Uğurlu şaxələndirmə siyasəti Azərbaycanın

 iqtisadi və geosiyasi maraqlarını təmin edir

 

1999-cu il noyabrın 18-də Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəqlinə dair tarixi sazişin imzalanması ölkəmizin yeni neft strategiyasının mühüm uğurlarındandır

 

Son 20 ildə respublikamızda dəqiq iqtisadi hesablama əsasında  gerçəkləşdirilən yeni neft strategiyası Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişaf yolunda olan ölkəyə çevrilməsi, beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirməsi, milli təhlükəsizlik maraqlarını təmin etməsi baxımından mustəsna rol oynamışdır. Regionun sosial-iqtisadi yüksəlişinə, transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinə, habelə qlobal enerji təhlükəsizliyinə zəmin yaratmış "Əsrin müqaviləsi"nin imzalanması ilə əsası qoyulmuş bu uğur strategiyası Azərbaycanın çağdaş tarixinin şərəfli və parlaq səhifələrindən birini təşkil edir.

1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxmaq, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu bir daha təsdiqləmişdir. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihələrindən birinin həyata keçirilməsini təmin etməklə yanaşı, Azərbaycanın ciddi elmi əsaslara söykənən sosial-iqtisali inkişaf strategiyasının əsasını qoymuşdur. Regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında da müsbət presedent yarandı, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başlamış, respublikamız Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi tərəqqi və inkişafın başlıca təminatçısına çevrilmişdir.

Ümummilli lider Heydər Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasından sonrakı mərhələdə ölkəmizin milli maraq və mənafeləri çərçivəsində neft kəmərlərinin şaxələndirilməsi siyasətini də uğurla reallaşdırmış, müxtəlif güc mərkəzlərinin toqquşan maraqları fonunda ən optimal nəql marşrutlarının gerçəkləşdirilməsinə nail olmuşdur. 1999-cu il noyabr ayının 18-də İstanbulun Çırağan sarayında - ATƏT-in zirvə toplantısının gedişində xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair sazişin imzalanması isə ölkəmizin yeni neft strategiyasının daha bir parlaq səhifəsinə çevrilmişdir.

"Əsrin müqaviləsi" imzalanmasından sonra hasil ediləcək milyonlarla xam neftin Qərb bazarlarına hansı marşrutlarla nəql ediləcəyi də ciddi müzakirə mövzularından birinə çevrilmişdi. Bununla əlaqədar müxtəlif təklif və ideyalar irəli sürülür, hətta bəzi dövlətlərin rəsmi Bakıya kənar təzyiq cəhdləri özünü qabarıq büruzə verirdi. Neftin nəql olunacağı marşrutların müəyyənləşdirilməsi istiqamətində aparılan müzakirələr bəzi vaxtlarda qarşılıqlı inamsızlıq üzündən  nəticəsiz qalırdı. Lakin ulu öndər Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, o vaxt ARDNŞ-nin birinci vitse-prezidenti olan cənab İlham Əliyevin danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharəti, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edildi. 1996-cı ilin yanvar ayında "Azərbaycan neftinin "Bakı-Novorossiysk" marşrutu ilə nəql edilməsi haqqında" Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı, 1997-ci il oktyabrın 25-də isə həmin xətt istifadəyə verildi. O vaxtdan  fasiləsiz istismar edilən Bakı-Novorossiysk kəməri əvvəllər ABƏŞ tərəfindən idarə olunsa da, sonradan kəmərin operatorluğunu ARDNŞ həyata keçirməyə başladı. Ümumi uzunluğu 1330 kilometr olan Bakı-Novorossiysk kəmərinin 231 kilometri Azərbaycan ərazisindən keçir. Bu kəmərin diametri 720 millimetr, gündəlik ötürmə qabiliyyəti 115 min barel, yaxud 15 min 750 tondur.

