“Beynəlxalq Antikorrupsiya
Akademiyası”na üzv dövlətlərin
Assambleyasının Üçüncü
Sessiyasının iştirakçılarına
Hörmətli
Assambleya iştirakçıları!
Sizi
Bakı şəhərində Beynəlxalq Antikorrupsiya
Akademiyasının Assambleyasının
açılışı münasibətilə təbrik edir
və səmimi qəlbdən salamlayıram.
Azərbaycan
sürətlə inkişaf edən müasir dövlətdir.
Bu dinamikanın saxlanılması üçün tədbirlər
ardıcıl şəkildə davam etdirilir. Ölkəmizdə
şəffaf ictimai münasibətlər sistemi
formalaşdırılmış, demokratik institutların fəaliyyəti
təmin edilmişdir. Fəaliyyətimiz beynəlxalq təşkilatlar
və nüfuzlu reytinq agentlikləri tərəfindən
yüksək qiymətləndirilir. Bu, həm də dövlət
idarəçiliyinin yenilənməsi və korrupsiyaya
qarşı mübarizəni uğurla aparmaq üçün
mövcud qətiyyət və möhkəm siyasi iradə ilə
bağlıdır.
Azərbaycan
Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə
sədrlik etdiyi dövrdə də korrupsiyaya qarşı
mübarizəni prioritet elan
etmiş və beynəlxalq səviyyədə bu problemlə
ciddi məşğul olmaq əzmini göstərmişdir.
Ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərin
aktiv iştirakçısıdır. Azərbaycan BMT-nin
Korrupsiya əleyhinə Konvensiyasına ilk qoşulan dövlətlərdən
biridir.
Şəffaflıq,
açıq hökumət prinsipləri, elektron hökumət,
innovativ yanaşma dövlət siyasətimizin prioritet istiqamətlərindəndir.
Dövlət xidmətlərinin göstərilməsində tətbiq
etdiyimiz korrupsiyanı tam istisna edən xidmət modeli digər
ölkələr üçün də uğurlu nümunə
ola bilər.
Korrupsiyaya
qarşı mübarizənin səmərəli olması
üçün təhsil və təlim daim diqqətdə
saxlanılmalı, yaxşı təcrübələr mütəmadi
mübadilə edilməlidir. Beynəlxalq Antikorrupsiya
Akademiyası bu sahəyə
aktiv töhfə verən yeni beynəlxalq təşkilatdır. Bu fəaliyyət üzv dövlətlər
tərəfindən dəstəklənməlidir.
Əminəm
ki, Assambleya bu sahədə yeni təşəbbüslərin
və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi
üçün yeni imkanlar açacaqdır.
Sizi
bir daha təbrik edir, Assambleyanın işinə uğurlar
arzulayıram!
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 noyabr
2014-cü il
Azərbaycan.-2014.- 20 noyabr.- S.1.