Azərbaycan ədliyyəsi davamlı inkişaf yolundadır

 

22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günüdür

 

On beş ildir ki, ədliyyə işçiləri noyabrın 22-də öz peşə bayramlarını geniş və təntənəli şəkildə qeyd edirlər. Müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş bu bayramı ədliyyə işçiləri cari ildə də böyük ruh yüksəkliyi və yeni-yeni nailiyyətlərlə qarşılayırlar.

Əsrə bərabər zəngin və şərəfli inkişaf yolu qət edən Ədliyyə Nazirliyinin dövlətçilik tariximizdə müstəsna yeri var. Ədliyyə Nazirliyinin zəngin tarixi 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlanır. Müasir Azərbaycan ədliyyəsinin təməli məhz elə həmin gün qoyulmuş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur.

Həmin illərdə vəziyyətin mürəkkəbliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, Ədliyyə Nazirliyi tərəfindən ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli işlər görülmüş, fəaliyyətə başladıqdan cəmi bir neçə ay sonra - noyabrın 22-də onun Əsasnaməsi təsdiq edilmişdir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra ədliyyə sistemi rejimin mahiyyətinə uyğun ciddi təsirlərə məruz qalmış, yeni yaradılmış Xalq Ədliyyə Komissarlığından repressiya aləti kimi istifadə edilmişdir. Ədliyyə orqanlarının dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.

Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə sistemi həm sovet hakimiyyəti dövründə, həm də müstəqilliyin bərpasından sonrakı illərdə ulu öndərin diqqətindən kənarda qalmamışdır. Hüquq islahatlarının, xüsusən ölkədə ədalətin bərqərar edilməsi üçün məhkəmə-hüquq islahatlarının bugünkü Azərbaycan üçün daha böyük önəm kəsb etdiyini bəyan edən ümummilli lider tərəfindən bu islahatlar uğurla həyata keçirilmiş, 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız, Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratmış, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.

Ulu öndərin siyasi kursunun ən layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyev dövlət başçısı seçiləndən sonra isə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni nailiyyətlərə imza atmışdır.

Dövlət başçısının "ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır ... məhkəmə-hüquq islahatları ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir" - fikirlərini özünün fəaliyyət prinsipinə çevirən ədliyyə işçiləri ölkəmizin müasir dinamik inkişafı prosesində ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün daim əzmkarlıqla çalışırlar.

Peşə bayramı ərəfəsində ənənəvi olaraq Azərbaycan ədliyyəsinin qazandığı nailiyyətlər qeyd olunur və görülmüş işlər təhlil edilərək gələcəyə nəzər salınır.

Ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin ədliyyə fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cümlədən insan haqlarının etibarlı qorunması, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının dürüst icrası məqsədilə həyata keçirilən tədbirlər uğurla davam etdirilmişdir.

Qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən bu il ölkəmizin iqtisadi inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 700-dən çox normativ hüquqi sənəd layihəsi hazırlanmış, 2100-dən çox layihə hüquqi ekspertizadan keçirilmiş, Hüquqi Aktların Dövlət Reyestrinə 1.700-dək sənəd daxil edilmişdir. Həmçinin əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin e-qanun.az və müvafiq reyestrin huquqiaktlar.gov.az internet saytları daha da zənginləşdirilmiş, həmin elektron bazalara vətəndaşlar tərəfindən 155 mindən çox başçəkmə olmuşdur.

Dövlət başçısının vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, dövlət qurumları tərəfindən onların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu qaydası müasir İKT-lər və elektron xidmətlər geniş tətbiq olunmaqla təkmilləşdirilmiş, səyyar qəbullar mütəmadi xarakter daşımışdır.

Ölkə Prezidentinin tapşırığına uyğun olaraq bu il nazirliyin rəhbərliyi tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilmiş, respublikanın 11 bölgəsində 50 şəhər və rayonun əhalisini əhatə edən 630-dək vətəndaş qəbul edilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, vətəndaşlar bölgələrdə qəbul və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi, əhalinin həyat şəraitinin xeyli yaxşılaşması mülki hüquq münasibətlərinin artmasına, demoqrafik inkişafa ciddi təsir göstərmişdir. Təsadüfi deyil ki, doğumun və nikahın sayı artaraq, müvafiq olaraq 130 minə yaxın və 62.500-dən çox təşkil etmişdir. Ümumilikdə isə bu ilin 9 ayında 262 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmişdir. Eyni zamanda, ölkədə xüsusi notariat institutunun geniş tətbiqi notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini vermiş və təkcə 9 ayda notariat əməliyyatlarının sayında artım müşahidə olunaraq 2.8 milyona yaxın notariat hərəkəti aparılmışdır. Qeyd olunmalıdır ki, artıq notariat korpusunun 2/3-ni xüsusi notariuslar təşkil edir.

