Azərbaycan-İran əlaqələri yeni mərhələdə uğurla inkişaf edir

 

İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır.

 

İlham ƏLİYEV

 

İran dövləti ilə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttində prioritet istiqamətlərdən biridir. Rəsmi Tehranın da Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.

Azərbaycan və İran xalqları arasında din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlıq rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətləri də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu öndərin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev regionda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər fonunda xarici siyasətdə İranla əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu təsdiqlədi. Respublikamız ABŞ və bəzi Qərb dövlətlərinin İrana qarşı artan təzyiqləri fonunda geosiyasi rəqabət meydanına, hansısa dövlətin platsdarmına çevrilmək niyyətindən uzaq olduğunu bəyan edərək qonşu dövlətlə mehriban münasibətlərin qorunub saxlanılmasının tərəfdarı kimi çıxış etdi. ABŞ-ın “nüvə təhlükəsi” ilə bağlı narahatlığını başa düşən rəsmi Bakı həmçinin İranın uranın zənginləşdirilməsi proqramının dinc məqsədlərə - nüvə enerjisi əldə etmək niyyətinə hesablandığına ümidvar olduğunu vurğuladı. Rəsmi Bakı eyni zamanda nə vaxtsa ərazisindən İrana qarşı hərbi müdaxilə məqsədilə istifadə olunmasına heç zaman yol verməyəcəyini dəfələrlə bəyan etmişdir. İran dövləti də Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və digər təşkilatlarda daim müdafiə edib.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu günlərdə Azərbaycana rəsmi səfər etməsi də ikitərəfli münasibətlərin daha da inkişafına ciddi təsir göstərəcək. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirildi. Əməkdaşlığın daha da dərinləşməsinə mane ola biləcək əngəllərin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulandı.

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanma mərasimi keçirildi. Bu sırada Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İranın Enerji Nazirliyi arasında, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə İranın İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisaditexniki əməkdaşlıq üzrə Anlaşma Memorandumu, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında, həmçinin Azərbaycan və İran hökumətləri arasında informasiyakommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Səfər çərçivəsində Azərbaycan və İran arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında birgə sənədə imza atıldı. İki ölkə arasında imzalanmış müxtəlif razılaşmalar əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Sənədlərin imzalanması mərasimindən sonra ölkə rəhbərləri mətbuatda birgə bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətləri belə xarakterizə etdi: “Bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış, yaratmışlar. Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Son aylar ərzində bu əlaqələr yeni pilləyə qalxmışdır.

Bizim çox gözəl siyasi əlaqələrimiz vardır. Mütəmadi təmaslarımız, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda bir-birimizə göstərilən dəstək siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik və bütün məsələlərdə bir-birimizin yanındayıq. Ölkələrimiz üçün ən vacib və həssas məsələlərdə də biz qarşılıqlı dəstək göstəririk. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik”.

Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. İranın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında artan nüfuzu, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

İran Prezidenti Həsən Ruhani deyib: “Cənab Prezident İlham Əliyevin Tehrana səfəri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etdi. Bizim bu gün dostlarımızla keçdiyimiz yol ölkələrimiz arasındakı inkişaf yoludur. Bu səfər də həmin inkişaf yolunun təkmilləşdirilməsinə öz töhfəsini verəcək və bunu daha da sürətləndirəcəkdir. Əgər desək ki Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər, bir-birini çox yaxşı başa düşürlər. Həm yaşayış tərzimizdə, həm davranışımızda olan bu müştərəklik əlaqələrimizin, iki millətin əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradır və bundan istifadə etməliyik. Heç şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın əlaqələrinin yaxınlaşması, bizim əlaqələrimizin yaxınlaşması heç bir üçüncü ölkənin əleyhinə deyil. Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz təhlükəsizliyimizə, daha sürətli inkişafımıza çalışırıq. Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar”.

Rəsmi Bakının İranla mehriban qonşuluq münasibətlərinin tərəfdarı kimi çıxış etməsi son illər ölkələrimiz arasında əlaqələrin ən müxtəlif səviyyələrdə inkişafına ciddi təkan vermişdir. İran bu gün Azərbaycanın ixrac-idxal əməliyyatları apardığı əsas dövlətlərdən biridir - iki dövlət arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artmaqdadır. İranlı adamları Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunda mühüm paya malikdirlər. Mövcud əlaqələr çoxşaxəli olub iqtisadiyyatın ən müxtəlif sahələrini əhatə edir. İran Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan-İran biznes forumunun keçirilməsi də iqtisadi sahədə əlaqələrin davamlı inkişafına əlavə impuls verəcək.

Biznes forumda Azərbaycan və İran tərəfindən sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, səhiyyə, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox adamı iştirak edib. Forumda Azərbaycanın biznesinvestisiya imkanlarına, Sumqayıt Kimya Sənaye Parkı və burada rezidentlər üçün nəzərdə tutulan güzəştlərə, İranın biznes mühiti və hər iki ölkənin adamları arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair məlumat verilib.

İran dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerinirolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin yekunları iki ölkə arasında münasibətlərin intensiv inkişaf etdiyini bir daha təsdiq etdi.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 19 noyabr.-  S.7.