Bakıda IACA-nın üzvü və iştirakçısı olan dövlətlərin

Assambleyasının üçüncü sessiyası işə başlayıb

 

 

Noyabrın 19-da Bakıda, “Four Seasons” otelində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının 3-cü sessiyası işə başlayıb.

AzərTAc xəbər verir ki, sessiyada 43 ölkədən 130-dan çox nümayəndə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların - Avropa Şurasının, Avropa İttifaqının, Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun, müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri iştirak edirlər.

Əvvəlcə Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxudu.

Sessiyanı giriş sözü ilə açan Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı katibi Martin Kreutner Akademiyanın sürətli  inkişafını və artıq dünya əhalisinin üçdə ikisini əhatə etdiyini diqqətə çatdırdı. O, Azərbaycanın IACA-ya qoşulduğu vaxtdan qurumun işində fəallığını bildirərək ölkəmizin bu mötəbər tədbirə ev sahibliyini təqdirəlayiq adlandırdı. M.Kreutner bu tədbirin Akademiyanın təşkilat kimi möhkəmlənəcəyinə böyük təkan verəcəyini qeyd edərək Azərbaycanın bu məsələdə dəstəyini, eləcə də sessiyanın yaxşı təşkil olunduğunu yüksək dəyərləndirdi.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov regionun aparıcı dövləti olan, demokratik imicini gücləndirən Azərbaycanın Beynəlxalq Antikorrupsiya  Akademiyası kimi nüfuzlu qurumun təşkilatçılığı ilə keçirilən tədbirə yenidən ev sahibliyi etməsinin hüquq ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirdi.

Baş prokuror Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi müddətində korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli əməkdaşlığın digər məsələlərlə yanaşı, prioritetlər sırasına daxil edilməsini dövlətimizin başçısı İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsi olduğunu vurğuladı. Zakir Qaralov Azərbaycanın bütün beynəlxalq təşkilatlar kimi, IACA-nın da fəaliyyətinə çox böyük önəm verməklə bu mötəbər tədris qurumu ilə sıx əlaqələr yaratdığını və təşkilatın üzvü kimi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini diqqətə çatdırdı. Baş prokuror Assambleyanın üçüncü sessiyasının qlobal səviyyədə əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacağına, dünyada korrupsiyaya qarşı mübarizə sahəsində proseslərə töhfə verəcəyinə ümidvar olduğunu söylədi.

Assambleyanın sədri, Tailand Krallığı Milli Antikorrupsiya Komissiyasının prezidenti Panthep Klanaronqran IACA-ya yeni üzvlərin və iştirakçı dövlətlərin qoşulması ilə qurumun fəaliyyətini daha da genişləndirərək mühüm beynəlxalq təsisata çevrildiyini qeyd etdi. Gündəliyə daxil olan məsələlər barədə məlumat verən P.Klanaronqran tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.

Çıxışlardan sonra təşkilati məsələlər müzakirə edildi. P.Klanaronqranın bir illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının növbəti il üçün sədri seçildi.

Göstərilən yüksək etimada görə minnətdarlığını bildirən baş prokuror Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının işinə rəhbərlik edəcəyi dövrdə qarşıda duran vəzifələrə dair fikirlərini diqqətə çatdırdı.

IACA Assambleyasının sədri, baş prokuror Zakir Qaralov təhsilin insan həyatında, onun şəxsiyyət kimi formalaşmasında əvəzedilməz rolunu vurğulayaraq Akademiyanın tədris müəssisəsi kimi ənənəvi yay kurslarının təşkili sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsinin, iqtisadiyyat, hüquqşünaslıq, politologiya, psixologiya kimi sahələrin inteqrasiyasının və cəmiyyətin bütün təbəqələrini əhatə edən “Antikorrupsiya tədqiqatları üzrə master” kursların keyfiyyətcə yeni məzmun daşımasının vacibliyini diqqətə çatdırdı.

Akademiyaya üzv dövlətlərin sayının artırılması istiqamətində işin prioritet vəzifələrdən olduğunu bildirən baş prokuror qabaqcıl təcrübənin öyrənilməsi və bölüşdürülməsi məqsədilə keçirilən  treninqlərin coğrafiyasının müxtəlif mövzular üzrə regional konfransların təşkili yolu ilə genişləndirilməsinin zəruriliyini qeyd etdi. Bu baxımdan Z.Qaralov IACA ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında 2012-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində gələn ilin yayında Vergilər Nazirliyinin Şamaxı rayonunda beynəlxalq tədbirlərə ev sahibliyi üçün hər cür şəraiti olan Tədris Mərkəzində korrupsiya qarşı mübarizə sahəsində aktual mövzuya həsr olunmuş regional konfransın keçirilməsini təklif etdi.