Yeri gəlmişkən, bu yaxınlarda "Doing Business 2015" hesabatında Azərbaycanın reytinqinin yüksəldiyi, ən çox islahat aparan 10 ölkə sırasında qərarlaşdığı, sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, daşınmaz əmlakın qeydiyyatı və s. üzrə ciddi irəliləyişləri qeyd olunmuş, əmlakın yüklülüyü barədə məlumatın notariuslar tərəfindən onlayn rejimdə dərhal əldə edilməsi, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsinin cəmi 1 gün müddətində həyata keçirilməsi təqdir edilmişdir.

Qeyd etmək istərdik ki, ədliyyə orqanları tərəfindən aparılan bu kimi elektron xidmətlərin sayı artırılaraq

20-yə çatmışdır, hazırda onların tətbiqi dairəsi daha da genişləndirilir.

Eyni zamanda, son illər biometrik eyniləşdirmə sisteminin qurulması istiqamətində görülən əsaslı işlər çərçivəsində 15 yaşı tamam olmamış vətəndaşların fərdi identifikasiya kartı ilə təmin olunması nəzərdə tutulur. Bununla əlaqədar dövlət başçısının tapşırıqlarına əsasən, Ədliyyə Nazirliyinə yeni vəzifələr həvalə olunmuşdur və artıq kartın təsviri və strukturu, hazırlanması və verilməsinə dair prosedurlar müəyyən edilmiş, regional və yerli ədliyyə orqanlarında müvafiq texniki avadanlıqla təchizat və zəruri infrastrukturun yaradılması, proqram təminatının formalaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi üzrə tədbirlər görülür.

Kartda doğum haqqında, eləcə də elektron sağlamlıq kartındakı informasiyalar, 5 yaşından sonra üzərində fotoşəkil və hər bir şəxslə bağlı dolğun fərdi məlumatlar əks olunacaqdır.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rolu olan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam etmişdir. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 4.100-ə, KİV-lərin sayı isə 5.000-ə çatmaq üzrədir.

Həmçinin dövlət başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən, qeydiyyata alınmış təşkilatlar barədə elektron məlumat bazası yaradılmış, "Fərdi elektron pəncərə" elektron məlumat sistemi istifadəyə verilmişdir.

Mülki və iqtisadi münasibətlərin sürətlə artması, insanlarda məhkəmələrə inam hissinin yüksəlməsi məhkəmələrdə baxılan işlərin son illər dəfələrlə çoxalması ilə nəticələnmişdir. Ədalət mühakiməsinin səmərəliliyi məhkəmə qərarlarının düzgün və vaxtında icrası ilə sıx bağlı olduğundan icra işinin təkmilləşdirilməsi daim diqqətdə saxlanılır, icra xidməti yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik işçilər hesabına möhkəmləndirilir, habelə məhkəmə qərarlarının icra olunmamasına görə zəruri təsirli tədbirlər görülür.

Belə ki, bu ilin təkcə 9 ayında icra işlərinin sayı ötən ilin illik göstəricilərindən də çox artaraq 231 mini ötmüş, onun da 70%-ə yaxınının icrası vaxtında təmin olunmuşdur.

Həmçinin icra məmurlarının müraciətləri əsasında icra haqqında qanunvericiliyin tələblərini pozan 2.400-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 153 nəfər barəsində cinayət işi başlanılmış, 1.795 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.

Məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 420 cinayət işinin istintaqı tamamlanmış, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunmuşdur.

Nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən yerli özünüidarə orqanlarına metodoloji yardımın göstərilməsi, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə davamlı tədbirlər görülmüş, qanunvericilik təkmilləşdirilmiş, o cümlədən bələdiyyələrin maliyyə imkanlarının artırılması, vergi məsələləri ilə bağlı müasir texnologiyaların imkanlarından istifadə olunması, dövlət tərəfindən bələdiyyələrə maliyyə yardımlarının ayrılması prosedurunun təkmilləşdirilməsi, şəffaflığın artırılması və s. tədbirləri əhatə edən müvafiq qanunlar qəbul olunmuşdur.

Cari ilin 9 ayı ərzində inzibati nəzarət qaydasında 49 mindən çox bələdiyyə aktı yoxlanılmış, bəzi bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 26 fakt üzrə materiallar prokurorluğa göndərilmiş, qanunsuz ayrılmış 3.200 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin edilmişdir. Bununla yanaşı, bələdiyyələrə 2.500-ə yaxın tövsiyə verilmiş, çoxsaylı metodik vəsaitlər hazırlanmış, 5.200-ə yaxın bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilmiş kurslara cəlb olunmuşdur.

