«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.  Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. iki ay müddətində:

1.2.1. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.2.2. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 24-2.1-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin qeydə alınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.2.3. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 24-2.2-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatı tərəfindən müqavilə olmadanya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5.  həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1.  "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

3.2.  həmin qanunun 24-2.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 14 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 14 noyabr.-  S.3.