Azərbaycan nümayəndə heyəti Romada keçirilən II

 Beynəlxalq Qida konfransında iştirak edir

 

Noyabrın 19-da Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən keçirilən II Beynəlxalq Qida konfransı işə başlayıb.

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin iştirak etdiyi tədbirdə 190-dan çox ölkədən nümayəndələr, o cümlədən nazirlər, beynəlxalq təşkilatların, QHT-lərin, vətəndaş cəmiyyətlərinin təmsilçiləri və özəl sektordan iş adamları iştirak edirlər.

Tədbirin məqsədi 1992-ci ildə keçirilən I Beynəlxalq Qida konfransından bu günədək görülən işləri, əldə olunan nailiyyətləri, milli səviyyədə ölkələrdə həyata keçirilən islahatları müzakirə etmək, qida siyasətini təkmilləşdirmək və müvafiq istiqamətdə dövlətlər arasında əməkdaşlığın əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə imkan yaratmaqdır.

Konfransın əvvəlində İtaliya Prezidenti Corco Napolitanonun müraciəti oxundu. Sonra BMT-nin baş katibi Pan Gi Munun video-müraciəti nümayiş olundu.

DST-nin baş direktoru Marqaret Çan və FAO-nun baş direktoru Joze Qratsiano da Silva çıxış edərək tədbirin gündəliyində olan məsələlər, müzakirə ediləcək mövzular barədə məlumat verdilər. Bildirildi ki, XXI əsrdə dünyada hökm sürən qida problemini qlobal səviyyədə gündəmə gətirən ilk tədbir olan II Beynəlxalq Qida konfransında dünyada ərzaq təminatı və səhiyyə, insan sağlamlığı sahəsində olan çağırışlar müzakirə ediləcək, ərzaq və qida təhlükəsizliyini təmin etməyin yolları araşdırılacaq.

Konfrans debatlarla dəyirmi masalarla davam etdirilib.

Tədbir noyabrın 21-də başa çatacaq.

 

Maqsud Dadaşov

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.- 20 noyabr.- S.9.