Eyni zamanda, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sədrliyi və bütün aidiyyəti nazirlərin iştirakı ilə bu il keçirilmiş bələdiyyələrin üçüncü ümumrespublika toplantısı da yerli özünüidarə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi baxımından böyük önəm kəsb etmiş, işin səmərəli təşkili, şəffaflığın təmin olunması və s. üzrə mühüm tədbirlər müəyyən olunmuş, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı zəruri məlumatları əhatə edən vahid internet portalın yaradılmasına başlanılmışdır.

Cinayətkarlıqla mübarizədə xüsusi əhəmiyyət kəsb edən məhkəmə ekspertizası sahəsində də mühüm qanunvericilik və institusional tədbirlər görülmüş, istintaq orqanlarına və məhkəmələrə əlverişli şəraitin yaradılması və ekspert araşdırmalarının tezləşdirilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə, Şəki və Şirvan regional bölmələri fəaliyyətə başlamışdır.

Qeyd olunmalıdır ki, ekspertiza sahəsində ən son texnologiyalar tətbiq olunmaqla cari ilin 9 ayında 20.000-dək iş üzrə tədqiqatlar aparılaraq ekspert rəyləri verilmiş, ekspertlər qarşısında qoyulmuş 200 minə yaxın sual cavablandırılmışdır.

Eyni zamanda, regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, maddi-texniki bazasının və infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilmiş, Avropa İttifaqı ilə birgə həyata keçirilən "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində Xaçmaz və İmişli regional ədliyyə şöbələri üçün ən müasir tələblər səviyyəsində yeni inzibati binalar inşa olunaraq istifadəyə verilmişdir.

Ümumiyyətlə, Avropa İttifaqı ölkəmizdə həyata keçirilən genişmiqyaslı ədliyyə islahatlarına dəstək göstərmək təşəbbüsü ilə çıxış etmiş və 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətləri üzrə həyata keçirilən bu proqram çərçivəsində xeyli işlər görülmüşdür.

Belə ki, Ədliyyə Akademiyasında hüquq klinikası, elektron kitabxana yaradılaraq fəaliyyətə başlamış, akademiyanın beynəlxalq əməkdaşlığı genişlənərək Avropanın tanınmış təhsil qurumları ilə əlaqələr qurulmuşdur.

Həmçinin məhkumların islah işinin gücləndirilməsi məqsədilə penitensiar müəssisələrdə müasir avadanlıqlar quraşdırılmaqla yeni istehsalat sahələri, idman meydançaları yaradılmış, kitabxana fondu zənginləşdirilmiş, məhkumlara yüksək keyfiyyətli tibbi yardımın göstərilməsi üçün tibb infrastrukturu təkmilləşdirilmiş, müəssisələr yeni müasir tibbi avadanlıqla təmin olunmuşdur.

Ədliyyənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər, həmçinin kadr korpusunun təkmilləşdirilməsi ilə müşayiət olunur. Qeyd olunmalıdır ki, ədliyyə sistemində kadr seçiminə böyük tələbkarlıqla yanaşılır. Ölkə rəhbərinin "...dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır" kimi yüksək tələbləri nazirliyin kadr siyasətinin əsasını təşkil edir.

Bununla əlaqədar dövlətçiliyə sadiq, müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrların ədliyyə orqanlarına işə qəbulu ilə bağlı mütəmadi olaraq açıq müsabiqələr keçirilir, bu zaman müasir İKT-lər geniş tətbiq olunur, o cümlədən imtahanlar internetdə canlı yayımlanır.

Tam şəffaflıq şəraitində aparılan müsabiqə və müsahibələrdən keçmiş, habelə xaricdə təhsil almış 32 gənc mütəxəssis peşə bayramı ərəfəsində işə qəbul olunmuşdur. Bütövlükdə isə cari ildə 507 şəxs ədliyyə orqanlarında təyinat almışdır ki, onların da böyük əksəriyyətini gənclər təşkil edir və bu gün ədliyyə orqanlarında çalışanların 45 faizə qədəri məhz yeni nəsil ədliyyə işçiləridir.

Yeri gəlmişkən, ötən günlərdə növbəti müsabiqənin test imtahanı keçirilərək 168 gənc uğur qazanmış və onlar müsahibəyə buraxılmışlar.

Ölkəmizin sürətli iqtisadi tərəqqisi penitensiar sistemin inkişafına da əsaslı təsir göstərmişdir. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə Gəncə və Lənkəran şəhərlərində, Zabrat və Umbakı qəsəbələrində müasir penitensiar müəssisələrin inşası davam etdirilir.

Penitensiar müəssisələrdə şəffaflıq tam təmin olunaraq cəzaların icrasına səmərəli ictimai nəzarət mexanizmi olan İctimai Komitənin üzvləri, habelə beynəlxalq təşkilatların nümayəndələri penitensiar müəssisələrə 300-dən çox başçəkmə həyata keçirmiş, bu zaman 1500-ə yaxın məhkuma hüquqi yardım göstərilmişdir.

