Qafqaz Müsəlmanları İdarəsinin
sədrinə Belarusun
“Fransisk
Skorina” ordeni təqdim olunub
Dini
tolerantlığın möhkəmləndirilməsi layihəsi
çərçivəsində “Azərbaycan modeli, ATƏT
regionu və onun hüdudlarından kənarda
çağırışlar” mövzusunda Bakıda
keçiriləcək beynəlxalq konfransın
iştirakçılarının şərəfinə Qafqaz
Müsəlmanları İdarəsi tərəfindən ziyafət
verilib.
AzərTAc
xəbər verir ki, ATƏT-in Bakı layihə əlaqələndiricisi
Aleksis Şaxtaxtinski mərasimdə çıxış edərək
beynəlxalq konfransın əhəmiyyətindən
danışıb. Bildirilib ki, konfransda Azərbaycandakı
tolerantlıq modeli müzakirə ediləcək, ATƏT məkanında
tolerantlığa dair çağırışlar olacaq.
Belarusun
Azərbaycandakı səfiri Nikolay Pastkeviç ölkəmizdəki
tolerantlıq mühitindən bəhs edib. O, Belarusun da daim bu məsələyə
xüsusi diqqət ayırdığını
vurğulayıb. Azərbaycan-Belarus münasibətlərindən
danışan səfir ölkələrimiz arasında
bütün sahələrdə yaxşı əlaqələrin
olduğunu bildirib.
Diplomat
bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları
İdarəsinin sədri, MDB Dinlərarası
Şurasının həmsədri, MDB müsəlmanlarının
Məşvərət Şurasının sədri, Qafqaz
Xalqlarının Ali Dini Şurasının sədri
Şeyxülislam Allahşükür Paşazadəni Belarus-Azərbaycan
dövlətlərarası dialoqunun inkişafına verdiyi
mühüm töhfəyə, ölkələrimiz
arasında ticarət-iqtisadi və mədəni əlaqələrin
genişlənməsindəki fəaliyyətinə və dinlərarası
razılığın möhkəmləndirilməsində
gördüyü işlərə görə “Fransisk Skorina”
ordeni ilə təltif edib.
Səfir
N.Pastkeviç ordeni Qafqaz Müsəlmanları İdarəsinin
sədri Allahşükür Paşazadəyə təqdim
edib.
Şeyxülislam
Allahşükür Paşazadə fəaliyyətinə verilən
belə yüksək qiymətə görə Belarus Prezidenti
Aleksandr Lukaşenkoya dərin minnətdarlığını
bildirib. Vurğulayıb ki, orden Azərbaycanda mövcud
tolerantlıq ənənələrinə verilən yüksək
qiymətdir.
Şeyxülislam
ölkədə müxtəlif dini icmaların nümayəndələrinin
dostluq və qardaşlıq şəraitində
yaşadığını qeyd edib. QMİ sədri bildirib ki,
belə mötəbər beynəlxalq konfransın ölkəmizdə
keçirilməsi Azərbaycanda din-dövlət münasibətlərinin
yüksək səviyyədə olmasının göstəricisidir.
Tədbirdə
Milli Məclisin deputatları, dövlət və hökumət
nümayəndələri, ölkəmizdə akkreditə
olunmuş diplomatik korpusun təmsilçiləri, din xadimləri
iştirak ediblər.
Azərbaycan.-2014.- 18 noyabr.- S.4.