İstanbulun “Çırağan”
sarayında “Bakı-2015”
ilk Avropa Oyunlarının təqdimatı
keçirilib
Təqdimat mərasimində
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak
edib
Kann, Afina və Berlindən sonra “Bakı-2015” ilk Avropa Oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə qardaş ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə “Bakı-2015”ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgiyə baxdılar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox Azərbaycan heykəltəraşının əsərləri nümayiş olunub. Müxtəlif cərəyanlara aid bu əsərlərin hər biri ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir.
Sonra qonaqlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə də baxıblar. Ölkəmizin regionları ilə yanaşı, Bakının müxtəlif mənzərələri, o cümlədən Azərbaycan mədəniyyətinin şah əsərləri bu fotolarda yüksək ustalıqla əks olunub.
Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuzun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara inamın göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi edib. 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı da Bakıda keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz bu günədək olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın mərasimə ünvanladıqları məktub oxunub. Məktubda qədim və müasir Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminlik, qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunur və bu təqdimatın əhəmiyyəti vurğulanır.
Azərbaycanın
birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə
çıxış etdi.
Birinci xanım Mehriban
Əliyevanın çıxışı
- Hörmətli xanımlar və cənablar!
Əziz dostlar, əziz qonaqlar,
Qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Minillik tarixə malik və dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulda bu gecə sizləri görmək və salamlamaq mənim üçün çox xoşdur. Çox sağ olun ki, bu axşam bizimlə birlikdəsiniz. Birlik kəlməsi türk və Azərbaycan xalqlarının hisslərini əks etdirir. Birlik və qardaşlıq dövlətlərarası əlaqələrin də əsasıdır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq, xalqlarımızı möhkəm tellər birləşdirir. Baxmayaraq ki, sovet dövründə 70 il ərzində əlaqələr süni şəkildə kəsilmişdi, xalqlarımızın qəlbində qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır. Biz hər zaman bir-birimizi dəstəkləyirik. Zənnimcə, dünyada ən yaxın və ən doğma qardaş iki dövlət məhz Azərbaycan və Türkiyədir.
Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkələrimiz arasında əlaqələr də bərpa olundu və tamamilə yeni səviyyəyə qaldırıldı. Bu gün demək olar ki, bizim əməkdaşlığımız bütün sahələri əhatə edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi əlaqələr ildən-ilə artmaqdadır. Azərbaycan tərəfindən xarici ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə düşür. Bizim əlaqələrimiz mədəniyyət, təhsil sahəsini də əhatə edir. Yüzlərlə azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində, universitetlərində təhsil alır. Azərbaycan ilə Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurublar. Azərbaycan-Türkiyə birliyi yaşadığımız bölgədə sabitləşdirici amildir. Bizim birgə həyata keçirdiyimiz irimiqyaslı layihələr istər enerji, istərsə də nəqliyyat sektorlarında nəinki bölgə, dünya üçün böyük önəm daşıyır. Türkiyə və Azərbaycan TANAP layihəsinin aparıcı qüvvəsidir. Gələn il istifadəyə veriləcək Bakı-Tbilisi–Qars dəmir yolu Avropa ilə Asiyanı bağlayacaq.
Bütün bu uğurlu layihələrin, uğurlu proqramların təməlində xalqlarımızın qardaşlığı, dövlətlərimizin iradəsi durur. Biz Azərbaycanda Türkiyənin uğurlarına öz uğurlarımız kimi sevinirik. Sevinirik ki, Türkiyə son on il ərzində sürətli inkişaf və tərəqqi yolu ilə gedir. Türkiyə Böyük İyirmiliyin üzvü olaraq dünya problemlərinin həllinə öz töhfəsini verir.
Azərbaycan da son on il ərzində dünyanın ən yüksək templərlə inkişaf edən ölkəsinə çevrilib. Son on ildə iqtisadi artım 3 dəfədən çox olub, büdcə xərcləri 20 dəfə artıb, yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə enib. Ölkədə on il ərzində 3000–dən çox yeni məktəb binası inşa olunub və təmir edilib. Tarixi və mədəni abidələr bərpa olunur, eyni zamanda, yeni mədəniyyət ocaqları, muzeylər, sərgi salonları qurulur.