Eyni zamanda, vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları arasında qarşılıqlı dialoq və əməkdaşlıq modeli kimi tanınan İctimai Komitənin səlahiyyətləri yeni qəbul olunmuş "İctimai iştirakçılıq haqqında" qanuna uyğun olaraq artırılmışdır və komitə ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə tədbirlərdə yaxından iştirak edir.

Məhkumların tibbi təminatının son illər xeyli yaxşılaşdırılması penitensiar müəssisələrdə ölüm hallarının kəskin azalmasına öz müsbət təsirini göstərmiş, bu tendensiya cari ildə də müşahidə olunmuşdur. Ümumilikdə isə penitensiar müəssisələrdə xəstəlikdən ölüm 15 dəfə, vərəmdən ölüm isə 58 dəfə azalmışdır.

Məlum olduğu kimi, BQXK ilə sıx əməkdaşlıqda penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübə əldə olunmuş və 15-ə yaxın dövlətin, o cümlədən bu il Çin, Qırğızıstan və Gürcüstanın məsul nümayəndələri ölkəmizin bu təcrübəsindən bəhrələnmək məqsədilə Bakıya səfərlər etmişlər. Bu yaxınlarda Moldovanın nümayəndələrinin səfəri də nəzərdə tutulur.

Ulu öndərin humanizm ənənələrinə sadiqlik dövlət başçısının fəaliyyətinin əsas prioritetlərindəndir. Belə ki, təkcə cari ildə Prezident tərəfindən imzalanmış 2 əfv sərəncamı ilə 255 nəfər azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunmuşdur. Bu humanist aktlar nazirlik tərəfindən təxirəsalınmadan icra edilmişdir.

Eyni zamanda, insan hüquqları və islah işinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə institutu uğurla tətbiq edilir. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə yeni praktikanın tətbiqinə başlanılaraq tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri, millət vəkilləri və hüquq müdafiəçilərdən ibarət xüsusi komissiya formalaşdırılmışdır. Fəaliyyəti qanunçuluq, şəffaflıq və obyektivlik kimi meyarlar üzərində qurulmuş komissiya tərəfindən ötən dövrdə həqiqi islah yoluna qədəm qoymuş və əhalinin bütün təbəqələrini əhatə edən 2000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 95%-i müsbət həll edilmişdir.

Qeyd olunmalıdır ki, komissiyanın fəaliyyətində şəffaflıq maksimum təmin olunaraq artıq onun iclaslarına ictimai iştirakçılığın ən geniş formatlarından istifadə etməklə məhkumların valideynlərinin və yaxınlarının dəvət olunması təcrübəsi tətbiq edilir. Bu yaxınlarda isə iclaslara hətta zərərçəkmiş şəxslər də dəvət olunmuşlar ki, bu da tərəflər arasında barışığın təmin olunmasına öz töhfəsini verir.

Cəmiyyətimizdə böyük rəğbətlə qarşılanan nazirlik tərəfindən islah yoluna düşmüş məhkumların sosial adaptasiyasına dair həyata keçirilən yeni qeyri-adi və korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan bu təcrübənin tətbiqi məhkumların sosial reabilitasiyasına böyük imkan yaratmaqla həm də cəzaçəkmə müəssisələrində saxlanılan digər məhkumların səmərəli islah olunmasına, rejim qaydalarına düzgün əməl etmələrinə, davranışına öz müsbət həvəsləndirici təsirini göstərir və onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edərək haqqa, ədalətə inamını daha da artırır.

Bəllidir ki, hər bir demokratik cəmiyyətdə müstəqil məhkəmə hakimiyyəti müstəsna rol oynayır. Ölkə Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən cənab İlham Əliyevin siyasi iradəsi ilə bu sahədə köklü islahatlar aparılır. Son bir ildə də məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər uğurla həyata keçirilmiş, qanunvericiliyə əsaslı dəyişikliklər edilmiş, o cümlədən hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması və məhkəmələrin maliyyə müstəqilliyinin təminatının əlavə mexanizmləri təsbit edilmiş, hakimlərin maaşlarının azaldılması qadağan olunmuşdur.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri genişləndirilmiş, Hakimlərin Seçki Komitəsinin qərarlarından şikayətin verilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı mexanizmlər təkmilləşdirilmişdir. Hakimlərin Məhkəmə-Hüquq Şurasına və Ədliyyə Nazirliyinə ezam olunması institutu tətbiq olunmuşdur.

Həmçinin ölkəmizdə yuvenal ədliyyənin inkişafı üzrə mühüm addımlar atılmış, bu sahədə UNİSEF-lə birgə layihə çərçivəsində yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, psixoloji aspektlərin nəzərə alınması, yeni yanaşmaların və müasir İKT-lərin tətbiqi, yuvenal ədliyyə sahəsində təlimlərin keçirilməsi və s. ilə bağlı tədbirlər görülmüş, Bakı Ağır Cinayətlər Məhkəməsində pilot layihə qaydasında bu kimi işlərə baxılması üçün xüsusi hakim tərkibi müəyyən edilmiş, ayrıca məhkəmə zalı yaradılaraq müvafiq avadanlıqla təchiz olunmuşdur.