Baş prokuror IACA-nın Nizamnaməsinə müvafiq olaraq, təşkilatın üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün tədris ocağının ianə və maliyyə mənbələrinin artırılması istiqamətində Akademiyaya maddi dəstəyin gücləndiriləcəyini bildirdi. Zakir Qaralov, həmçinin Akademiyanın fəaliyyətini əks etdirən, habelə onun məzunlarının jurnalı kimi elektron nəşrlərlə yanaşı, korrupsiyanın ayrı-ayrı növləri üzrə istintaq metodikasını əks etdirən tövsiyələr və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirici bələdçilərin hazırlanmasının tədris ocağının mühüm işi olmasını vurğuladı. Baş prokuror mövcud modeli beynəlxalq təşkilatlar tərəfindən nümunə kimi qeyd olunan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təcrübəli prokurorları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində bu kateqoriyadan olan cinayətlərin ilkin araşdırılması və istintaq metodikasına dair tövsiyələrin hazırlanmasının Azərbaycan tərəfinin Assambleyaya rəhbərliyi müddətində həmkarlara töhfəsi olacağını bildirdi. 

Daha sonra müşahidəçilərin iştirakı ilə etimadnamələr şöbəsinin hesabatı dinlənilərək qəbul olundu.

Beynəlxalq tədbir noyabrın 21-dək işini davam etdirəcək.

 

 

Korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən olmaqla, bu ümumbəşəri sosial bəlaya qarşı ölkəmizdə ardıcıl və sistemli mübarizə tədbirləri həyata keçirilir. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, milli qanunvericiliyin BMT-ninAvropa Şurasının konvensiyalarına uyğunlaşdırılması həyata keçirilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış  beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir. Beynəlxalq Antikorrupsiya Akademiyası BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində həmin Konvensiyaya üzv olan dövlətlərin 2009-cu ilin noyabrında Qətərin paytaxtı Dohada keçirilmiş üçüncü illik konfransının qərarına əsasən yaradılıb.

Beynəlxalq təşkilat kimi 2011-ci il martın 8-dən fəaliyyətə başlayan IACA korrupsiyaya qarşı mübarizə sahəsində nəzəriyyə və praktikada mövcud çatışmazlıqların aradan qaldırılmasına istiqamətlənmiş nadir institutdur. Akademiya qısa müddətdə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının, eləcə də özəl sektorun nümayəndələrinin ixtisaslarının artırılması, təcrübə mübadiləsi, bu istiqamətdə elmi araşdırmaların aparılması sahəsində məhsuldar fəaliyyətə başlayıb.

 

Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyası yarandığı vaxtdan bu qurum ilə sıx əməkdaşlığa başlayıb. Akademiyanın beynəlxalq keçid qrupunun rəhbəri Martin Kreutner 2012-ci il fevralın 14-15-də Azərbaycanda səfərdə olub. Həmin il fevralın 15-də Vergilər Nazirliyinin Şamaxıdakı Tədris Mərkəzində Beynəlxalq Antikorrupsiya Akademiyası ilə birgə “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransın sonunda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınmasını birgə təşviq etmək və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə Beynəlxalq Antikorrupsiya Akademiyası və Vergilər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, kadrların nəzəri və peşə hazırlığının artırılmasında  əhəmiyyətli rolu nəzərə alınaraq Prezident İlham Əliyev 2012-ci il iyunun 29-da Azərbaycan Respublikasının “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə qoşulması barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. IACA-nın beynəlxalq təşkilat kimi təsis edilməsi haqqında Sazişi bu günə qədər Azərbaycan Respublikası da daxil olmaqla 60 ölkə imzalayıb. Həmçinin Akademiya beynəlxalq əməkdaşlığa önəm verərək 25 beynəlxalq təşkilat və qurumla anlaşma memorandumları imzalayıb.

Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Akademiyanın yay kurslarında müntəzəm təhsil alırlar. Cari ildə prokurorluğun iki əməkdaşı da daxil olmaqla, digər dövlət qurumlarından cəmi 5 nəfər bu tədris ocağının magistraturasına daxil olaraq korrupsiyaya qarşı mübarizə sahəsində biliklərini inkişaf etdirirlər.

Səmərəli qarşılıqlı fəaliyyətin nəticəsidir ki, İACA-nın ali qurumununüzv dövlətlərin Assambleyasının üçüncü sessiyası Bakıda keçirilir. 

 

Azərbaycan.-2014.- 20 noyabr.- S.6.