2015-ci ilin dövlət büdcəsi ölkədəki sosial-iqtisadi

 inkişafın davamlılığına şərait yaradacaq

 

Milli Məclisin iclasında

 

Dünən Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər məsələlərin müzakirəsi davam etdirildi.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, dünyada tüğyan edən qlobal iqtisadi maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir etmədi və bunun nəticəsi dövlət büdcəsində öz əksini tapıb. Komitə sədrinin fikrincə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu sosial-iqtisadi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən düzgün və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin iqtisadiyyatının dinamik inkişafını təmin edib. E.İbrahimov vurğuladı ki, dövlət büdcəsinin neft amilindən asılılığı ildən-ilə azalır. Bu, qeyri-neft sektorunda innovasiyalı texnologiyaların inkişafı ilə bağlıdır. Onun sözlərinə görə, gələn ildən fermerler il ərzində 55-60 milyon manat subsidiya ala biləcəklər. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlərə 2015-ci il ərzində ayrılacaq kredit və subsidiyaların miqdarı 236 milyon manat olacaq.

Deputat İsa Həbibbəyli isə bildirdi ki, dövlət büdcəsi layihəsi Azərbaycanda Prezident İlham Əliyevin neçə illərdir apardığı genişmiqyaslı islahatların 2015-ci ildə də ardıcıl şəkildə inkişaf etdiriləcəyinə təminat verən bir sənəd kimi çox mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulmuş vəsaitlər Azərbaycanın ayrılmaz hissəsi olan bu regionda davamlı inkişafın təmin ediləcəyinə şərait yaradır. Muxtar Respublikada daxili imkanlar hesabına əldə olunan gəlirlərin faizi ilbəil artmaqdadır. 2015-ci ildə daxili imkanlar hesabına olan gəlirlərin 69 milyon manata çatdırılması blokada şəraitində olan muxtar respublika üçün çox əhəmiyyətlidir. Deputat onu da bildirdi ki, Azərbaycanda son illərdə elm sahəsində aparılan genişmiqyaslı islahatlar, atılan böyük addımlarla müqayisədə elm üçün ayrılmış xərclər bu sahədə daha böyük inkişafı təmin etmək üçün tam yetərli deyildir. İsa Həbibbəyli də digər deputat həmkarları kimi elm xərclərinə ayrılan vəsaitin artırılmasını vacib bildi.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov da dövlət büdcəsi layihəsi barədə fikirlərini bölüşdü. Bildirdi ki, hər il büdcə layihəsi hazırlandıqda Azərbaycanın bütün iqtisadi göstəriciləri, beynəlxalq siyasəti nəzərə alınır və bu baxımdan demək olar ki, büdcə təkmildir. Onun sözlərinə görə, deputatlar çıxışlar edərək öz təkliflərini səsləndirirlər. Ancaq nəzərə alınmalıdır ki, büdcəyə qoyulan vəsaitə uyğun addımlar atılmalıdır: “20 il müddətində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaq. 1990-cı illərin əvvəlində büdcədə cəmi 70 milyon manat var idi. İndi Azərbaycanın dövlət büdcəsi milyardlarla ölçülür. Ona görə də hesab edirəm ki, 2015-ci ildə qarşıda duran bütün məsələləri həll etmək iqtidarındayıq”.

Vitse-spikerin sözlərinə görə, büdcənin təqdimatı zamanı hökumət nümayəndələri qeyd ediblər ki, beynəlxalq iqtisadiyyatda hansı ssenarinin baş verməsindən asılı olmayaraq, Azərbaycan iqtisadiyyatı baş verə biləcək hər hansı təlatümlərə hazırdır. Büdcə qarşıda duran bütün məsələlərin həllinin öhdəsindən gələ biləcək bir sənəddir.

