Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq daim inkişaf edir

 

Noyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Abdullah Atay ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, general-polkovnik Z.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrimizin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı Abdullah Atay dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq, qardaşlıq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler iştirak edib.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S. 3.