Məlum olduğu kimi, Azərbaycanda hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası tətbiq edilir. Bu gün bütün hakim korpusunun 60%-ni, Bakı şəhəri üzrə 80%-ni, apelyasiya instansiyaları məhkəmələrində isə yarıya qədərini məhz bu cür şəffaf seçimlərdən müvəffəqiyyətlə keçərək təyin olunmuş yeni nəsil hakimlər təşkil edir.

Hakimlərin peşəkarlığının artırılması, tədrisi də daim diqqət mərkəzindədir. Bu baxımdan mütərəqqi Avropa təcrübəsinin, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə böyük önəm verilir, hakimlərin tədris proqramlarına bu kimi aktual mövzular, habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və s. daxil edilir, xaricə tədris səfərləri təşkil olunur.

Hakimlərin tədrisi işinin daha da təkmilləşdirilməsi məqsədi ilə bu il Ədliyyə Nazirliyi, o cümlədən Ədliyyə Akademiyası və Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa Şurası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hakimlərin tədrisi üzrə Türkiyə, Almaniya, Niderland və Gürcüstandan olan təlim qurumları rəhbərlərinin, nüfuzlu ekspertlərin, Avropa Məhkəməsinin hakimlərinin iştirakı ilə beynəlxalq konfranslar və seminarlar təşkil olunmuş, səmərəli təcrübə mübadiləsi aparılmış, Azərbaycanda hakimlərin hazırlığından və tədrisin səviyyəsindən məmnunluq ifadə olunaraq, Avropa təcrübəsinə və standartlarının tətbiqinə böyük önəm verilməsi xüsusi vurğulanmışdır.

Eyni zamanda, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Dövlət büdcəsi hesabına hazırda bölgələrimizdə, o cümlədən Bakının Binəqədi, habelə İmişli, Zaqatala və Qəbələ rayonlarında yeni müasir məhkəmə binaları inşa olunur. Həmçinin genişmiqyaslı məhkəmə islahatlarının mütərəqqiliyini görən Dünya Bankı tərəfindən dəstək göstərilərək son illər birgə həyata keçirdiyimiz ədliyyə sisteminin müasirləşdirilməsi üzrə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış və bir çoxunun inşası aparılmışdır. Artıq 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilmiş, peşə bayramımız ərəfəsində daha bir bölgədə - Qubada rayon məhkəməsinin müasir inzibati binasının açılışı olmuşdur.

Açılışda iştirak edən Dünya Bankının Azərbaycandakı ofisinin rəhbəri qurumun ekspertlərinin rəyinə görə, inşa olunan məhkəmə binalarının səviyyəsinin hətta Avropa standartlarını üstələdiyini, Azərbaycanın bu sahədə nailiyyətlərinin geniş təbliğ olunmasının əhəmiyyətini vurğulamışdır.

Gələn ilin əvvəllərində isə ölkəmizdə konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən Şəki Məhkəmə Kompleksinin istifadəyə verilməsi planlaşdırılır. Beş məhkəməni əhatə edən bu kompleks "bir qapı" prinsipi ilə fəaliyyət göstərərək ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcəkdir. Burada vətəndaşlar apelyasiya şikayəti verərkən və ya yurisdiksiyanı dəyişdirərkən, sadəcə olaraq, yan qapını açmaq kifayət edəcək.

Qeyd olunmalıdır ki, Dünya Bankının vitse-prezidenti Lora Tak, eləcə də Avropa Şurasının yüksək səviyyəli şəxsləri, o cümlədən Avropa Məhkəməsinin sədri Din Şpilman, CEPEJ-in prezidenti Con Steysi, habelə xarici ölkələrin ədliyyə nazirləri ölkəmizə səfərləri zamanı məhkəmə islahatlarımıza böyük maraq göstərərək müasir məhkəmə binaları ilə tanış olarkən orada ədalət mühakiməsinin səmərəliliyinə təsir edən yüksək şəraitdən, o cümlədən vətəndaşların müraciət imkanlarını asanlaşdıran ən müasir İKT-lərin tətbiqindən, eləcə də cəmiyyətin həssas təbəqəsi olan əlillərin hüquqlarının təmin olunmasından heyranlıqlarını ifadə etmişlər.

