Malayziya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir

 

Noyabrın 18-də ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA) üzv dövlətlərinin Assambleyasının 3-cü sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn Malayziya Krallığı Baş nazirinin Aparatında nazir Pol Lou Senq Kuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nümayəndə heyətinin tərkibində olan Malayziya Antikorrupsiya Komissiyasının baş komissarı Abu Kassim Mohamed də görüşdə iştirak edib.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir F.Məmmədov bu ilin sentyabrında Malayziya Baş nazirinin Azərbaycana səfərinin və imzalanmış mühüm sənədlərin bu əlaqələrə böyük təkan verdiyini vurğulayıb. Dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparıldığı, bu sahədə qanunvericilik və institusional tədbirlər, o cümlədən Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti diqqətə çatdırılıb.

Nazir korrupsiya ilə mübarizədə mühüm rol oynayan məhkəmə-hüquq sisteminin inkişafından, infrastrukturun müasirləşdirilməsindən, elektron məhkəmənin və qabaqcıl İKT-lərin tətbiqi üzrə görülən işlərdən danışıb, hakimlərin Avropada ən şəffaf seçimini qeyd edib. Fikrət Məmmədov vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının 2012-ci ildə Malayziyada VI illik konfransının yüksək səviyyədə keçirilməsini, Assosiasiyanın İcraiyyə Komitəsində Abu Kassim Mohamed ilə səmərəli qarşılıqlı fəaliyyəti vurğulayıb.

Azərbaycana ilk dəfə səfərindən məmnunluğunu və respublikamızın hərtərəfli dinamik tərəqqisindən heyranlığını ifadə edən qonaq ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycanın IACA-nın Assambleyasının sessiyasına ev sahibliyinə görə təbrik edib. Malayziyalı nazir ölkəsinin beynəlxalq əməkdaşlığa mühüm önəm verdiyini bildirərək Azərbaycan ilə müsbət təcrübələrin bölüşdürülməsinin əhəmiyyətini diqqətə çatdırıb, respublikamızda korrupsiya qarşı mübarizə tədbirlərini, hakimlərin seçimini şəffaflığına görə təqdir edib.

Görüşdə hüquqi sahədə, korrupsiya ilə mübarizədə əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün faydası vurğulanıb.

Sonra qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

 

Azərbaycan.-2014.- 19 noyabr.-  S.6.