Hələ Bakı-Novorossiysk kəmərinin reallaşdırılması tədbirləri zamanı ümummilli lider Heydər Əliyev neft marşrutlarının alternativliyinə nail olmağın vacibliyini də əvvəlcədən görür, bu istiqamətdə konkret addımlar atırdı. Neft marşrutlarının şaxələndirilməsi siyasəti Azərbaycana, ilk növbədə, perspektivdə iqtisadi və siyasi maraqlarını gerçəkləşdirmək, hansısa dövlətin təzyiq və təhdidləri ilə üzləşməmək baxımından vacib idi. Bu amilləri nəzərə alan ümummilli lider 1996-cı ilin martında gürcü həmkarı Eduard Şevardnadze ilə Tbilisidə Bakı-Supsa neft kəmərinin çəkilişinə dair prinsipial razılıq əldə etdi. 1999-cu il aprelin 17-də Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 kilometr, illik buraxılış qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Əsas ixrac boru kəmərinin hansı ölkələrin ərazisindən keçəcəyi layihədə iştirak payı olan dövlətlər üçün də strateji əhəmiyyətli məsələlərdən idi. Ümummilli lider Heydər Əliyevin ilk gündən BTC-nin reallaşdırması ideyası üzərində təkidlə dayanması son dərəcə düzgün olub, obyektiv gerçəkliyin tələbi kimi meydana çıxmışdı. Bakı-Novorossiysk, Bakı-Supsa nəql marşrutlarının müsbət və mənfi cəhətlərini nəzərə alan ulu öndər bu mərhələdən əsas ixrac boru kəməri kimi dəstəklədiyi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istiqamətinin müəyyənləşdirilməsi istiqamətində danışıqlara başladı. Həmin vaxt layihənin əleyhdarları bunun reallıqdan tamamilə uzaq olduğunu iddia edirdilər. Lakin Heydər Əliyev böyük müdrikliklə BTC-nin siyasi və iqtisadi baxımdan optimal qərar olduğunu sübuta yetirdi. Həmin dövrdə ARDNŞ-nin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin söylədiyi bu fikirlər də Azərbaycanın prinsipial mövqeyini əks etdirirdi: "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir".

Ekspertlər həmin dövrdə kəmərin iqtisadi üstünlükləri sırasında onun problemli boğazlardan keçməməsini; neftin Ceyhandan Rotterdama nəqlinin Qara dəniz limanları vasitəsilə daşınmaya nisbətən iki dəfə ucuz başa gəlməsini; seysmikliyi az (4-5 bal) olan zonalardan keçməsi səbəbindən təbii fəlakətlərə məruz qalma ehtimalının nisbətən aşağı olmasını; Şərq-Qərb dəhlizinin əsas komponenti kimi regional əməkdaşlığa böyük təkan verəcəyini; Azərbaycan, Türkiyə və Gürcüstan tərəfdaşlığını gücləndirəcəyini, Xəzəraltı neft (Qazaxıstan) və qaz (Türkmənistan) kəmərlərinin çəkilişinə stimul olacağını və s. amilləri önə çəkirdilər.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı ilk siyasi razılaşma 1998-ci il aprelin 26-da Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə əldə edildi. 1998-ci il oktyabrın 29-da Ankara şəhərində Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin və ABŞ-ın energetika nazirinin iştirakı ilə əsas ixrac boru kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə çəkilməsini dəstəkləyən "Ankara bəyannaməsi"nin imzalanması bu istiqamətdə daha bir prinsipial addım oldu. 6 bənddən ibarət "Ankara bəyannaməsi"ndə dövlət başçıları Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsinin region ölkələrinin müstəqilliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayırdılar. Bəyanatda, həmçinin regionda iqtisadi inkişafın təmini, insanların həyatının yaxşılaşdırılması baxımından neft və təbii qazın kommersiya cəhətdən əlverişli boru kəmərləri vasitəsilə nəqli zəruriliyi də qeyd edilirdi. Sənəddə vurğulanırdı ki, kommersiya cəhətdən ədalətli olan, ayrıseçkiliyə yol verməyən Şərq-Qərb dəhlizinin, o cümlədən Xəzər boru kəməri şirkətinin, Transxəzər və Transqafqaz boru kəmərləri sistemlərinin yaradılması regionda hasil edilən karbohidrogen ehtiyatların dünya bazarına çıxarılmasını təmin edən son dərəcə mühüm layihələrdir.

Nəhayət, ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən zirvə toplantısının gedişində "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" tarixi saziş imzalandı. Həmin sazişə, eyni zamanda, ABŞ-ın energetika naziri və Qazaxıstan dövlət başçıları da imza atmaqla, üzərlərinə müəyyən hüquqi və siyasi təəhhüdlər götürdülər. Həmin tədbirdə çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: "Mən bu gün böyük iftixar hissi keçirirəm. Ona görə ki, beş il bundan öncə, 1994-cü ilin sentyabr ayında Bakıda imzalanmış "Əsrin müqaviləsi" adlı böyük neft müqaviləsinə, Xəzər dənizinin neft və qaz ehtiyatlarından müştərək istifadə etmək üçün yaranmış konsorsiumun tərkibinə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Türkiyə və Rusiya daxildirlər və bu müqavilənin imzalanmasından beş il keçəndən sonra həmin müqavilə imzalanarkən nəzərdə tutulmuş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsi üçün artıq bu gün bu sənədlər imzalandı.