Ümumiyyətlə, Dünya Bankı ilə birgə layihənin müsbət nəticələri əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaratmış və ötən ay Bank və Azərbaycan Hökuməti arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni daha iri həcmli layihə imzalanaraq onun implementasiyasına başlanılmışdır. Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu ilin fevralında dövlət başçısının "Elektron məhkəmə" informasiya sisteminin yaradılması barədə imzaladığı Sərəncam məhkəmə islahatlarında yeni mərhələnin başlanğıcını qoymuş və məhkəmə sistemində inqilabi dəyişlikliyi şərtləndirmişdir. Bu, çox uzun sürən mürəkkəb proses olsa da, bu sahədə artıq xeyli işlər görülmüş, bir çox dövlətlərin təcrübəsi öyrənilmişdir. Təsadüfi deyil ki, yeni inşa olunan məhkəmə binalarında elektron məhkəmənin tətbiqinə dair bütün zəruri infrastruktur nəzərdə tutulmuş, müasir texnologiyalar və avadanlıqlar quraşdırılmışdır. Dünya Bankı ilə yeni layihə çərçivəsində də bu sistemin tətbiqi məqsədilə bir çox mühüm tədbirlərin həyata keçiriləcəyi planlaşdırılır.

Görülən məqsədyönlü işlər ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, keyfiyyətli xidmətlərin göstərilməsinə öz müsbət təsirini göstərmiş, nəticədə cəmiyyətdə məhkəmələrə inam artmışdır. Bu, həmçinin məhkəmələrdə baxılan işlərin sayının artmasında özünü göstərir. Bununla əlaqədar hakimlərin sayının iki dəfə artırılması iş yükünün xeyli azalmasına və keyfiyyətə müsbət təsir göstərmişdir.

Bütövlükdə 6 ay ərzində məhkəmələr tərəfindən bütün kateqoriyalar üzrə 143 min işə baxılmışdır. Sevindirici haldır ki, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq, mülki işlər üzrə 94.5%-ə, iqtisadi mübahisələr üzrə 97%-ə çatmış, inzibati mübahisələr üzrə 83.6% təşkil etmişdir. Mülki işlər üzrə yekun qərarların 90%-ə qədəri ilə tərəflər razılaşmışdır.

2014-cü ilin ötən dövrü beynəlxalq əməkdaşlıq baxımından daha zəngin və məhsuldar olmuş, hüquqi sahədə əlaqələrimizin sürətlə genişlənməsi taleyüklü məsələlərin həllinə, o cümlədən cinayətkarlığa və korrupsiyaya qarşı mübarizəyə, məhkəmə-hüquq sisteminin inkişafına əlavə töhfə vermişdir.

Bu il bir sıra dövlətlərin, o cümlədən Bosniya və Herseqovina, Albaniya və Xorvatiyanın ədliyyə nazirləri, Türkiyə, Çexiya, Slovakiya və Rumıniyanın ədliyyə nazirlərinin müavinləri ölkəmizə səfərlər etmiş, mötəbər beynəlxalq tədbirlərdə fəal iştirak edilmiş, hüquqi əlaqələrin inkişafı üzrə məhsuldar danışıqlar aparılmışdır. Xorvatiyanın ədliyyə nazirinin Azərbaycana səfəri zamanı, həmçinin iki ölkənin Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Məlum olduğu kimi, dövlət başçısının siyasi iradəsi ilə ümumbəşəri sosial bəla olan korrupsiya ilə sərt mübarizə aparılır, bu sahədə mühüm institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, yeni şəffaf və innovativ xidmətlər yaradılmışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərinin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti cəmiyyətimizdə dərin rəğbətlə qarşılanır və beynəlxalq aləmdə böyük maraq doğurur. Təsadüfi deyil ki, bu günədək 3.000.000-dan çox insan ədliyyə qurumlarının da mühüm xidmətlər göstərdiyi "ASAN" mərkəzlərinə müraciət edilmişdir. Qeyd olunmalıdır ki, “ASAN xidmət” tərəfindən aparılmış qiymətləndirmədə Ədliyyə Nazirliyinin həyata keçirdiyi elektron xidmətlərin təşkili və göstərilməsi üzrə görülən işlərin yüksək reytinqi müəyyən edilmişdir. Şadıq ki, nazirlik də böyük fayda verən bu yüksək təşəbbüsə öz töhfəsini verir.

Həmçinin korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığa mühüm önəm verilərək, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının işində fəal iştirak edir, Azərbaycanın ədliyyə naziri qurumun vitse-prezidentidir. Eyni zamanda, ölkəmiz BMT-nin dəstəyi ilə yeni yaradılmış və Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə xüsusi qanunla qoşularaq akademiyanın tamhüquqlu üzvü olmuş, sıx əlaqələr qurulmuş, o cümlədən Azərbaycan vətəndaşları IACA-nın magistraturasında təhsil alırlar. Bu günlərdə Bakı IACA-nın üzv dövlətlərinin assambleyasının 3-cü sessiyasına ev sahibliyi edir və bu mötəbər tədbirdə müxtəlif dövlətlərin yüskək səviyyəli rəhbər şəxsləri, xarici ölkələrin ədliyyə nazirləri, antikorrupsiya qurumlarının başçıları iştirak edirlər. Əminik ki, sürətlə inkişaf edən IACA-nın Bakı sessiyası korrupsiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək.

