin
Quliyev dövlətlərarası qarşılıqlı
münasibətlərin dinamik inkişafı və möhkəmləndirilməsi
məsələlərinə zamanında dahi öndər Heydər
Əliyevin, hazırda isə Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
xüsusi önəm verdiyini vurğulayaraq Azərbaycan
Silahlı Qüvvələrinin, sərhəd mühafizəsinin
inkişafı üçün Türkiyənin Silahlı
Qüvvələri, o cümlədən Jandarm
Komandanlığı ilə qarşılıqlı
münasibətlərin xüsusi əhəmiyyət kəsb
etdiyini bildirib.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
Azərbaycan ərazisinin 20 faizinin, eləcə də Azərbaycan
– İran dövlət sərhədinin 132 kilometrinin
işğal altında olması, bu ərazilərdən
qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə
istifadə edilməsi, Azərbaycan sərhəd mühafizəsi
sisteminin təşkili, DSX-nin təyinatı və
tapşırıqları, həyata keçirilən islahatlar
və əldə olunan nailiyyətlər barədə
qonağa məlumat verilib, qarşılıqlı əməkdaşlığın
vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi
aparılıb.
Müzakirələr
zamanı ikitərəfli əlaqələrin səviyyəsi
yüksək qiymətləndirilib və qarşılıqlı
faydalı əməkdaşlığın daha
da genişləndirilməsinin zəruriliyi
qeyd olunub.
Azərbaycan.
- 2014.- 15 noyabr.- S. 3.