Ziyafət Əsgərov vurğuladı ki, Azərbaycanın çox uğurlu beynəlxalq siyasəti var. Bu uğurlu siyasətin kökündə iki amil dayanır. Birinci, daxili sabitlik. İkinci isə müvəffəqiyyətli büdcə siyasətidir. Ziyafət Əsgərov digər bir məsələyə də toxundu. Onun fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər. Onların bəyanatında deyilir ki, guya vurulan erməni helikopteri hazırda neytral bir ərazidədir: “Mən bu bəyanatı, ümumiyyətlə, mənasız və məntiqsiz hesab edirəm. Erməni helikopterinin düşdüyü yer Azərbaycan ərazisidir və heç bir neytral ərazidən söhbət gedə bilməz. ATƏT-in Minsk qrupunun həmsədri olan hər üç dövlət dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildiriblər. Bu nə anlayışdır: neytral ərazi? ATƏT-in Minsk qrupunun həmsədrinin bu bəyanatı təxribatdır, mənasızdır və məntiqsizdir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, 2015-ci ilin dövlət büdcəsində hökumət Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox mütərəqqi işlər görür. Komitə sədri hesab edir ki, 2015-ci il iki vacib məsələ baxımından səciyyəvidir. Birincisi, hərbi vətənpərvərlik, ikincisi isə ilk Avropa Olimpiya oyunlarıdır. Bu gün Milli Ordumuzun yüksək səviyyədə maddi-texniki baza ilə təmin olunduğunu deyən komitə sədri hesab edir ki, gənclərdə hərbi vətənpərvərlik ruhunun daha da yüksəlməsi üçün öncə onların fiziki göstəricilərinin yaxşılaşmasına diqqət ayrılmalıdır. Əli Hüseynli bir neçə təklif irəli sürüb: “Hesab edirəm ki, Bakı Dövlət Sirkinə yeni bina tikilməlidir. Müasir standartlara cavab verən dövlət sirkinin formalaşdırılmasına ehtiyac var. Azərbaycan Dövlət Kinostudiyası da yenidən formalaşdırılmalıdır. Bunların hər ikisi vətəndaşlarımızın daha mədəni mühitdə formalaşmasına xidmət edər. Bu, bir növ sosial sifariş kimi qəbul olunmalıdır”.

Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə bildirdi ki, ölkəmizdə dövlət büdcəsi ildən-ilə daha da təkmilləşir. Büdcə layihəsinin əsaslandırılması səviyyəsi tamamilə qənaətbəxş hesab oluna bilər. Artıq Azərbaycanda çox mükəmməl, oturuşmuş büdcə institutu formalaşıb. İldən-ilə büdcə həm elmi, həm də analitik baxımdan çox mükəmməl əsaslandırılmış şəkildə Milli Məclisə təqdim olunur. Əsas hədəf respublikamızın sosial-iqtisadi inkişafının daha da sürətlənməsidir. Qarşıya qoyulan hədəflər, ölkənin yürütdüyü siyasət bilavasitə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tələblərinə müvafiq olaraq qurulub.

Deputat Əhliman Əmiraslanov qeyd etdi ki, dünya dövlətlərinin milli valyutalarının məzənnəsinin aşağı düşməsi, neftin qiymətinin azalması fonunda Azərbaycanda belə bir büdcə layihəsinin hazırlanması təqdirəlayiq haldır. Son 10 ildə ölkədə 500-dən artıq səhiyyə müəssisələrinin tikildiyini və müasir avadanlıqlarla təmin olunduğunu bildirən deputat səhiyyə sahəsinə ayrılan vəsaitin həcminin yetərli olduğunu vurğuladı.

Deputat Abel Məhərrəmov da qeyd etdi ki, büdcə layihəsi praqmatik düşüncə ilə hazırlanıb. Onun fikrincə, hər il təqdim olunan sənəd ildən-ilə mükəmməlləşir. Deputat elmə ayrılan vəsaitin artırılmasının vacibliyini bildirdi.

Çıxışlardan sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, üç gün ərzində 54 çıxış olub və bu yetərli hesab olunur. Ona görə də müzakirələr dayandırıldı. Oqtay Əsədov hökumət rəsmilərinin təkliflərə münasibət bildirməsini istədi.

Öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov deputatların bankların kredit faizləri ilə bağlı suallarını cavablandırdı. Bildirdi ki, gələcəkdə biznes kreditlərinin faiz dərəcələrini bir rəqəmli səviyyəyə salmaq barədə Maliyyə Nazirliyi ilə işlər aparılır. Onun sözlərinə görə, əhaliyə verilən kreditlərin orta faizi 2014-cü il üzrə 14,4 faiz təşkil edib. İstehlak kreditləri isə həm təminatlı, həm də təminatsızdır. Təminatlı kreditlər dedikdə avtomobil kreditləri (14 faiz), dövlət hesabına verilən ipoteka kreditləri (4,8 faiz), bank ipoteka kreditləri (9-10 faiz) nəzərdə tutulur. Təminatsız istehlak kreditləri üzrə faizlər hazırda 35 faizə çatır. Çoxlarının da istifadə etdiyi kredit kartları tam təminatsız sahəyə aiddir. Elman Rüstəmov bildirdi ki, Mərkəzi Bank son illər iqtisadiyyata vəsait qoyuluşunu 34 dəfə artırıb. Hökumət yaxın illərdə, o cümlədən 2015-ci ildə ipotekaya ayrılan vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı addımlar atmağı planlaşdırır.

