Uşaqların Üçüncü
Ümumrespublika Forumunun
iştirakçılarına
Hörmətli
Forum iştirakçıları!
Əziz
uşaqlar!
Sizi
– Uşaqların Üçüncü Ümumrespublika
Forumunun iştirakçılarını və sizin
simanızda bütün Azərbaycan uşaqlarını
salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik
və səadət arzulayıram.
Uşaq
hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin
uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir.
Uşaqların problemləri ilə məşğul olan
dövlət qurumlarının gündəlik fəaliyyəti
hər birinizin vicdan, fikir və söz
azadlığınıza hörmətlə
yanaşılmasına və hüquqlarınızın tam təmin
edilməsi üçün əlverişli mühitin
yaradılmasına yönəlmişdir.
Azərbaycanda
uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir,
uşaqların sosial müdafiəsinin gücləndirilməsi
ilə əlaqədar konkret tədbirlər və dövlət
proqramları gerçəkləşdirilir. Artıq ölkəmizdə
uşaqların sağlamlığının
yaxşılaşdırılması, təlim-tərbiyəsinin
düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi
inkişafı, eləcə də onların öz
istedadlarını nümayiş etdirmələri
üçün lazımi şərait mövcuddur. İndi
başlıca məqsəd uşaqların zəngin mədəni
sərvətlərimizə hörmətlə yanaşan layiqli
vətəndaş kimi yetişdirilməsi və hərtərəfli
şəxsiyyət olaraq formalaşdırılmasıdır.
Ölkəmizdə
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin qurbanına çevrilmiş
qaçqın və məcburi köçkün
uşaqları daim diqqət mərkəzindədir. Dövlətimiz
bütün imkanlarını səfərbər edərək
onların problemlərinin həllinə nail olmaq
üçün respublikamızın ərazi
bütövlüyünün bərpası istiqamətində
tarazlaşdırılmış siyasət həyata
keçirir. Azərbaycanın davamlı inkişafı
uşaqlarımızın xoşbəxt və firavan həyatının
təmin olunması baxımından cəmiyyətimiz
qarşısında mühüm vəzifələr irəli
sürür. Məhz övladlarımızın sabahı naminə
bu vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi
ilə hər bir vətəndaşımız qüvvə və
bacarığını səfərbər etməlidir.
Ümidvaram
ki, Forumunuz çərçivəsində uşaq problemlərinə
dair aparacağınız fikir mübadiləsi, səmərəli
müzakirələr və qəbul edəcəyiniz qərarlar
gələcək fəaliyyətinizdə sizə dəstək
olacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 noyabr
2014-cü il
Azərbaycan.-2014.- 18 noyabr.- S.1.