Məlumdur ki, bu, asan iş deyildi. Bizim qarşımızda çox böyük çətinliklər var idi. "Əsrin müqaviləsi"ni imzalayanda da biz böyük çətinliklərlə rastlaşdıq. Sonra da Bakı-Ceyhan neft kəmərini çəkmək üçün bizim qarşımızda çox böyük maneçiliklər, əleyhimizə çıxanlar var idi. Ancaq biz öz iradəmizi itirmədik, başladığımız işi axıra çatdırdıq".

Ulu öndər Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin tikilməsi və istismara verilməsi tədbirləri haqqında" sərəncamı ilə BTC-nin tikintisi ilə bağlı məsələlərin həyata keçirilməsini təmin edən dövlət komissiyası yaradılmışdı. Sərəncamın preambula hissəsində vurğulanırdı ki, son illər aparılan tədqiqatlar və danışıqlar 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə görüşü zamanı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin qısa müddət ərzində həyata keçirilməsinə yönəlmiş İstanbul bəyannaməsinin imzalanması ilə müvəffəqiyyətlə başa çatmışdır. Sərəncamın 2-ci bəndinə müvafiq olaraq yaradılmış komissiyaya Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə bağlı danışıqların aparılmasına və müvafiq sazişlərin hazırlanmasına, həmçinin onun maliyyələşdirilməsinə, ARDNŞ-nin və xarici neft şirkətlərinin nümayəndələrindən ibarət təşəbbüs qrupunun yaradılmasına, beynəlxalq boru kəməri şirkətinin təsis edilməsinə və layihənin həyata keçirilməsi ilə əlaqədar müvafiq tədbirlərin icrasına aid səlahiyyətlər verilirdi. Komissiyaya həmçinin əsas ixrac boru kəmərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsini təşkil etmək üçün müəyyən olunmuş qaydada beynəlxalq səviyyədə tanınmış qurumlardan maliyyə məsləhətçisini seçmək  təyin etmək tapşırılmışdı.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında" sərəncamı da BTC-nin tikintisini sürətləndirmək məqsədi daşıyırdı. Sərəncamda vurğulanırdı ki, əsas neft ixrac boru kəmərinin inşası irimiqyaslı infrastruktur layihəsi olmaqla yanaşı, həm də yüksək səmərəliliyə malik əlverişli kommersiya layihəsidir. Sərəncama əsasən, ARDNŞ-nin layihədəki 25 faiz həcmində iştirak payının 70 faizinə yaxın hissəsinin layihənin digər iştirakçıları ilə birgə xarici maliyyə-bank qurumlarından kreditin cəlb edilməsi yolu, qalan hissəsinin isə dövlətin daxili imkanları hesabına maliyyələşdirilməsi məsələsi öz əksini tapmışdı.

Layihənin reallaşdırılması məqsədilə 2002-ci il avqustun 1-dən BTC Ko boru kəməri şirkəti təsis edilmişdir. Hazırda şirkətdə BP 30,1 faiz (layihənin operatoru), ARDNŞ 25 faiz, "Şevron" (ABŞ) 8,9 faiz, "Statoil" (Horveç) 8,71 faiz, "TPAO" (Türkiyə) 6,53 faiz, "ENI" (İtaliya) 5 faiz, "Total" (Fransa) 5 faiz, "Itochu" (Yaponiya) 3,4 faiz, "Inpex" (Yaponiya) 2,5 faiz, "ConocoRhillips" (ABŞ) 2,5 faiz, ONGC (BTC) limited 2,36 faiz paya malikdirlər.

BTC əbəs yerə müasir dünyanın nəhəng mühəndis qurğusu adlandırılmır. Ümumi uzunluğu 1768 kilometr olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri isə Türkiyə ərazisindən keçir. Bütünlüklə dəyəri (boru kəmərinin doldurulması və tikinti müddətində borcların faizləri də daxil olmaqla) 5 milyard ABŞ dolları təşkil etmiş kəmər gündəlik 1,2 milyon barel xam nefti nəql etmək imkanına malikdir.

2002-ci ilin sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin təntənəli təməlqoyma mərasimi keçirilmişdir. Bu tədbir Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının əməli nəticəsi, cənab İlham Əliyevin əfsanənin reallığa çevrilməsində göstərdiyi fədakarlığın məntiqi sonluğu və nailiyyəti olmuşdur. BTC-nin təməlinin qoyulması "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm əhəmiyyətli hadisə kimi tarixiləşmişdir.

