Ölkəmizdə uşaq
hüquqları yüksək səviyyədə qorunur
20 noyabr Ümumdünya Uşaq
Günüdür
Noyabr ayının 20-də BMT-nin Uşaq Hüquqları Konvensiyasının imzalanmasının 25-ci ildönümü tamam olur. Konvensiya dünya birliyinin uşaqlarla bağlı ən ülvi arzu və istəklərinin hərtərəfli ifadəçisi kimi insan hüquqları sahəsindəki mühüm beynəlxalq sənədlər sırasında xüsusi yer tutur. 1978-ci ildə Polşa hökuməti tərəfindən BMT-nin İnsan hüquqları komissiyasına uşaq hüquqları haqqında Konvensiya təqdim olunmuşdur. 1979-cu ildə təşkilatın bununla bağlı xüsusi işçi qrupu yaradılmış, sonrakı 10 il ərzində danışıqlar, diskussiyalar davam etmişdir.
Nəhayət, 1989-cu il noyabrın 20-də Uşaq Hüquqları Konvensiyası BMT-nin Baş Məclisinə təqdim edilmiş və qəbul olunmuşdur. Konvensiya 1990-cı ildə 20 dövlətin ratifikasiyasından sonra qüvvəyə minmişdir. Sonrakı mərhələdə isə BMT-yə üzv bütün dövlətlər Konvensiyaya qoşulduqlarını bəyan etmişlər. Konvensiyanın prinsip və standartları bütün ölkələr tərəfindən tanınmış və universal olaraq qəbul edilmişdir. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar bütün öhdəliklər ilk növbədə hər bir dövlətin üzərinə qoyulmuşdur.
Ümumiyyətlə, insan hüquqlarını demokratik inkişafın ayrılmaz hissəsi, bəşəriyyətin ədalətli cəmiyyətə qovuşmaq idealının ali təzahürü, vətəndaş cəmiyyətinin yetkinliyinin əsas meyarı kimi qəbul edən dövlətlər sağlam gələcəkləri naminə uşaqların yüksək sosial-mənəvi mühitdə böyümələrinə çalışırlar. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmlərinin yaradılması isə ilk növbədə onların layiqli, firavan yaşayış tərzinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkilini nəzərdə tutur.
Uşaqların qayğılarına, problemlərinə beynəlxalq səviyyədə xüsusi diqqət yetirilir. 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi beynəlxalq miqyasda uşaqların müdafiəsi günü kimi qeyd olunur. Bu əlamətdar gündə ilk növbədə uşaqların söz, dini etiqad azadlığı, təhsil, sağlamlıq, istirahət və əyləncə, fiziki və psixoloji zorakılıqdan, istismardan qorunmaq kimi hüquqları böyüklərin diqqətinə çatdırılır, müxtəlif tədbirlər keçirilir.
Uşaq hüquqlarının müdafiəsi, onların normal sosial-mənəvi mühitin hökm sürdüyü cəmiyyətə layiqli insan kimi yetişməsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənməsi, azyaşlı körpə və yeniyetmələrin zəngin daxili potensialının, dünyagörüşünün formalaşmasına imkan verən yaradıcı atmosferin formalaşdırılması son 20 ildə Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev müstəqil respublikamıza rəhbərliyi dövründə uşaqlara özünün saf mənəvi dünyasından qaynaqlanan yüksək məhəbbətlə yanaşmış, onlarla sıx təmasda olmuş, cəmiyyətin bu kövrək və həssas təbəqəsinin ahəngdar inkişafının təmin edilməsi üçün bütün tədbirləri həyata keçirmişdir. 1993-cü ildən bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar aparılmış, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuşdur, Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.
"Uşaq hüquqları haqqında" qanuna əsasən respublikamızda uşaq hüquqları sahəsində dövlət siyasətinin əsas istiqamətləri uşaq hüquqlarının etibarlı təmin edilməsindən, uşaqların sağlam mühitdə tərbiyə olunması və yaşayışı üçün normal şəraitin yaradılmasından, valideyn himayəsindən məhrum olan körpələrin 18 yaşınadək dövlət himayəsinə götürülməsindən və s. ibarətdir.
