Bakıda dini tolerantlığın
möhkəmləndirilməsinə
dair ilk beynəlxalq konfrans işə
başlayıb
ATƏT-in
Bakı layihə əlaqələndiricisi, Azərbaycan
hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və
UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının birgə təşkilatçılığı
ilə Bakıda ilk dəfə “Dini tolerantlığın
möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu
və onun hüdudlarından kənarda
çağırışlar)” mövzusunda beynəlxalq
konfrans öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski konfransda çıxış edərək təşkilatın tolerantlığın təşviqi, ayrı-seçkilik, antisemitizm, islamofobiya hallarına qarşı mübarizə ilə bağlı bir sıra öhdəliklərinin olduğunu söyləyib. Bildirilib ki, ATƏT demokratik cəmiyyətin qurulmasında dialoqun təşviqini dəstəkləyir, həmçinin ATƏT regionunda nifrət zəminində cinayətlərə və çıxışlara qarşı qəti mövqe tutur.
Səfir tolerantlıq sahəsində Azərbaycanın
göstəricilərinin çox yaxşı olduğunu
bildirib. O deyib ki, məsələn,
son 2500 il ərzində Azərbaycanda
antisemitizm halları olmayıb. ATƏT-in
nöqteyi-nəzərindən ən vacib məsələ odur
ki, Azərbaycanda tolerantlıq və dini icmaların dinc
yanaşı yaşaması kimi çox önəmli nailiyyətlər
var.
Bu gün dünyada islamofobiya hallarının
artmasından narahatlığını bildirən səfir
qeyd edib ki, dini radikalizmin, ekstremizmin qarşısını
almaq üçün səylərimizi gücləndirməliyik.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham
Əliyevin konfrans iştirakçılarına müraciətini
oxuyub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadə
tolerantlığın və multikultural mədəniyyətin
hər bir dövləti gücləndirən, xalqı mütəşəkkilləşdirən
və onun birliyini təmin edən amil olduğunu söyləyib. Şeyxülislam
bildirib ki, Azərbaycanda dini-mənəvi irsə ehtiram
yüksək səviyyədədir, tolerantlıq ənənələri
qədim tarixə malikdir. Xalqımızın
milli mənəvi və tarixi irsindən bəhrələnən
Azərbaycanın ümumbəşəri ideyaların
carçısına çevrilməsi bizim üçün
qurur mənbəyidir.
Şeyxülislam Allahşükür Paşazadə diqqətə
çatdırıb ki, Bakı istər mədəniyyətlərarası,
istərsə də dinlərarası dialoqa dair mötəbər
beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi
məkana çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev
Beynəlxalq Mədəniyyətlərarası Dialoq
forumlarının təşəbbüskarı, multikulturalizm
ideyasının dünya miqyasında fəal müdafiəçisidir.
Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun fəaliyyətində də tolerantlığın beynəlxalq
müstəvidə təşviqi prioritet istiqamətlərdən
birini təşkil edir.
Allahşükür Paşazadə deyib ki, Azərbaycanda
müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin
ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət,
qayğı və himayəsini eyni dərəcədə
üzərlərində hiss edirlər. Ölkəmizdə
məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət
göstərir, yeniləri inşa edilir. Mövcud
dini ibadətgahlarda bərpa və yenidənqurma işləri
həyata keçirilir.
Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda
din-dövlət münasibətlərinin düzgün
qurulduğunu vurğulayan Qafqaz Müsəlmanları İdarəsinin
sədri bildirib ki, etnik və dini müxtəliflik ölkəmizin
milli sərvətidir. Vətəndaşlarımızın demokratik insan
hüquqları, dini etiqad azadlıqları qanunla təsbit və təmin
olunur. İnsan həyatının xilası
tolerantlıqdan, müxtəlif millətlərə və dinlərə
mənsub insanların qarşılıqlı anlaşma və
ehtiramından keçir. Bu məqamı ərazisinin bir
hissəsi ermənilər tərəfindən işğal
olunmuş xalqımız hətta Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələdə də unutmur, problemin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində,
beynəlxalq hüquq normaları əsasında həllində
israr edir.
