Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb
Əmirliklərinin iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat
naziri, iqtisadi, ticarət və
texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir
Sultan Bin Səid Əl Mansuri ölkəmizə səfərindən
ötən dövr ərzində Bakıda gedən
böyük inkişaf proseslərinin onda dərin təəssürat
yaratdığını vurğuladı. O, Azərbaycanın əldə
etdiyi uğurların ölkəsində maraqla izlənildiyini dedi.
Sultan Bin Səid Əl Mansuri ölkələrimiz arasında
iqtisadi, siyasi, investisiya qoyuluşu, birgə əməkdaşlıq
sahələrində və digər sahələrdə
münasibətlərin inkişaf etdirilməsinin regional əlaqələrin
genişləndirilməsi baxımından önəmini qeyd
etdi.
Dövlətimizin
başçısı İlham Əliyev Birləşmiş
Ərəb Əmirliklərində böyük inkişafa nail
olunduğunu məmnunluqla qeyd etdi. Ölkəmizdə yeni
inkişaf layihələrinin uğurla icra olunduğunu
vurğulayan Prezident İlham Əliyev Birləşmiş
Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət
və texniki əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın həmsədri Sultan
Bin Səid Əl Mansurinin başçılıq etdiyi
nümayəndə heyətinin Azərbaycana səfərinin
ölkəmizdə həyata keçirilən investisiya layihələri
ilə yaxından tanış olmaq üçün
yaxşı fürsət yaradacağına ümidvar
olduğunu bildirdi.
Görüşdə
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb
Əmirlikləri arasında əməkdaşlığın
iqtisadiyyatın müxtəlif sahələrində inkişaf
etdirilməsi məsələləri ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 18 noyabr.- S. 2.