Dədə Qorqud
yaşıdlı sənətə xalq məhəbbəti
II Beynəlxalq
Aşıq Festifalı
Saz türkün tarixi yaddaşıdır. Onun sinəsində nələr qövr etməyib?! Hicrandan, qəm-kədərdən, dərd-möhnətdən sıyrılıb çıxan türkün döyüşkənliyinə və basılmazlığına, əzmkarlığına və qalibiyyətinə aparan yolda yoldaşına, sirdaşına dönüb. Saz Dədə Qorqudun sinəsində müdrikləşib: "Dilqəmi"də Dilqəmin, "Yanıq Kərəmi"də Kərəmin nakam məhəbbətindən haray salıb, Koroğlunun əlində misri qılınca dönərək "Cəngi" çalıb - düşmən başına ildırım kimi çaxıb...
Əsrlərin və nəsillərin yadigarı olan ozan-aşıq sənəti bugünümüzədək həm şərəfli, həm də ağrı-acılı bir yol keçib. Noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimində bir daha bu ulu, ölməz sənətin keçdiyi yola qısa nəzər salınıb, onun əbədiyaşarlığını təsdiqləyən səbəblər dilə gətirilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbiri açarkən milli mədəniyyətimizin təbliği baxımından festivalın əhəmiyyətindən danışaraq deyib ki, ölkəmizdə ikinci dəfə keçirilən beynəlxalq aşıq festivalına Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Gürcüstan və Dağıstandan (Rusiya Federasiyası) da saz-söz sənətkarları qatılıb. UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərdiyi səylər, həyata keçirdiyi beynəlxalq layihələr nəticəsində aşıq sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhz bunun nəticəsidir ki, muğam sənətindən sonra aşıq sənəti də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn bu ədəbi irs ustad el şairlərinin yetişməsinə, püxtələşməsinə təkan verib. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Molla Cümənin, Aşıq Alının, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Aşıq Hüseyn Şəmkirlinin, Mikayıl Azaflının, Aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar bu gün gözəl sənət nümunələridir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub isə
bildirib ki, Prezident İlham
Əliyevin dəstəyi ilə reallığa çevrilən
bu festival aşıq
sənətinin beynəlxalq aləmdə tanıdılması
və təbliği, mədəniyyətimizin
inkişafında ozan-aşıq sənətinin yayıldığı
ölkələrin sənətkarlarının bir araya gəlməsi üçün böyük
imkanlar yaradır: "Özündə milli ruhumuzu, musiqimizi, qəhrəmanlıq tariximizi
əks etdirən aşıq sənəti biz
türklərə məxsusdur. Harada türk varsa,
orada saz var, harada saz
varsa, orada türk var. Azərbaycan xalqı da bu
irsi müqəddəs
sənət kimi ulu Dədə Qorquddan üzübəri qoruyub, yaşadıb və inanıram ki, bundan sonra
da yaşadıb təbliğ edəcək".
Sonra səhnə Türkiyə, Qazaxıstan, Özbəkistan,
Türkmənistan, İran,
Gürcüstan (Borçalı),
Dağıstan, habelə
Qazax, Tovuz, Naxçıvan, Göyçə,
Şirvan, Kəlbəcər,
Laçın aşıqlarına
verilib.
Xatırladaq ki, ölkəmizdə I Beynəlxalq Aşıq Festivalı 2010-cu ilin oktyabrında keçirilib. Nəzərdə tutulduğu kimi, noyabrın 17-dək davam edən II Beynəlxalq Aşıq Festivalı çərçivəsində aşıqlar Yevlax, Gədəbəy, Şəmkir,
Qazax, Tovuz və Ucar rayonlarında
da çıxış
ediblər.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2014.- 18 noyabr.- S.8.