Gənc "Qlobal səfir"
Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı bugünkü mərhələ ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunması da buna xidmət edir.
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyev gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Ulu öndər gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi qarşıya qoymuşdu. Bu gün isə bu siyasət müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələdə davam etdirilir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində hazırda Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların həyata keçirilməsində yaxından iştirak edir. Ona görə də deyə bilərik ki, gənc liderlərin sayına görə bu gün Azərbaycan öyünə bilər.
Belə gənclərimizdən biri də Təbriz Rauf oğlu Cəfərovdur. 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olan Təbriz şagird olduğu dövrdən təhsil sahəsində uğurlar qazanıb. Bununla yanaşı, ictimai fəaliyyətlə də məşğul olaraq müxtəlif layihələrdə iştirak etmiş, bir sıra nominasiyalar üzrə yüksək nəticələrə layiq görülmüşdür. 15 yaşından ölkəmizdə keçirilən müxtəlif mövzulu müsabiqələrdə iştirak etməyə başlayan Təbriz bir çox mükafatlara layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, LG Electronics və Azad Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə keçirilən “LG Bilik Akademiyası” intellektual yarışmasının qalibi olmuşdur. Təbriz qazandığı uğurlarla ali məktəbə gedən yolu daha da asanlaşdırmış və istəyinə çatmışdır. Gənc istedad 2011-ci ildə test imthanlarından yüksək bal toplayaraq ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirməyi qərara almışdır.
Hazırda akademiyanın siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq üzrə tələbəsi olan Təbrizin həyatında yeni bir mərhələ başlasa da o, uğurlarının keyfiyyətini artırmaq və yeni nailiyyətlər qazanmaq üçün fəaliyyətini davam etdirir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Prezident təqaüdçüsü” adına layiq görülüb. 2012-ci ildə Gənclər və İdman, Təhsil Nazirliyi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunan “MƏN AZƏRBAYCANLIYAM” milli bilik yarışmasının qalibi olub. Bu uğurlar ona bilik və bacarığını ölkədən kənarda da nümayiş etdirməsi üçün zəmin yaradıb. 2013-cü il 24-28 may tarixlərində Türkiyənin İzmir və İstanbul şəhərlərində həyata keçirilən “Türkcə Olimpiadaları” Dil və Mədəniyyət Festivalında Azərbaycan nümayəndə heyətinin tərkibində yer alıb. Onu da əlavə edək ki, Təbriz 2012-ci ilin sentyabrından Avropa Hüquq Tələbələri Assosiasiyası Azərbaycan nümayəndəliyinin idarə heyətinin üzvüdür. 7 may 2013-cü ildən həmtəsisçisi olduğu “Bakumedia.az” informasiya portalının baş redaktorudur. İctimai sektorda 5 ilə yaxın təcrübəsi mövcuddur: “Natiqlik”, “Vaxtın idarə olunması”, “Layihə planlaşdırılması”, “Strateji idarəetmə”, “Maliyyənin idarəedilməsi” sahələri üzrə peşəkar bazaya malikdir.
Bizimlə söhbətində Təbriz bildirdi ki, bu gün Prezident təqaüdçüsü olmaq onun məsuliyyətini da çox artırır. Odur ki, hər zaman ona göstərilən bu etimadı doğrultmağa çalışır. Təbriz Çəfərov onu da qeyd etdi ki, Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan gənclər üçün “Prezident mükafatı”na Dövlət İdarəçilik Akademiyasının təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən namizədliyi irəli sürülüb. Təbriz hesab edir ki, Azərbaycan Prezdenti cənab İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. “Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir” - deyən Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Gəncliyin inkişafı ilə bağlı imzalanan dövlət proqramlarının icrası deyilən bütün fikirlərin həqiqət olduğunu göstərir. Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
Təbriz Çəfərov deyir ki, bu gün dövlət tərəfindən bacarıqlı, istedadlı, müasir gənclərin öz potensiallarını, qabiliyyətlərini nümayiş etdirmələri üçün münbit şərait yaradılıb. Bu şəraitdən yararlanan istedadlı Azərbaycan gəncləri yaşadıqları, təhsil aldıqları dünyanın müxtəlif dövlətlərində ölkəmizin müharibə şəraitində olması, tarixi torpaqlarımızın işğal altında saxlanılması, faciələrimiz, qaçqın və məcburi köçkünlərimizin durumu və digər reallıqlarımızı müxtəlif formada nümayiş etdirə, həmin xalqların diqqətinə çatdıra bilirlər. Ancaq diaspora fəaliyyəti ilə yanaşı gənclər bu gün Azərbaycanın qazandığı uğurların, əldə etdiyi nailiyyətlərin də təbliğatını yüksək səviyyədə aparmalıdırlar. Azərbaycan gəncləri dünyanın bir çox beynəlxalq təşkilatlarında fəaliyyət göstərir, həmin qurumların qlobal layihələrində iştirak edir və Azərbaycan adına uğurlu təmsilçiliyə imza atırlar.
Təbriz ötən ay Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən Beynəlxalq Gənc Liderlərin 5-ci Assambleyasında ölkəmizi təmsil edib. Assambleyada “Dağlıq Qarabağ” məruzəsi ilə çıxış edib. Assambleya UNESCAP, UNESCO, Qlobal Sülh Fondu və Qlobal Gənc Liderlər Akademiyasının birgə partnyorluğu ilə həyata keçirilib. Əsas müzakirə panellərindən biri “Sülh üçün mədəniyyət” paneli olub və həmin paneldə Təbriz Çəfərov “Dağlıq Qarabağ” məruzəsi ilə çıxış edərək ümumi sayı 250 nəfərdən çox olan və 40-dan çox ölkəni təmsil edən iştirakçılara münaqişənin mahiyyətini, Azərbaycanın haqqlı mövqeyini özündə ifadə edən məlumat verib. O, Qlobal Sülh Fondu, UNESCAP və Qlobal Gənc Liderlər Akademiyasının birgə təsdiqi ilə “Qlobal səfir” statusuna layiq görülüb.
Bu uğurlarını davam etdirməkdə israrlı olan Təbriz öncə vətənə olan borcunu yerinə yetirmək arzusundadı: “Hər bir azərbaycanlı gənci kimi mən də ali məktəbi bitirib vətənə olan borcumu yerinə yetirmək azrusundayam. Hesab edirəm ki, hər bir istedadlı Azərbaycan gənci təhsildə, elmdə, diaspor fəaliyyətində necə öndədirsə, təmas xəttində də elə olmalı və Ali Baş Komandanın hər bir əmrini yerinə yetirmək üçün ayıq-sayıq durmalıdır”.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 19 noyabr.- S.8.