Xüsusilə vurğulamaq istərdik ki, ölkəmiz Avropa Şurasına üzv qəbul olunduqdan sonra ilk dəfə olaraq cari ilin may-noyabr ayları ərzində bu mötəbər təşkilatın Nazirlər Komitəsinə sədrlik kimi mühüm və şərəfli missiyanı həyata keçirmişdir. Altı ay müddətində sədrliyimizin prioritetləri üzrə həm Azərbaycanda, həm də Strasburqda keçirilmiş çox mühüm tədbirlər, o cümlədən Avropa Şurasının struktur qurumlarının sessiyaları, eləcə də insan haqlarına, demokratiyaya, korrupsiyaya qarşı mübarizəyə, multikulturalizmə və s. həsr olunmuş yüksək səviyyəli beynəlxalq humanitar, gənclər, mədəniyyətlərarası dialoq forumları, konfranslar əhəmiyyətli və uğurlu olmuşdur.

Dövlət başçısı cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında, bir çox digər mötəbər tədbirlərin açılışlarında əhatəli, məzmunlu və yaddaqalan nitqləri ölkəmizin müsbət imicinin daha da yüksəlməsinə əsaslı təsir göstərmişdir.

Sədrliyimiz dövrünə təsadüf edən Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının qəbul olunmasını da xüsusi qeyd etmək istərdim. İkitərəfli münasibətlərimizdə yeni mərhələ olan və gələcək strateji prioritetləri müəyyən edən bu mühüm sənədin Azərbaycan hökuməti adından Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın iştirakı ilə geniş ictimai təqdimatı keçirilmişdir. Artıq Fəaliyyət Planının əksər istiqamətləri üzrə tərəfdaş qurumlardan biri olan Ədliyyə Nazirliyi tərəfindən Planın implementasiyasına başlanılmışdır.

Eyni zamanda, sədrliyimiz dövründə Ədliyyə Nazirliyinin təşkilatçılığı və fəal iştirakı ilə yüksək səviyyədə keçirilmiş bəzi tədbirlərə toxunmaq istərdik.

Ölkəmizin məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət nəticələr beynəlxalq aləmdə təqdir olunur, bu sahədə islahatlara dəstək göstərilir. Sədrliyimiz dövründə 50-dən çox ölkədə məhkəmə-hüquq islahatlarının aparılmasına kömək edən və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ilk dəfə olaraq Plenar iclasını Strasburqdan kənarda, məhz Bakıda keçirmişdir.

Nazirlik tərəfindən CEPEJ-in prezidenti Con Steysinin və üzvlərinin, habelə 100-dən çox hakim, prokuror, vəkillərin iştirakı ilə sessiyanın təntənəli açılış mərasimi və CEPEJ-in fəaliyyətinə dair informasiya seminarı təşkil edilmiş, məhkəmə islahatları ilə yaxından tanış olunmuşdur. CEPEJ-in rəhbərliyi ölkəmizin demokratik hüquqi dövlət quruculuğu sahəsində bir çox dövlətlərin yüz il ərzində əldə etdiyi uğurlara qısa müddətdə nail olmasını qeyd etmiş, məhkəmə islahatlarımızı təqdir etmişdir.

Eyni zamanda, bu sahədə ölkəmizin bütün Avropa üzrə ən yaxşı təcrübələri toplayaraq məhkəmə hakimiyyətini insanların maraqları naminə uğurla tətbiq edə bilməsi yüksək qiymətləndirilmişdir.

Bundan əlavə, Avropa Şurasına üzv dövlətlərdə yerli demokratiyanın inkişafına, regionlararası əməkdaşlığın gücləndirilməsinə səmərəli töhfələr verən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Bakıdakı Büro iclası olmuş, və Nazirlik tərəfindən tədbirin təntənəli açılış mərasimi təşkil edilmişdir. Eyni zamanda, Konqres prezidenti Herviq Van Staa məhsuldar ikitərəfli görüşlər keçirmiş və o, dövlətimizin başçısı tərəfindən qəbul olunmuşdur.

