İtaliyanın
“Zerottonove” portalı Azərbaycanın mədəni
irsindən yazır
İtaliyanın “Zerottonove” xəbər
saytında Azərbaycanla bağlı yerləşdirilən
yazıda ölkəmizin zəngin mədəni irsindən bəhs
edilir.
Yazıda bildirilir ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə mədəni irsin təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bu ölkədə dünya mədəniyyətinin tərkib hissəsi sayılan bir sıra mühüm abidələr mövcuddur. 2007-ci ildə Qobustan Milli Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycanın qədim ölkə olmasını sübut edən xeyli sayda arxeoloji komplekslər var.
Məqalədə Azərbaycanın XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasında xüsusi qonaq qismində iştirakı barədə də məlumat verilir. Bildirilir ki, yarmarkada Azərbaycan yüksək səviyyədə təmsil olunub.
Müəllif yazır ki, İtaliyada Azərbaycan haqqında bir sıra kitabların çapdan çıxması, bu ölkə ilə bağlı mədəni tədbirlərin keçirilməsi, son illərdə birgə həyata keçirilən layihələrin sayının artması nəticəsində artıq italiyalılar Azərbaycanı daha yaxından tanıyırlar.
Azərbaycanda müşahidə olunan inkişaf prosesi haqqında məlumat verilən məqalədə mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ölkəmizin mühüm rol oynadığı, respublikamızda iqtisadi və sosial inteqrasiya proseslərinin geniş vüsət aldığı vurğulanır.
Müəllif məqaləsini belə yekunlaşdırır: “Azərbaycan haqqında bilməli olduğumuz çox maraqlı məqamlar mövcuddur. Keçmişin və gələcəyin vəhdət təşkil etdiyi bu ölkə multimədəni və multietnik bir məkandır”.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma
Azərbaycan.
- 2014.- 8 noyabr.- S.7.