Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında

 Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilir

 

Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilir.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycanı iqtisadi inkişaf naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Birləşmiş Ərəb Əmirlikləri isə iqtisadiyyat naziri Sultan bin Səid Əl Mansoorinin rəhbərlik etdiyi bu ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri ilə təmsil olunub.

İclasda çıxış edən nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını bildirib. Qeyd edilib ki, beynəlxalq məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, bu təşkilatlar çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri bir-birinin mövqeyini daim dəstəkləyir. Yüksək səviyyəli siyasi münasibətlər və möhkəm müqavilə-hüquq bazası iqtisadi əməkdaşlığın inkişafı üçün olduqca əlverişli zəmin yaradır.

BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid Əl Mansoori də ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində marağını vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Bildirilib ki, son illər BƏƏ Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından birinə çevrilib. Ölkələr arasında müxtəlif sahələrdə, xüsusilə də turizm, nəqliyyat, təhsil, səhiyyə, tikinti və kənd təsərrüfatı sahələrində fəal əməkdaşlıq müşahidə olunur.

Tədbirdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın 4-cü iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilir.

 

 

Azərbaycan.-2014.- 18 noyabr.-  S.3.