Allahşükür
Paşazadə deyib: “Bu gün həm də Milli Dirçəliş
Gününü qeyd edən Azərbaycan milli mənəvi dəyərlər
üzərində qurulan müasir hüquqi, dünyəvi
dövlət modelinin parlaq nümunəsidir.
Uğurlarımızın təməlində milliyyətindən,
dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının
Prezidenti olduğunu bəyan etmiş dövlətimizin
başçısı İlham Əliyevin fəaliyyəti,
müxtəlif mədəniyyət
daşıyıcısı olan vətəndaşlarımızın
bir ailə kimi yaşaması, xalqımızın
bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı
kimi çıxış etməsi durur. Ölkəmiz
hər zaman ədalətə və beynəlxalq hüquqa
söykənən dünya düzəninə
çağırışlarını bəyan edir və bu,
bizim bugünkü və gələcək nailiyyətlərimizi
şərtləndirir”.
Bütün Qafqazın şeyxi qeyd edib ki, bu konfrans Azərbaycan
dövlətinin və xalqının ümumbəşəri
amallar uğrunda beynəlxalq təşkilatlarla əməkdaşlığında
əməli addımlardan biridir. Bu,
xalqımızın tolerantlığının, ölkəmizin
dünya miqyasında dialoqa hazırlıq ruhunun təcəssümü
və Qafqaz Müsəlmanları İdarəsinin bu önəmli
prosesdə yaxından iştirakının bariz nümunəsidir.
Biz bugünkü tədbiri uğurlu addım
kimi dəyərləndiririk və bu istiqamətdə səylərin
davamlı olmasına tərəfdarıq.
Milli Məclisin sədr müavini, Azərbaycanın
ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin
rəhbəri Bahar Muradova deyib ki, ölkəmizin əsrlər
boyu tolerantlıq sahəsində qazandığı uğurlar
dünyaya nümunədir. O bildirib ki, dünyada sülhün, əmin-amanlığın
təmini üçün bəşər övladı
bir-birini anlamalı, müxtəlif dinlərə, mədəniyyətlərə
məxsus cəmiyyətlər bir-birinə
qarşılıqlı hörmət şəraitində
yaşamalıdır.
Bahar Muradova qeyd edib ki, Azərbaycan ATƏT-lə əməkdaşlığı
müddətində bu təşkilatın dəyərlərinin
bütün regionda, o cümlədən ölkəmizdə bərqərar
olması istiqamətində çox ciddi addımlar atıb. Tolerantlıq
və dini dözümlülüyün Azərbaycan modeli
haqqında danışanda xüsusi vurğulamaq
lazımdır ki, ölkədə dini və etnik
tolerantlığın bir neçə aspektdə əsasları
var. Onlardan biri tarixi aspektdir. Azərbaycanın
bir neçə minilliyə söykənən tarixinə nəzər
salsaq görərik ki, bu ərazidə insanlar etnik və dini
kimliyindən asılı olmayaraq, bir-biri ilə
qarşılıqlı anlaşma şəraitində
yaşayıblar. Münaqişələr,
etnik və dini münaqişələr, ərazi iddiaları,
təcavüz aktları bizi bir-birimizə qarşı qisas
hissi ilə yaşamağa vadar etməyib, əksinə bu vəziyyətdən
çıxmağın birgə yollarını axtarmağa
çalışmışıq. Tarixin ən
müxtəlif mərhələlərində
insanlığımızı, bəşər övladı
olduğumuzu anlamağı qoruyub saxlaya bilmişiksə, ilk
növbədə, öz xarakterimizə, öz milli kimliyimizə
borcluyuq.
Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycanda
yaşayan əhalinin mütləq əksəriyyəti
İslam dininə etiqad bəsləyir. Digərləri
müxtəlif dinlərə mənsubdur. Amma burada kimdən
soruşsanız, görəcəksiniz ki, heç kim ilk dəfə rastlaşdığı
insanın milli və dini kimliyi ilə maraqlanmır, ona insan
kimi yanaşır. Biz heç zaman insanları
milli və dini kimliyinə görə fərqləndirməmişik.
Bu, bizim üstünlüyümüzdür, zənginliyimizdir.
