Dövlət
Bayrağı Günü ilə əlaqədar
tədbir keçirildi
Dünən Nərimanov Rayon
İcra Hakimiyyətinin təşkilatçılığı
ilə Dövlət Bayraq Günü ilə əlaqədar tədbir
keçirildi.
Tədbirdə dövlətimizin əsas atributlarından sayılan üçrəngli bayrağımızın tarixinə ətraflı nəzər salınmış, onun sonsuz qürur mənbəyi olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin hər yerində 9 noyabr - Dövlət Bayrağı Günü böyük təntənə və iftixar hissi ilə qeyd edilir. Azərbaycan bayrağı tarixin müxtəlif sınaqlarına baxmayaraq, qədim məmləkətimizi dünyaya tanıdan rəmzlərdən biridir. Onu qorumaq hər bir azərbaycanlının borcudur.
Yenilməz qürur mənbəyi olan bayrağımız 1918-ci il noyabrın 9-da ucaldılmışdır. Üçrəngli bayrağımız Sovet rejiminin 70 illik hökmranlığı dövründə dalğalanmasa da, daim ürəklərdə yaşamışdır. Nəhayət, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur. Muxtar Respublikanın Ali Məclisi üçrəngli bayrağın Azərbaycanın rəsmi bayrağı kimi tanınması barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də respublika Ali Soveti həmin vəsatətə baxmış, bu bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis edilməsi dövlətimizin başçısının müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi yüksək dəyərin parlaq nümunəsidir. Azərbaycanın üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, ictimai-siyasi toplantılarda, kütləvi mədəni, siyasi, iqtisadi tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdəki qələbələri şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur, dövlətə, xalqa mənsubluq hissini gücləndirir.
Sonda tanınmış incəsənət
ustalarının ifasında rəngarəng musiqi
nömrələri səsləndirilmiş, rayonun
istedadlı gəncləri tərəfindən Dövlət
bayrağımıza həsr edilmiş
şeirlər oxunmuşdur.
Azərbaycan.
- 2014.- 8 noyabr.- S.8.