2003-cü ilin 15 oktyabrında ulu öndərin layiqli siyasi varisi - cənab İlham Əliyevin xalqın istəyi ilə Azərbaycan Prezidenti seçilməsi Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Cənab İlham Əliyev neft strategiyasında varisliyi inamla təmin edərək BTC-nin praktik şəkildə gerçəkləşməsinə nail olmuşdur. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirilmişdir. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan mühüm hadisəyə çevrilmişdir.

Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı təntənəli mərasim  olmuşdur. Beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu strateji layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrilmişdir. Dövlət başçısı İlham Əliyevin həmin mərasimdə bəyan etdiyi kimi, bu kəmər məhz ulu öndər Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində gerçəkləşmişdir: "Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda - "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində "Əsrin müqaviləsi" imzalandı və bundan sonra bütün məsələlər həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi".

İllər keçdikcə, layihənin önəmi daha da artır. BTC beynəlxalq dairələrdə həm də Mərkəzi Asiya neftinin dünya bazarlarına etibarlı nəqlinə imkan verən unikal mühüm texniki-iqtisadi infrastruktur kimi qəbul olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin avqustunda Qazaxıstana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq, 2008-ci ildə ARDNŞ və "KazMunayQaz" şirkətləri arasında "Qazaxıstan Xəzər Nəql Sistemi" layihəsi üzrə memorandum imzalanmış və bu istiqamətdə işlərin başlanmasına start verilmişdir. Həmin sistem "Kaşaqan" və "Tengiz" yataqlarından hasil olunan Qazaxıstan neftinin Azərbaycan üzərindən BTC vasitəsilə dünya bazarlarına nəql edilməsi üçün nəzərdə tutulmuşdur. Artıq "Tengiz" yatağından hasil edilən neft BTC kəməri ilə Ceyhan limanına nəql olunur.

BTC-nin reallaşması Azərbaycana o

lan beynəlxalq inamın daha da artmasına, son nəticədə respublikamızın digər qlobal layihələri də uğurla reallaşdırmasına imkan yaratmışdır. Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən yeni neft strategiyasının əsas nailiyyətlərindən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. 2007-ci ildən "Şahdəniz" qazı Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. İndi bir çox dövlətlər - Yunanıstan, İtaliya, Ukrayna, Baltikyanı ölkələr layihəyə böyük maraq göstərirlər. Artıq Türkiyə ilə Yunanıstan arasında "Şahdəniz" qazını nəql edəcək boru kəməri inşa olunaraq istismara buraxılmışdır. Son illərdə Xəzər hövzəsində hasil olunan təbii qazın Cənub Enerji Dəhlizi konsepsiyası çərçivəsində Avropaya nəqli imkanları genişləndirilir.  Azərbaycan həm Avropa Komissiyası, həm də maraqlı ölkə və şirkətlərlə qazın etibarlı, uzunmüddətli tranziti, son istehlak bazarına birbaşa nəqli, eləcə də rentabellilik baxımından səmərəli marşrutların müəyyən olunması istiqamətində fəal iş aparır.

Son illər "Ümid", "Abşeron" kimi iri mavi yanacaq ehtiyatlarına malik yataqların məhz azərbaycanlı geoloqlar tərəfindən kəşf olunması, habelə Cənub Qaz Dəhlizi layihəsinin mühüm seqmentləri olan TANAP, TAP kimi qlobal layihələrin reallaşdırılması Azərbaycanın dünya enerji siyasətində əsas aktorlardan biri kimi iştirakını genişləndirmişdir.

2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış məlum enerji memarandumu Qərb enerji dəhlizlərinin mühüm tərkib hissəsi olan TransAdriatik Boru Kəmərinin (TAP) çəkilişi üçün də tarixi zəmin yaratmışdır. 2013-cü il iyunun 28-də konsorsium Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP) seçdiyini bəyan etmişdir. TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra 20 milyard kubmetrə yaxın qazın nəqli proqnozlaşdırılır.

Azərbaycan 2013-cü il dekabrın 17-də "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişini imzalamaqla daha bir tarixi uğura imza atmışdır. Bu saziş müasir dünyanın enerji xəritəsində özünün strateji rolu və yerinə görə seçilməklə bərabər, digər mühüm transenerji şəbəkələrinin gerçəkləşməsinə də ciddi  zəmin yaratmışdır. "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı geoiqtisadi əhəmiyyətinə, dünya enerji mühiti üçün ağırlıq mərkəzinə görə "Əsrin müqaviləsi"nin ən mühüm komponenti kimi qiymətləndirilir. Layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur.

Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaqdır.  Qazın Yunanıstandan digər kommunikasiya infrastrukturları vasitəsi ilə Bolqarıstana, Adriatik dənizindən çoxşəbəkəli sistemlər vasitəsilə Bosniya, Herseqovina, Xorvatiya, Serbiya, Çernoqoriyaya çatdırılması nəzərdə tutulmuşdur. Ümumilikdə, TAP vasitəsilə Şərqi-Qərbi Avropa regionu ölkələri qazla təmin olunacaqdır. Dəyəri təxminən 2,2 milyard dollar proqnozlaşdırılan TAP layihəsinin 3 səhmdarı ("EGL", "Statoil" və "E.ON Ruhrgas") vardır.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin əsasının qoyulması mərasimində demişdir: "Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır".

İstehsal etdiyi xam nefti BTC vasitəsilə Qərb bazarlarına ixrac edən Azərbaycan qısa müddətdə böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin son illər hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. 2014-cü ildə dövlət büdcəsinin 2003-cü ildəki 1,2 milyard dollardan 25 milyard manata yüksəlməsi, respublikamızın valyuta ehtiyatlarının Dövlət Neft Fondunda toplanan vəsaitlərlə birgə 54 milyard dollara çatması ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri kimi dəyərləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə, qeyri-neft sektorunun, istehsal sahibkarlığının, sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə çalışır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır.

Dövlət başçısı hələ 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu strategiyada neftdən qazanılan vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrinin genişmiqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, insan kapitalının formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur.

Azərbaycan iqtisadiyyatının bütün sahələrdə sürətlə inkişaf etdiyini və neftdən asılılığın tədricən aradan qaldırıldığına diqqət çəkən dövlət başçısı İlham Əliyev demişdir: "Bütün uğurlarımızı ancaq neft amili ilə bağlamaq tamamilə yanlış bir yanaşmadır. Neft və qaz hasil edən ölkələr kifayət qədər çoxdur. Bizim bölgədə - Xəzər hövzəsində yerləşən ölkələrin neft-qaz potensialı Azərbaycandakından bir neçə dəfə böyükdür və hasilat da bir neçə dəfə çoxdur. Ona görə bizim uğurlarımızı ancaq neft-qaz amili ilə bağlamaq, əlbəttə ki, tamamilə qəbuledilməzdir. Bizim iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır, ölkənin milli maraqlarının qorunması dayanır, siyasi islahatlar, demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və bütün bunları görməmək mümkün deyildir".

Neftdən gələn gəlirlər hesabına regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində düşünülmüş strategiya həyata keçirən Azərbaycan hökuməti bu sahədə mühüm nailiyyətlərə imza atmışdır. O da təsadüfi deyil ki, sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son 11 il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. 2004-cü ildən həyata keçirilən regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin əksini tapması da təsadüfi olmayıb, bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlmişdir. 2004-2008 və 2008-2013-cü illərdə həyata keçirilmiş regional inkişaf proqramları respublikamızın regionlarında yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan vermişdir. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edilmişdir.

Azərbaycan bir müddət əvvəl Dünya İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatında öz mövqelərini yaxşılaşdırmışdır. Hesabatın hazırlanmasında statistik məlumatlardan və dünyanın 144 ölkəsində fəaliyyət göstərən iş adamları arasında sorğunun nəticələrindən istifadə olunmuşdur. Hesabata görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı ölkələr arasında 38-ci yerdə qərarlaşmışdır. Beləliklə də, son bir il ərzində Azərbaycan rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq dünya sıralamasında 1 pillə irəliləmişdir.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2015" hesabatında isə Azərbaycan 189 ölkə arasında 8 pillə irəliləyərək 80-ci yerə yüksəlmiş və bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasında qərarlaşmışdır. Biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən yeni hesabatda ölkəmiz ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə mövqe tutmuşdur.

Azərbaycan hesabatda 3 göstərici üzrə ("Əmlakın qeydiyyatı", "Biznesə başlama" və "Vergilərin ödənişi") həyata keçirilən islahatlar üzrə ən yaxşı göstəricisi olan ölkələr sırasındadır. "Biznesə başlama"da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, "Əmlakın qeydiyyatı"nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimə inteqrasiyası, "Vergilərin ödənişi"ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanmışdır. Ölkəmizin "əmək bazarının səmərəliliyi", "texnoloji səviyyə", "maliyyə bazarının inkişafı" göstəriciləri üzrə də mövqeyi yaxşılaşmışdır.

Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Nəticədə ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft siyasəti davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə, Azərbaycanın iqtisadi cəhətdən daha güclü dövlətə çevrilməsini təmin edəcəkdir.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 18 noyabr.-  S.6.