Biz bununla fəxr edirik. Bu,
bizim yaşam tərzimiz, ifadə formamızdır.
Bahar Muradova bildirib ki, Azərbaycanda milli, dini
dözümlülük və tolerantlıq özünü
mütləq şəkildə siyasi yanaşmalarda da büruzə
verir. Ölkəmizdə siyasi cəhətdən də tolerantlığın
və dözümlülüyün ciddi əsasları var. Azərbaycanda
yaşayan millətlərin, etnik qrupların, dini təmayüllərin
birgə yanaşmasını təmin etmək hər zaman
prioritet olub. Bütün bunları
hüquqi aspektdən əks etdirən mükəmməl
qanunvericilik bazası və siyasi iradə mövcuddur. Azərbaycanın
milli, dini, tarixi ənənələrini özündə əks
etdirən dövlət sistemi, hüquqi qanunverici bazamız və
ən əsası ATƏT regionunda daim nümayiş
etdirdiyimiz müstəqil siyasi iradəmiz var. Bütün
xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından
asılı olmayaraq, sülh və təhlükəsizlik
şəraitində yaşamalıdırlar. Azərbaycan
modeli də məhz budur. Azərbaycan modeli
ATƏT regionunda seçilən modeldir.
Sonra UNESCO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təşkilatın
baş direktoru İrina Bokovanın konfrans
iştirakçılarına müraciətini oxuyub.
Daha sonra Moskvanın və bütün Rusiyanın
patriarxı Kirillin, Tbilisi İlahiyyat Akademiyasının
rektoru Protopresviter Giorgi Zviadadzenin, Bütün
Gürcüstanın katolikos patriarxı II İlyanın
müraciətləri səsləndirilib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri
İrfan Siddiq çıxış edərək bu gün
dünyada dini zəmində münaqişələrin
artdığını, Orta Şərqdə baş verən
hadisələrin bunun bariz nümunəsi olduğunu söyləyib. Bildirilib ki,
dini zəmində münaqişə yaradanlar həm də nifrət
yayırlar. Ümumi bir
çağırışla üzləşirik ki, bu nifrətlə
necə mübarizə apara bilərik. Biz
hamımız qarşılıqlı anlaşma, sülh şəraitində
birgə yaşamağı öyrənməliyik. Səfir Azərbaycanda bu sahədə qazanılmış
təcrübənin təqdirəlayiq olduğunu bildirib.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
deputatı Fəttah Heydərov Azərbaycanda
tolerantlığın həm də dövlət siyasəti
kimi həyata keçirildiyini, ölkəmizin
sivilizasiyalararası və mədəniyyətlərarası
dialoqa mühüm töhfələr verdiyini söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı deyib ki, bütün səmavi
dinlər bəşəriyyəti tolerantlığa, sülhə,
dözümlülüyə çağırır. Amma bəzən
bundan sui-istifadə edilir. Ona görə,
bu gün tolerantlığı təşviq etmək ən
mühüm çağırışlardan biridir.
Hazırda dünyanın müxtəlif ölkələrində
müharibə və toqquşmaların davam etdiyini deyən
M.Qurbanlı bildirib ki, onların bir çoxu dini zəmində
baş verir. Dini tolerantlıq dedikdə bu, yalnız dinlərarası
yox, dinlər daxili məsələyə də aid
olmalıdır.
Komitə sədri tolerantlığın Azərbaycan vətəndaşları
üçün həm də mənəvi öhdəlik
olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycanın
Ermənistan tərəfindən hərbi təcavüzə məruz
qalmasına baxmayaraq, Bakıda erməni kilsəsi mövcuddur.
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri
dostluq və qardaşlıq mühitində birgə müzakirələr
apara bilirlər.
M.Qurbanlı
ATƏT-in hər il ən tolerant ölkə
müsabiqəsi keçirməsini təklif edib.
Sonra tədbir işini sessiyalarda davam etdirib.
Konfrans
noyabrın 18-də öz işini Bakı bəyanatının
qəbulu ilə başa çatdıracaq.
Azərbaycan.-2014.- 18 noyabr.- S.4.