Təhsil naziri Mikayıl Cabbarov deputatların suallarına cavab olaraq müəllimlərin əmək haqlarının müəyyənləşməsi məsələsinə aydınlıq gətirdi. Bildirdi ki, Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən, müəllimlərin dərs saatları maksimal olaraq 36 saat ola bilər. 12 saat olan üçün minimal əməkhaqqı 155 manat, maksimal isə 207 manatdır. Rayon və kənd məktəblərində vakant yerlərlə bağlı məsələyə toxunan nazir deyib ki, respublikanın kənd və rayonlarında vakant yerlərin sayı 3 faizdən 1 faizə enib: “Bu da onu göstərir ki, gənc müəllimlərin ucqar ərazilərimizdə işləmələrini həvəsləndirmək üçün hökumətin apardığı işlər öz müsbət nəticəsini verir”. Nazir onu da bildirdi ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bugünə qədər 755 gənc xaricdə təhsil alıb. Onlardan 35 faizi dövlət, 60 faizi isə özəl sektorlarda çalışır. 2013-2014-cü il tədris ilində respublika məktəbləri üzrə şagirdlərin sayı 1 milyon 291 min idisə, bu il 1 milyon 322 mindir. Yəni şagirdlərin sayında 31 min artım var. Təhsil sistemində ümumilikdə 155 min müəllim fəaliyyət göstərir. Nazir vurğuladı ki, ümumtəhsil məktəblərində dərsliklərin çəkilərinin yüngülləşdirilməsinə çalışılır: “Hazırda şagirdlərin sağlamlığı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir və bu məqsədlə üzlüksüz dərsliklər çap olunur. Nümunə üçün I sinif üçün 5 dərsliyin ümumi çəkisi 1 kiloqramdan bir qədər çoxdur. VI və VII siniflər üçün isə dərsliklər elektronlaşdırılıb. Bizim üçün təbii ki, ən mühüm məsələ dərsliyin məzmunudur”.

Maliyyə naziri Samir Şərifov bir daha diqqətə çatdırdı ki, dövlət büdcəsində neftin bir bareli üçün 90 ABŞ dolları təyin edilib. Büdcə risklərin idarə edilməsi vəzifəsinə cavab verir: “Bunun üçün müəyyən qədər ehtiyatlarımız da mövcuddur. Növbəti ilin büdcəsi gəlirlər baxımından gərgin olsa da tam realdır. Elmin maliyyələşdirilməsi məsələsinə gəldikdə isə nazir dedi ki, növbəti ilin dövlət büdcəsində elm xərcləri üçün 143 milyon manat nəzərdə tutulub: “Bu bölmədən maliyyələşən təşkilatların 6 milyon manatı büdcədən kənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Bununla da elm üçün 137 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Cari illə müqayisədə bu 4 milyon manat çox deməkdir. Nazir irəli sürülən bütün təkliflərin hökumət tərəfindən öyrəniləcəyini və onların həlli yolları barədə büdcədə nəzərə alınması imkanlarının təhlil ediləcəyini vurğuladı.

İclasda həmçinin “Azərbaycan Respublikası hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi də təsdiqləndi.

Milli Məclisin fasilədən sonra keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı fikirlərini bildirən Milli Məclsin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, gələn ilin büdcə müzakirələri bir daha göstərdi ki, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin başlıca məqsədi xalqın sosial durumunun, rifahının yaxşılaşdırılması, sosial müdafiənin bütün qollarının gücləndirilməsidir. Elə bu istəyin nəticəsidir ki, müzakirə edilən dövlət büdcəsi xərclərinin 27,6 faizi sosial tələblərə yönəldilmişdir.