Humanizmə və yüksək insani dəyərlərə hörmət prinsipinə əsaslanan bu siyasəti son 11 ildə dövrün tələbləri səviyyəsində davam etdirərək zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqların cəmiyyətin və dövlətin yüksək qayğısı ilə əhatə olunmasına çalışır. Şübhəsiz, yalnız təhsilli, savadlı, intellektual səviyyəli və ictimai həyatda fəal olan uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı yaxın gələcəyin vətənpərvər, zəkalı, intellektual gəncliyi kimi görmək istədiyi uşaqların firavan yaşayışının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının yüksək səviyyədə təmini istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirir. Körpə, uşaq və yeniyetmələrin əsrlərin sınağından çıxmış zəngin milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz əsasında, vətənpərvər ruhda tərbiyəsi, qabaqcıl biliklərə, yaradıcı düşüncə tərzinə malik olması, informasiya-kommunikasiya texnologiyalarını dərindən mənimsəməsi, idmanla və bədən tərbiyəsi ilə məşğul olmaları bu siyasətin başlıca qayəsini təşkil edir. Ölkənin gələcəyini yalnız respublikamızın zəngin təbii sərvətlərinə deyil, eyni zamanda intellektual insan kapitalına bağlayan cənab İlham Əliyev məktəbəqədər təhsil müəssisələrində, sonrakı mərhələdə isə ümumtəhsil məktəblərində uşaqlara lazımi bilik və vərdişlərin aşılanmasını, onların cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişdirilməsini vacib sayır.
Ölkə başçısı uşaq hüquqları sahəsində həyata keçirilən dövlət siyasətinin davamlılığını təmin etməyi qarşıya məqsəd kimi qoyaraq bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə də xüsusi diqqətlə yanaşmışdır. Prezident İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Proqramın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etməkdən ibarətdir. Proqram, eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə qovuşmasını, ailə mühiti ilə əhatə olunmasını nəzərdə tutur. Ölkə başçısının 2006-cı ilin aprel ayında təsdiq etdiyi "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə (2006-2010-cu illər) Dövlət Proqramı" da müstəsna əhəmiyyətə malikdir.
Körpələrin və erkən yaşlı uşaqların
ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyənləşdirmək üçün "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu da respublikada uşaqlara olan yüksək qayğının bariz təcəssümüdür.
Prezident İlham Əliyevin hələ 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi respublikamızda uşaq hüquqları sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını, praktik fəaliyyətə əsaslandığını bir daha təsdiqləmişdir. Sərəncam uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi daşımışdır. Qısa müddətdə hazırlanan proqram dövlət başçısının 2009-cu il 18 fevral tarixli "2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" sərəncamı ilə qüvvəyə minmişdir. Tədbirlər planına əsasən, Azərbaycan uşaqları haqqında məlumat bankının və internet saytının, xüsusi portalın yaradılmasına, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanmasına, respublika uşaq yaradıcılıq festivalının, habelə Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsinin və "Şərq-Qərb" beynəlxalq uşaq rəqs festivalının keçirilməsinə, BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsinə, uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ruhunda tərbiyəsinə yönəlmiş müxtəlif tədbirlər keçirilmişdir.
2009-cu il oktyabrın 22-də Bakıda "Gülüstan" sarayında Azərbaycanda "Uşaq ili"nə və BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans" olmuşdur. Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva demişdir: "Fikrimizcə, uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir...EHər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir".
Ötən illərdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu öz sözünü demişdir. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsidir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən 11 ildə respublikanın ən müxtəlif bölgələrində 300-dən çox müasir tipli orta məktəb binası inşa olunaraq istifadəyə verilmiş, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 40-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi də fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.
2009-cu ilin martında ümumxalq referendumu yolu ilə Azərbaycan Konstitusiyasının Əsas Qanununun 17-ci maddəsinə edilən əlavələr də uşaq hüquqlarına hüquqi təminat mexanizmlərini təkmilləşdirmək, bu sahədə yeni qəbul olunmuş qanun və digər normativ-hüquqi aktlara konstitusion stasus vermək, dövlətin bu sahədə üzərinə düşən vəzifələri konkretləşdirmək məqsədi daşıyır. Bu əlavələr valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlara dövlət himayəsinin göstərilməsini nəzərdə tutmaqla uşaqların onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmasını qadağan edir.
