Novruz Məmmədov: Minsk
qrupunun həmsədrləri
sanki özləri gərginlik
yaratmaqda maraqlıdırlar
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası rəhbərinin
müavini, xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov ATƏT-in Minsk qrupunun həmsədrlərinin
bəyanatı ilə əlaqədar Newtimes.az portalına məxsusi
müsahibə verib. AzərTAc müsahibəni təqdim edir.
–Azərbaycanın
işğal olunmuş ərazilərində Ermənistanın
keçirdiyi hərbi təlimlər zamanı baş vermiş
insidentlə əlaqədar Minsk qrupu həmsədrlərinin səsləndirdiyi
bəyanatı necə qiymətləndirirsiniz?
–
Çox maraqlıdır, artıq bir həftədir ki, baş
vermiş və mahiyyəti ilə Ermənistanın
işğalçılıq siyasətinin tam davamı olan bu
təxribata həmsədrlər nəhayət mövqe bildirmək
qərarına gəldilər. Amma təəssüflər
olsun ki, onlar öz amplualarındadırlar.
Mən
Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə
bağlı artıq dünən böyük bir tədbirdə
mövqe bildirdim. Onların fəaliyyətinin bu günə qədər
bir nəticə verməməsinin səbəbini də
açıqladım. Doğrudan da Minsk qrupunun həmsədrləri
sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar. Yoxsa
onlar bilmirdilər ki, Ermənistan Azərbaycan ərazilərində
hərbi təlimlər keçirməyi qərara alıb? Məgər
onlar bu təlimlərə 40 minlik qoşunun, eyni zamanda, hərbi
avadanlıq və silahların cəlb edilməsi haqqında
Ermənistanın verdiyi bəyanatlardan xəbərsiz idilər?
Məgər onlar bilmirlər ki, Azərbaycanın beynəlxalq
birlik, eləcə də təmsil etdikləri ölkələr
tərəfindən tanınmış əraziləri 25 ildir
işğal altındadır və bu ərazilərdən bir
milyona yaxın insan məcburi köçkünə
çevrilərək Azərbaycanın müxtəlif
rayonlarında məskunlaşıblar?
Amma
həmsədrləri heç maraqlandırmadı ki, bu hərbi
təlimlər nə üçün, hansı məqsədlə
keçirilir? Məgər Dağlıq Qarabağdakı
separatçı qurumun 40 minlik ordusu var? Axı heç orada
40 min erməni qalmayıb.
Bütün
məsələləri həmsədrlər əla bilirlər.
Lakin qeyd etdiyim kimi, onlar beynəlxalq hüququ arxivə ataraq
Ermənistanın mövqeyindən çıxış edirlər.
Özü də bu, birinci dəfə deyil. Necə yəni
helikopter “neytral ərazidə” düşüb. Təəssüf
ki, həmsədrlər bunları bilə-bilə edirlər.
Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu
gün hökm sürən gərginlik belə məsuliyyətsiz
bəyanatların nəticəsində yaranıb.
Digər
bir məsələ də çox maraqlıdır. Guya həmsədrlər
bilmirlər ki, Ermənistan işğal altında
saxladığı Azərbaycan ərazilərini tam
minalayıb. Nə üçün bununla bağlı
ağızlarına su alıb susurlar? İndi isə onlar
özləri qazdıqları quyuya düşüblər.
Daha
bir məqama toxunmaq istəyirəm. Həmsədrlər tez-tez
öhdəliklərdən danışırlar və bu
mövzuda ictimaiyyətə fikir bildirirlər. Bəs
onların özlərinin öhdəliyi yoxdur? Yoxsa
düşünürlər ki, “siz özünüz
razılığa gəlin” deməklə öz öhdəliklərini
yerinə yetirmiş hesab edirlər. Bu məsələ
hamıya aydındır: münaqişənin sülh yolu,
danışıqlar vasitəsi ilə beynəlxalq hüququn
normalarına uyğun, ədalətli həlli
üçün beynəlxalq birlik və tarix
qarşısında məsuliyyət də, öhdəlik də
həmsədrlərin üzərindədir. Onlar turist deyillər.
Azərbaycan.-2014.- 21 noyabr.- S.2.