Dini tolerantlığın möhkəmləndirilməsinə
dair beynəlxalq
konfrans Bakı bəyanatının
qəbulu ilə başa çatıb
ATƏT-in
Bakı layihə əlaqələndiricisi, Azərbaycan
hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və
UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının birgə təşkilatçılığı
ilə Bakıda ilk dəfə keçirilən “Dini
tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan
modeli, ATƏT regionu və onun hüdudlarından kənarda
çağırışlar)” mövzusunda beynəlxalq
konfrans noyabrın 18-də bəyanatın qəbulu ilə
başa çatıb.
AzərTAc xəbər verir ki, konfransın “Qloballaşan dünyada dini radikallaşma meyllərinin qarşısının alınması” mövzusunda sessiyasında çıxış edənlər dünyada dini zəmində münaqişələrin artmasının narahatlıq doğurduğunu bildiriblər. Qeyd edilib ki, hər bir cəmiyyətdə insanlar qarşılıqlı anlaşma, sülh şəraitində birgə yaşamağı öyrənməlidirlər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu konfransın dünya miqyasında üzləşdiyimiz bəzi problemlərin həlli yolunda əməkdaşlıq sahəsində yeni mərhələyə vəsilə olması və terrorizm, radikalizm kimi qlobal problemlərin qarşısının alınması ilə bağlı səmərəli müzakirələrin aparılması baxımından tarixi hadisə olduğunu qeyd edib.
Azərbaycanda multikulturalizm dəyərlərinin inkişafı üçün əməli addımlar atıldığını söyləyən şeyxülislam bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi ilə keçirilən ənənəvi Beynəlxalq Mədəniyyətlərarası Dialoq forumları, Humanitar forumlar bu ideyalara sadiqliyimizin bariz sübutudur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “Biz müasir dövrün qlobal bəlalarından xilas olmalı və insanlığın rifahı naminə birlik və tolerantlığımızı daim qoruyub saxlamalı, mədəniyyətlərarası, dinlərarası dialoqu inkişaf etdirməliyik”.
Şeyxülislam qeyd edib ki, gənclərin müxtəlif vasitələrlə şirnikləndirilib başqa dövlətlərin ərazisində gedən siyasi qarşıdurmalara və müharibələrə cəlb olunması yolverilməzdir. Bu baxımdan yetişməkdə olan gənc nəslin daha sağlam mənəvi həyat sürmələri yönündə səylərimizi birləşdirməliyik. Bu yolla çoxmədəniyyətli və çoxkonfessiyalı dünyamızın birliyini və sabitliyini qoruyub saxlaya bilərik. Biz bütün dünya dinlərinin dəyərlərini, müqəddəs şəxsiyyətlərini, rəmzlərini məqsədyönlü və qərəzli hücumlardan qorumalı, millətlərarası və dinlərarası qarşıdurma yaratmaq istəyənlərin məkrli niyyətlərini puça çıxarmalı, ekstremizmin, ksenofobiyanın qarşısını birgə səylərlə almalıyıq.
QMİ-nin sədri deyib ki, bu konfransın təşkilini uğurlu addım hesab etmək olar. Biz dini mərkəzlərin beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Avropa Şurası ilə əməkdaşlığının vacibliyini əvvəllər də bildirmişik, bu gün də bunu təkrar edirik.
Azərbaycanda hər zaman milli və bəşəri dəyərlərə böyük önəm verildiyini deyən şeyxülislam Allahşükür Paşazadə ölkəmizin iqtisadi, siyasi, diplomatik sahələrdə uğurlarının, nümunəvi dini-mənəvi həyatının dünyanın diqqət mərkəzində olduğunu söyləyib. Vətəndaşların demokratik azadlıqlarının, fundamental insan hüquqlarının, o cümlədən dini etiqad azadlığının təmin olunduğunu bildirən Allahşükür Paşazadə qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətləri konstruktiv, səmərəli əməkdaşlıq, qarşılıqlı etimad və ehtiram zəminində inkişaf edir. Şeyxülislam deyib ki, Azərbaycandakı mövcud tolerantlıq modeli bütün dünya, o cümlədən ATƏT məkanı üçün olduqca dəyərlidir. Biz Azərbaycan xalqı olaraq dünya dövlətləri ilə təcrübəni bölüşməyə, bəşəriyyətin mənəvi mədəniyyət xəzinəsinə töhfəmizi bəxş etməyə hazırıq.
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski hazırda ATƏT məkanında müxtəlif problemlərin müşahidə olunduğunu bildirib. Qeyd edilib ki, dinlərin verdiyi mesajları, tolerantlıq ideallarını yaymaq zəruridir. Dini dözümsüzlük, radikalizm beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdir. Dini tolerantlıqla bağlı tədbirləri çox keçirməliyik. Azərbaycanda bu sahədə vəziyyət təqdirəlayiqdir. Biz yollar tapmalıyıq ki, gəncləri dinlə bağlı müzakirələrə cəlb edək. Dini icmalar dini tolerantlığın möhkəmlənməsində vacib rol oynaya bilər. Beynəlxalq səviyyədə isə dövlətlər ən yaxşı təcrübələrini bölüşə bilər. ATƏT sülhün bərqərar olması üçün əməkdaşlığa hazırdır.
A.Şaxtaxtinski konfransın əsas məqsədinin əməkdaşlığı gücləndirməklə təhlükəsizliyin təminində dinin rolunun artırılması olduğunu diqqətə çatdırıb, səmərəli müzakirələrin aparıldığını vurğulayıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva müasir dövrün qlobal problemləri arasında ekstremizmin, ksenofobiyanın, dözümsüzlüyün də olduğunu bildirib, bu hallara qarşı mübarizədə səylərin gücləndirilməsinin, tolerantlığın, sivilizasiyalararası dialoqun təşviqinin vacibliyini vurğulayıb. Birinci katib bütün beynəlxalq qurumlar kimi, UNESCO-nun da bu məsələni diqqətdə saxladığını söyləyib.
Dünya mədəni irsinə xüsusi töhfə verən Azərbaycan torpaqlarının bir hissəsinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu söyləyən Günay Əfəndiyeva həmin ərazilərdə dini, mədəni abidələrimizin yerlə-yeksan edildiyini diqqətə çatdırıb. “Buna baxmayaraq Bakının mərkəzində erməni kilsəsi mövcuddur”, - deyə birinci katib əlavə edib.
Günay
Əfəndiyeva Bakıda keçirilən konfransın dini
tolerantlığın möhkəmləndirilməsi işinə
töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan.-2014.- 19 noyabr.- S.6.