Təəssüf doğuran hallardan biri də uşaqların milli və etnik zəmində dünyadakı mövcud münaqişələrin bəlasına tuş gəlmələridir. Qarşıdurmalar nəticəsində uşaq ölümlərinin 5 faizi birbaşa hədəfə alınaraq məhv edilmələri olmuşdursa, 95 faizi isə aclıq və xəstəliklərdən dünyalarını dəyişmələridir. Ermənistanla müharibə şəraitində olan ölkəmizdə uşaqlara dəyən fiziki, mənəvi zərbələr sözlə ifadə olunacaq dərəcədən də ağırdır. Təkcə onu deyək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində 300 mindən artıq uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır şəraitdə yaşamağa məcbur olunmuşdur.
Artıq bir çox ölkələrdə narkotik vasitələrin daşınmasında uşaqlardan istifadə edilməsi, onların mənəvi pozğunluq, bir sıra məişət zorakılıqlarına sürüklənməsi faktlarına qarşı geniş mübarizə aparılır. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Hər bir uşağın ailəyə ehtiyacı var!" adlı həyata keçirilən layihə xüsusi önəm daşıyır.
İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, uşaq problemlərinin həllinin hər hansı bir dövlət qurumu çərçivəsində məhdudlaşdırılması məsələyə adekvat yanaşma deyildir. Uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması kimi mühüm istiqamətlər cəmiyyətin bütün təbəqələrinin üzərinə məsuliyyət qoyur. Dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti təsisatları, həmkarlar ittifaqları, elmi-tədqiqat institutları, biznes strukturları, habelə kütləvi informasiya vasitələri də respublikada uşaq siyasətinin daha səmərəli və dolğun həyata keçirilməsinə yaxından kömək göstərməli, ictimai diqqəti uşaq hüquqlarına yönəltməyə çalışmalıdırlar. Cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan körpələrə hər bir vətəndaşın diqqət və qayğısı, sevgisi lazımdır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu UNİCEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 2009-cu ildə I, 2011-ci ildə II, bu il noyabrın 17-də isə Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilmişdir. Forumda 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedada malik, xüsusi qayğıya ehtiyacı olan, digər millətlərdən, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar iştirak ediblər.
Milli mədəniyyətin, mental ənənələrin assimilyasiyaya, yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli-mənəvi dəyərlər əsasında düzgün tərbiyə olunması, sağlam əxlaqi mühitdə yetişməsi, kamil dünyagörüşünün formalaşması da aktual məsələlərdən biridir. Müasir dünyanı təhdid edən qlobal cinayətlər sırasında uşaqların sağlamlığına, mənəviyyatına zidd əqli və fiziki əməyə, habelə narkotik vasitələrə, narkobiznesə, insan alverinə, terrorizmə cəlb olunması, daxili orqanların transplantasiyası geniş yer tutur. Getdikcə transmilli xarakter alaraq daha geniş coğrafi arealı əhatə edən bu cinayətlər uşaq problemlərinə yeni dünya nizamının acı reallıqları kontekstindən yanaşılmasını, hər addımda köməyə ehtiyac duyan körpələrin hüquqlarının bütün səviyyələrdə qorunmasını obyektiv zərurətə çevirir. Qloballaşmanın, virtual məkanın cəmiyyətə gətirdiyi yeni reallıqlar uşaqların sağlam ruhda, yüksək milli-mənəvi və ümumbəşəri humanist dəyərlər əsasında təlim-tərbiyəsinə də yeni baxış tələb edir.
Azərbaycan dövlətinin yürütdüyü siyasət bu kimi məsələlərin həllinə xidmət etməklə ümumən BMT-nin Uşaq Hüquqları Konvensiyasının tələblərinə tamamilə cavab verir. Ölkəmizin iqtisadi imkanları artdıqca uşaqlara diqqət və qayğı da yüksəlir.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2014.- 20 noyabr.- S.8.