Hadi Rəcəbli vurğuladı ki, ölkədə sosial müdafiə sisteminin əsas istiqamətlərindən biri pensiya - sığorta sahəsidir. Müzakirə etdiyimiz Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsi bu istiqamətdə aparılan genişmiqyaslı fəaliyyəti sanballı rəqəmlərlə özündə ehtiva edir. Onun baş xətti ölkə başçısının 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”dır. Konsepsiya növbəti mərhələdə sığorta pensiya sistemində yeni islahatların aparılması, sosial ədalətin gücləndirilməsi, yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir ki, bu da nəticədə vətəndaşların mənafeyinin daha güclü qorunmasına, rifah halının yaxşılaşdırılmasına gətirib çıxaracaq.

Sevindirici haldır ki, Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin gəlirləri artıq 3 milyard manatı keçib. Bu, əvvəlki ilə nisbətən 14 faiz çoxdur. Təkcə bu il sığortaya cəlb olunan işçilərin sayı 1 milyon 500 min nəfərə qədər artmış, bu sahədə qanunu pozan işəgötürənlərin cərimələnməsi statistikası əvvəlki ilə nisbətən 23 dəfə artıq olmuşdur. Bu, bir daha onu göstərir ki, yığım sahəsində problemlər var və bu problemlərə ciddi münasibət bəslənilməlidir.

Hadi Rəcəbli onu da qeyd etdi ki, Hesablama Palatasının təhlilinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun ötən müddətlərdən yığılmış bir sıra debitor borclarının alınması istiqamətindəki fəaliyyəti bir az da güclənərsə, büdcənin gəlirləri mütənasib olaraq arta bilər.

Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi layihəsi barədə məlumat verən fondun sədri Elman Mehdiyev diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli islahatlar əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin etməkdədir. Bunun nəticəsidir ki, ölkəmizin iqtisadi həyatı ilə əhalinin sosial müdafiəsinin uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən mexanizmləri səmərəli fəaliyyət göstərir və daim təkmilləşdirilir.

Bu əsasda formalaşan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edir. Fondun 2015-ci il üçün büdcəsinin layihəsi də bilavasitə həmin inkişaf parametrlərinə, o cümlədən cari ilin ötən dövrü ərzində sığorta-pensiya sisteminin fəaliyyətinin əsas göstəricilərinə istinadən tərtib olunmuşdur.

Ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması, qeydiyyatın gücləndirilməsi və pensiya sisteminə əlavə dövlət dəstəyi hesabına cari ilin 10 ayı ərzində DSMF-nin gəlirləri 2 milyard 402 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 194 milyon manat çoxdur.

Sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 11 faiz artaraq 1 milyard 386 milyon manata çatmışdır. Daxilolmaların 65 faizi və ya 904 milyon manatı qeyri-büdcə sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz və ya 109 milyon manat çoxdur. Dövlət büdcəsinin transferti proqnozlaşdırılan həcmdə, yəni 1 milyard 9 milyon manat təşkil etmişdir.

DSMF sədri Elman Mehdiyev bildirdi ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olmaqla yanaşı, sosial sığorta sisemində fərdi uçota əsaslanan ictimai nəzarətin gücləndirilməsinin nəticəsidir və bütün bunlar xidmətlərin elektronlaşdırlmasının daha da genişləndirilməsi ilə müşayiət olunmuşdur. Hazırda “Elektron hökumət” portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur və “Doinq Business 2015” beynəlxalq reytinq hesabatına əsasən, Azərbaycan sosial sığorta haqlarının ödənişi və hesabatı sisteminin avtomatlaşdırılması istitqamətində 32 pillə irəliləmişdir.

Cari ilin 10 ayı ərzində fondun xərcləri 2 milyard 377 milyon manat olmuş və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Cari ildə pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı vaxtında icra olunmuş, həmin hesaba, eləcə də yeni təyin olunan pensiyalarda sığorta hissəsinin tədricən yüksəlməsi nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 173 manata, yaşa görə pensiyaçılar üçün isə 192 manata çatdırılmışdır. Bu, yaşa görə orta pensiya məbləğinin 2003-cü illə müqayisədə 10,3 dəfə artımı deməkdir və MDB-nin pensiyanın məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır. Həmçinin, ölkəmiz, pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti arasında birinci yerdə qərarlaşmışdır.

Bütün bunlar müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi təyin olunması və mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.

