Azərbaycana 100 il gəlir gətirəcək layihə

 

“Əsrin müqaviləsi”nin 20 illik yubileyi günü Azərbaycan 21-ci yüzilliyin layihəsinə imza atdı. Bu, “Cənub” qaz dəhlizidir. Azərbaycan qazını Xəzərdən Adriatik dənizinə, İtaliyayadək aparan bu dəhliz 3500 kilometrdən çox bir məsafə boyu uzanacaq.

Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin əhəmiyyətini bir daha vurğulamış və onun tarixi hadisə olduğunu xatırlatmışdır:Bu layihənin icra edilməsi, əlbəttə ki, tarixi hadisədir. Heç kəs üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıbdır. Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi. Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik. Əminəm ki, yaxın gələcəkdə “Cənub” qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək”.

“Cənub” qaz dəhlizi üçün əsas resurs Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. “Şahdəniz”i haqlı olaraq dəniz yataqlarının “şah”ı adlandırırlar. İşlənməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən qaz hasil edilən, ümumi ehtiyatları 1 trilyon kubmetrdən çox olan bu yataq dünyanın ən böyük mavi yanacaq mənbələrindən sayılır.

Lakin Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə bitmir. Bir neçə il əvvəl Azərbaycan neftçiləri heç bir xarici şirkətin köməyi olmadan müstəqil şəkildə “Ümid” yatağını işə salıb. Fransanın “Total” şirkəti ilə birgə işlənən “Abşeron” yatağı yaxşı perspektivlər vəd edir. BP-nin əməliyyatçılıq etdiyi “Şəfəq-Asiman” blokunda aparılmış tədqiqatlar hazırda təhlil olunur. Digər perspektiv qaz strukturları da var. Bir sözlə, Azərbaycanın qaz ehtiyatları zəngindir. Təsdiq edilmiş ehtiyatlar 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlar isə 4-5 trilyon kubmetr səviyyəsindədir.

Keçən il dekabrın 17-də “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üçün investisiya qərarı verilib və layihə uğurla irəliləyir. Görüləcək bütün işlər üzrə müqavilələrin əksəriyyəti imzalanıb. Bir çox tikinti sahələrində isə artıq ilkin işlər uğurla başlanıb.

“Şahdəniz-2” üçün daha iki xidmət müqaviləsi imzalanıb. OnlarBredero Shaw International B.V.” şirkəti ilə sualtı axın xətlərinin örtüklənməsi işlərini əhatə edən müqavilələrdir. Bu müqavilələrin dəyəri təxminən 200 milyon ABŞ dolları həcmindədir.

Örtüklənmə işlərinə cari ilin sonlarında başlanacaq və sualtı boru kəmərlərinin inşasının 2015-ci ilə planlaşdırılan birinci, eləcə də 2018-ci ilə nəzərdə tutulan ikinci mərhələsi üçün boruların örtüklənməsi təmin olunacaq.

Bu fakt da təsdiqləyir ki, “Şahdəniz-2” layihələri uğurla irəliləyir. İndiyədək ümumilikdə 9 milyard dollar dəyərində əsas mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri imzalanıb.

Xatırladaq ki, “Şahdəniz-2” layihəsi ildə 16 milyard kubmetr qazın hasil edilməsinə və bu qazın boru kəmərləri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniyaİtaliyaya nəql olunmasına imkan yaradacaq. İlk qazın hasilatı, onun Gürcüstana və Türkiyəyə satışının başlanması 2018-ci ilin sonlarına nəzərdə tutulub. Avropaya isə ilk qaz təxminən bir il sonra çatdırılacaq.

Əlbəttə, “Cənub” qaz dəhlizi belə böyük həcmləri təhlükəsiz şəkildə ixrac etməyə, özünün ötürücülük qabiliyyətini artırmağa malik olan nəql infrastrukturudur. Onun üç seqmenti var. Bunlardan birincisi Cənubi Qafqaz Boru Kəməridır. Bu kəmər 2006-cı ilin sonlarından istismara verilib, əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından isə həm də Türkiyəyə “Şahdəniz-1”dən çıxarılan qazı çatdırır. Azərbaycanın ərazisində 443, Gürcüstanda isə 248 kilometr məsafə qət edir. “Şahdəniz-2”nin qazını da qəbul etmək üçün bu kəmər xeyli genişləndiriləcək. Belə ki, Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq kəmərə paralel surətdə yeni xətt çəkiləcək. Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometr olacaq. Onun başlanğıcında bir ərsinləmə, marşrutu boyu isə beş siyirtmə stansiyası tikiləcək.

Gürcüstanda da işlər görüləcək. Bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, bir ərsinləmə, iki kompressor, təzyiqazaltma və təzyiqölçmə stansiyaları inşa ediləcək. Başqa sözlə, CQBK “Cənub” qaz dəhlizinin güclü bir qolu olacaq.

“Cənub” qaz dəhlizinin növbəti seqmenti TANAP - Transanadolu Qaz Boru Kəməridir. TANAP-ın inşasına hazırlıq işləri başa çatır.

TANAP Türkiyənin şərq sərhədində CQBK-nın çıxış məntəqəsindən başlayacaq. Uzunluğu təxminən 1900 kilometr olan TANAP Türkiyənin qərb sərhədində TAP-la - Transadriatik Qaz Boru Kəməri ilə birləşəcək. TANAP və TAP-ın birləşəcəyi nöqtə Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi məntəqəsidir. Buradan TAP şərqdə Yunanıstan və Albaniya ərazilərindən keçərək qərbə doğru Adriatik dənizinin sahilinə uzanacaq. Kəmərin sualtı hissəsi Albaniyanın Fiyer şəhəri yaxınlığından başlayacaqAdriatik dənizinin altından keçərək İtaliyanın Puqlia rayonunda sahilə çıxacaq. Bundan sonra TAP İtaliyanın qaz nəqletmə şəbəkəsinə qovuşacaq.

Bir sözlə, Azərbaycan qazının gələcəyi böyükdür. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçünyol açacaq.

“Cənub” qaz dəhlizi ərazisindən keçdiyi bütün ölkələrin xalqlarına xeyir-bərəkət gətirəcək. Azərbaycan xalqının iqtisadi və maliyyə məsələlərinin həllinə, rifahının daha da yaxşılaşmasına öz töhfələrini verəcək.

Prezident İlham Əliyev 9 ayın yekunlarına həsr olunmuş iclasda bunu bir daha vurğulamışdır: “Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək, yüzlərlə Azərbaycan şirkəti podratçı kimi iştirak edəcək. Yəni bu, ölkəmizə böyük gəlir və siyasi dividend gətirən bir layihədir, tarixi layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır, lider dövlətdir”.

Bir sözlə, “Cənub” qaz dəhlizi növbəti onilliklər ərzində, ən azı yüz il ərzində Azərbaycana böyük xeyir gətirəcək bir layihədir.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 19 noyabr.-  S.11.