Malayziya Krallığının
nümayəndə heyəti Baş Prokurorluqda
Noyabrın
18-də baş prokuror Zakir Qaralov Beynəlxalq Antikorrupsiya
Akademiyasının (İACA) ali qurumu - üzv dövlətlərin
Assambleyasının 3-cü sessiyasında iştirak etmək
üçün Azərbaycanda səfərdə olan Malayziya
Krallığı Baş nazirinin Aparatında nazir Pol Lou Senq
Kuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonaqları səmimiyyətlə salamlayan baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik, mühüm tərəfdaş və dost ölkə kimi ildən-ilə daha da genişlənən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. Zakir Qaralov ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması barədə ətraflı məlumat verib. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan baş prokuror Zakir Qaralov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin, o cümlədən Malayziya Krallığının Antikorrupsiya Komissiyası ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirdiyini bildirib.
Görüşdə Pol Lou Senq Kuan göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib, ölkəmizin məhkəmə, habelə prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduğunu vurğulayıb. Malayziyanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən Azərbaycanın verdiyi dəstəyə görə Krallığın Baş nazirinin təşəkkürünü çatdıran qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər qazanmasını xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.
Malayziya Antikorrupsiya Komissiyasının baş komissarı Abu Kassim Mohamed ölkələrimizin antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığından məmnunluğunu ifadə edərək korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların nümayəndələri üçün öz təşəbbüsü ilə mütəmadi qaydada təşkil olunan beynəlxalq tədbirlərdə azərbaycanlı həmkarlarının fəal iştirakını xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Malayziya Antikorrupsiya Komissiyası arasında əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılıq əldə edilib.
Söhbət zamanı hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. İki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olublar.
Muzeydə ulu öndər
Heydər Əliyevin həyat və
yaradıcılığına həsr olunmuş
guşə və eksponatlar, eyni zamanda, Azərbaycan Prokurorluğunun zəngin tarixi
qonaqlarda xoş təəssürat
oyadıb.
Azərbaycan.-2014.- 19 noyabr.- S.6.