Fondun növbəti il üçün büdcəsinə təsir edən makroiqtisadi, demoqrafik, məşğulluq və sığorta-pensiya sisteminin özünəməxsus göstəricilərinin dəyişmə ehtimalları isə belədir: əsas makroiqtisadi göstəricilər kimi ümumi daxili məhsulun 4,4 faiz real artımı şəraitində orta aylıq əməkhaqqının real artımı 4,8 faiz, nominal artımı 7,2 faiz, əvvəlki ilə görə istehlak qiymətləri indeksinin 2,3 faiz təşkil edəcəyi nəzərdə tutulur; məşğulluq göstəriciləri üzrə iqtisadi fəal əhalinin orta illik sayı 4848 min nəfər, bundan iqtisadiyyatda məşğul olanların sayı 4639 min nəfər və muzdla işləyənlərin orta illik sayı 1582 min nəfər proqnozlaşdırılır; demoqrafik göstəricilər sırasında bütün əhalinin 21,8 faizini 15 yaşınadək olanlar, 69,0 faizini 15-59 yaşadək olanlar, 9,2 faizini 60 yaşdan yuxarı olanların təşkil edəcəyi gözlənilir; sığorta-pensiya sisteminin özünəməxsus göstəriciləri üzrə pensiyaya çıxma yaşı 1 yanvar 2015-ci ildən kişilər üçün 63, qadınlar üçün 60 yaş, pensiyaçıların orta illik sayı 1277,8 min nəfər götürülür, pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı və məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişmir.

Elman Mehdiyev vurğuladı ki, qeyd olunan göstəricilər nəzərə alınmaqla fondun büdcəsinin gəlir və xərcləri növbəti ilə 3 mlrd 56 milyon 285 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Xərclər üzrə dəyişikliyin istiqamətləri belədir: Əmək pensiyası üzrə xərclərin artımı 121,9 milyon manat; müavinətlər üzrə artma 5,5 milyon manat; digər xərclər üzrə artım 0,4 milyon manat proqnozlaşdırılır. Gəlirlərlə bağlı - məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə artım 169,8 milyon manat; dövlət budcəsinin transferti üzrə azalma - 42 milyon manat nəzərdə tutulur.

Xərclərin artımı və dövlət büdcəsi trasfertinin azalması toplanan sosial sığorta haqları hesabına qarşılanacaqdır. Fondun 2015-ci il üçün gəlirlərinin 64 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 36 faizə enəcəkdir. Qeyri-büdcə üzrə gəlirlərin artımı xüsusilə hədəfə alınmaqla həmin sahədən daxilolmaların cari ilin proqnozu ilə müqayisədə 11,7 faiz artımı nəzərdə tutulub. Bu orta aylıq əməkhaqqının gözlənilən nominal artımından 4,5 faiz bəndi yuxarıdır və həmin hədəfə sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırılması hesabına nail olunacaqdır.

Fondun büdcə xərclərinin 97,8 faizi və ya 2 milyard 989,2 milyon manatı əhaliyə ödənişlərə, 2,2 faizi və ya 67,1 milyon manatı isə digər xərclərə yönəldiləcəkdir. Əhaliyə ödənişlərin 97,4 faizini və ya 2 milyard 910,5 milyon manatını pensiya xərcləri, 2,6 faizini və ya 78,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcəkdir. Növbəti ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 9,2 faiz təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53 faizi qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48 faiz) uyğundur. 2015-ci ildə pensiyaların baza hissəsinə və ona əlavələrə 1 milyard 536,5 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari ildəkindən 18 milyon manat çoxdur.

Əmək pensiyalarının sığorta hisssəsinin cari ilə nisbətən 8,2 faizi və ya 103,9 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 20,7 milyon manatı pensiya məbləğlərinin 2015-ci ilin yanvarın 1-dən 2,3 faizlik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi (83,2 milyon manat) qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

DSMF sədri qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin sığorta-pensiya sisteminin inkişafını və bu sistemin islahatlarını xüsusi diqqət mərkəzində saxlaması dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi şəraitdə ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısıdır. 2003-cü ildən başlayan sürətli islahatlarla Azərbaycanın müasir əsaslı vahid sığorta-pensiya sisteminin formalaşdırılması uğurla reallaşdırılmışdır. Növbəti mərhələdə, yəni 2020-ci ilə qədər olan dövrdə, Azərbaycan Respublikası Prezidentinin cari ilin 4 noyabr tarixində təsdiq etdiyi “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq əsas prioritetlər kimi sistemin maliyyə dayanıqlığının təmin olunması, dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi, sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi müəyyənləşdirilmişdir.