Azərbaycanın beynəlxalq mövqeyi ildən-ilə möhkəmlənir və bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Heç də təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə və böyük dəstəklə qarşılanıb.
Əziz dostlar, baxmayaraq ki, Olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa Oyunları keçirilməyib. Tarixə ilk Avropa Oyunları kimi daxil olan belə irimiqyaslı yarışları qəbul etmək, hazırlamaq və keçirmək əlbəttə, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir.
Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyunlardan-oyuna qazanılan medalların sayı artmaqdadır. Son Yay Olimpiya Oyunlarında bizim yığma komandamız ikisi qızıl olmaqla on medal qazanaraq, bu nəticə ilə Avropa ölkələri arasında 15-ci yerdə, ümumi iştirakçılar arasında isə 30-cu yerdə olub.
Ölkədə idman infrastrukturunun inşasına, müasirləşməsinə də böyük diqqətlə yanaşılır. Son on il ərzində Azərbaycanda, Azərbaycanın bölgələrində 50-dən çox yeni müasir Olimpiya mərkəzləri tikilib. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı ildən-ilə artır və onların qarşısında yeni perspektivlər, yeni imkanlar açılır. Bu il Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında bizim gənc atletlərimiz 5-i qızıl olmaqla, 12 medal qazanaraq, iki yüzə yaxın ölkənin arasında onuncu yeri tutublar.
Ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Azərbaycanda idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatları keçirilir. Bütün bu tədbirlərin ən yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. Bir sözlə, bütün bu amilləri - idmançılarımızın, atletlərimizin nailiyyətlərini, dövlət tərəfindən idmanın inkişafına möhkəm dəstəyi, mövcud idman infrastrukturunu və əlbəttə, ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsini qərara alıb.
Oyunlarda 6 mindən çox atlet iştirak edəcək, 20 idman növündə yarışlar keçiriləcək. Birinci Avropa Oyunları Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk oyunlar gələcək oyunların səviyyəsini, standartlarını müəyyən edəcək. Baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi, beynəlxalq idman federasiyaları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq, çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək.
Sonda, əziz qonaqlar, mən fürsətdən istifadə edərək, sizi birinci Avropa Oyunlarını izləmək üçün Azərbaycana - Bakıya dəvət etmək istəyirəm.
Bu axşam bizimlə olduğunuza görə sizə bir daha dərin minnətdarlığımı bildirirəm. İstanbul şəhəri mənim üçün çox doğma və əziz şəhərdir. Bu şəhərin təkrarolunmaz ab-havasını onun gözəl təbiəti, unudulmaz tarixi və mədəni abidələri ilə yanaşı sizlər, bu şəhərdə yaşayan insanlar yaradıb və ona görə də sizə isti qonaqpərvərliyiniz üçün təşəkkür edirəm.
Qardaş Türkiyəyə sülh, əmin-amanlıq və gələcək uğurlar arzu edirəm. Çox sağ olun.
Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri, Bakıda yaradılan idman infrastrukturu və digər tədbirlər barədə geniş məlumat verildi.
Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən idman sahəsində böyük inkişafa nail olduğunu qeyd etdi. Bildirildi ki, Türkiyə ilə Azərbaycanın daim bir-birinə dəstək verməsi ölkələrimizin qardaşlıq bağlarını daha da möhkəmləndirib və bu gün hər iki ölkə bir çox məsələlərdə eyni mövqedən çıxış edir.
“Bakı-2015”in təqdim edildiyi şəhərlər sırasına İstanbulun da daxil olmasını yüksək qiymətləndirən Akif Çağatay Kılıç qısa vaxtda oyunlara hazırlıq işlərinin sürətlə davam etməsinin sevindirici hal olduğunu diqqətə çatdırdı. O, əmin olduğunu bildirdi ki, ilk Avropa Oyunları qitənin tarixinə parlaq hadisə kimi düşəcək.
Tədbirin sonunda Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu öz ifası ilə qonaqlara xoş anlar yaşatdı.
Qeyd edək ki, Avropa Oyunları 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında təsis olunub və Avropa ölkələrinin Olimpiya komitələrinin yekdil qərarı ilə yaradılıb. Baş Assambleyanın yığıncağında oyunlara ev sahibliyi hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa Oyunlarının Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılıb.
Türkiyə mediası Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə geniş məqalələr dərc edib.
Sabir
Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2014.- 20 noyabr.- S.5.