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanun layihəsinin qəbulu bu prioritetlərə nail olunmasına keçid istiqamətində etibarlı maliyyə təminatını formalaşdıracaq və pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacaq.

Sonra Milli Məclisin depuatatları məsələyə münasibət bildirdilər. İlk olaraq deputat Azər Badamov DSMF-nin təqdim etdiyi qanun layihəsini dəstəklədiyini bildirdi. Regionlardakı bankomatların azlığından şikayətlənən deputat bunun əhali arasında müəyyən çətinliklər yaratdığını dedi. Qeyd etdi ki, bunun üçün həm DSMF, həm də müvafiq banklar ciddi iş aparmalıdırlar.

Deputat Zahid Oruc Milli Məclisdə keçirilən üç günlük büdcə müzakirələrini yüksək qiymətləndirdi. Onun sözlərinə görə, bu müzakirələr cəmiyyət üçün də faydalıdır. Z.Oruc soyqırımı qurbanlarına verilən müavinətlərin bir qədər də artırılmasını təklif etdi. Qeyd etdi ki, bu məbləği 5-10 manat artırmaq Azərbaycanın ümumi büdcəsinə elə də ciddi təsir göstərməz.

Deputat Elmira Axundova isə ölkədə yoxsulluq səviyyəsinin azaldığını bildirərək qeyd etdi ki, əhalinin sosial rifah halı ildən-ilə yaxşılaşır. Bu da uğurlu sosial-iqtisadi siyasətin aparıldığının göstəricisidir. Deputat ünvanlı sosial yardımla bağlı da bir sıra təkliflər irəli sürdü.

Deputat Fuad Muradov büdcənin təqdimatını çox yüksək qiymətləndirdi. O, Azərbaycan hökumətinin gənclər siyasəti istiqamətində həyata keçirdiyi islahatların ümumilikdə gənclərin inkişafına yönəldiyini bildirdi. Onun sözlərinə görə, işsizliklə bağlı aparılan islahatlar da artıq öz bəhrəsini verir. Bu da həqiqətdir ki, Azərbaycan gəncinin böyük əksəriyyəti elmə ciddi maraq göstərmir. Ona görə də gənclərdə elmə maraq yaratmaq lazımdır.

“Şadlıq evlərinin əksəriyyətində işçilərə çox az əməkhaqqı verilir. Bu məsələyə baxılmalıdır”. Bunu isə deputat Fazil Mustafa dedi. O, Azərbaycanda uşaq artımı ilə bağlı problemlərin olduğunu bildirərək dedi ki, uşağın anadan olmasına verilən 90 manat müavinət çox azdır. F.Mustafa birdəfəlik müavinətlərin artırılmasını təklif etdi.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da bu gün Azərbaycanda sosial müdafiə, pensiya təminatı sahəsində çox uğurlu islahatların getdiyini dedi. Bildirdi ki, dövlət idarələrini çıxmaq şərtilə özəl müəssisələrdə yığım məsələsi çətinliklər yaradır: “İşçilərlə əmək müqaviləsinin bağlanmaması, sosial müdafiə haqlarının ödənilməməsi bu sahədə bir sıra problemlərə gətirib çıxarır. Nəzərə alsaq ki, bizim Dağlıq Qarabağ kimi problemimiz, 1 milyon qaçqın və məcburi köçkünümüz var, amma bununla belə sosial istiqamətdə güclü işlər aparılır. Hər il Qarabağ müharibəsi əlillərinə yüzlərlə mənzil verilir, onlar avtomobillə təmin olunurlar. Hesab edirəm ki, onların işlə təmini istiqamətində də tədbirlərin görülməsi məqsədəuyğun olar”. S.Novruzovun sözlərinə görə, dövlət idarələrində işləyənlər tələb edirlər ki, pensiya yaşı 70-ə çatdırılsın. Fiziki sahələrdə çalışanlar isə yaş həddinin azaldılmasını istəyirlər. Hər iki tərəfin haqlı fikirləri var. Məsələn, 61 yaşlı bir fəhlə o yaşda necə kubik qaldırsın, o gözləyir ki, 63 yaşı tamam olsun və pensiyaya çıxsın?!

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında” qanun layihələri barədə də məlumat verildi.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov 2015-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinin başa çatdığını elan etdi. Müzakirələr zamanı səslənən təkliflərin dəyərləndirilməsi üçün hökumətə vaxt ayrıldı.

 

Rəşad BAXŞƏLİYEV,

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 21 noyabr.- S.3.