Həmçinin nazirlik tərəfindən Konqreslə birgə Bakıda "Yerli demokratiya və gənclər" mövzusunda beynəlxalq konfrans təşkil olunmuş, yerli özünüidarəetmə sahəsində gənclərin rolunun artırılmasına dair müzakirələr keçirilmiş və milli təcrübələr barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Sədrliyimiz dövründə ötən ay Konqresin Strasburqda 27-ci Plenar iclası keçirilmişdir. İclasda sədrik edən ölkənin hökuməti adından və eyni zamanda, bələdiyyələrin fəaliyyətinə məsul qurumun rəhbəri kimi tərəfimdən çıxış edilmiş, Avropa üçün aktual olan məsələlər və prioritetlərə toxunulmuş, habelə sədrlik dövründə dövlətimizin prioritetlərindən olan gəncliyin inkişafı, mədəniyyətlərarası dialoqun təşviqi, korrupsiyaya qarşı mübarizəyə dair və s. tədbirlər qeyd olunmuşdur. Eyni zamanda, yerli özünüidarəetmə orqanlarının inkişafına dair görülmüş mütərəqqi tədbirlər barədə geniş məlumat verilmiş, bu zaman Konqresin 2012-ci ildə Azərbaycanda keçirdiyi monitorinqin nəticəsi üzrə qəbul olunmuş müvafiq tövsiyələrin icrasına xüsusi diqqət yetirilmişdir.

Plenar sessiyada nümayəndə heyətimiz tərəfindən tədbir iştirakçılarının ümumavropa problemləri, xüsusilə insan hüquqlarının təminatı, ayrı-seçkiliyin qarşısının alınması, gəncliyin inkişafı, Konqresin fəaliyyət istiqamətlərinə aid olan beynəlxalq konvensiyalara qoşulması, eləcə də Avropa Şurasının fəaliyyəti, ölkəmizin bu qurumun Nazirlər Komitəsində sədrliyi, habelə bələdiyyələrin fəaliyyəti ilə bağlı sualları ətraflı cavablandırılmışdır.

Konqresin gündəliyinə, həmçinin Ukrayna, Gürcüstan və Moldovada separatçılığa qarşı tədbirlərə dair müzakirələrin aparılması daxil edilmişdir. Ölkəmizin 20 ildən çox erməni separatizmindən əziyyət çəkdiyi nəzərə alınaraq, Azərbaycan tərəfi bizim bu problemimizin də müzakirəyə çıxarılması təşəbbüsü irəli sürmüşdür. Ermənistan tərəfi hər vəchlə buna qarşı çıxmağa cəhdlər göstərsə də, ölkəmizin qəti mövqeyi nəticəsində bu məsələnin müzakirəsi iclasın gündəliyinə salınmışdır.

Mövzu üzrə çıxış edilərək ölkəmizin erməni separatizminin üz-üzə qaldığı vurğulanmış, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad olunması ilə bağlı 4 qətnaməsinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyi diqqətə çatdırılmış, separatizmin və silahlı münaqişələrin baş qaldırmasına, özbaşınalıq və cəzasızlıq hissi yaradan "ikili standartlardan" imtina etməyin vacibliyi bildirilərək, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə Ermənistana qarşı sanksiyaların qəbul edilməsinə çağırılmışdır.

İclasın sonunda məsələ ilə bağlı Bəyannamə qəbul olunmuşdur. Sənəd ətrafında aparılan müzakirələr zamanı Azərbaycan tərəfi, o cümlədən AŞ-dakı nümayəndəliyimiz və Konqresdəki nümayəndə heyətimiz fəal iştirak etmiş və sənəddə ölkəmizin təklifləri əsasında Avropa Şurasına üzv dövlətlərdə mövcud olan münaqişələrin həll olunmasında ərazi bütövlüyü, suverenlik və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin mütləq olduğu vurğulanmışdır. Bundan əlavə, sənəddə heç bir dövlətin adı konkret göstərilmədiyindən, o qeyri-müəyyən səslənirdi. Azərbaycan tərəfinin bununla bağlı təklifi əsasında Bəyannamədə Ermənistan nümayəndə heyətinin kəskin etirazlarına baxmayaraq, birbaşa Azərbaycan, habelə Gürcüstan, Moldova və Ukrayna separatçılıqdan əziyyət çəkən ölkələr kimi göstərilmişdir.

Qeyd olunmalıdır ki, Konqresin bütün iclasları, o cümlədən Azərbaycan tərəfinin çıxışları, aparılan müzakirələr internetdə canlı yayımlanmışdır. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər bütün dünya ictimaiyyətinə bir daha çatdırılmışdır.

Ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində uğurlu sədrliyi, bütövlükdə beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun daha da güclənməsi, bütün sahələrdə sürətli tərəqqiyə nail olunması, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə olunan uğurlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsinin, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və məqsədönlü islahatların real təzahürüdür.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar ölçüyəgəlməzdir və Azərbaycan dövlətçiliyinin inkişafında xalqımızın tarixi nailiyyətidir. Bütün dünyada yaşanan iqtisadi və digər problemlərə baxmayaraq, fəxrlə deyə bilərik ki, Azərbaycan dövlətinin sürətli tərəqqisi sabit və dönməz xarakter almışdır. Bunu cari ildə respublikamızın sosial-iqtisadi inkişafının göstəriciləri bir daha sübut edir. Belə ki, 2014-cü ilin 9 ayı ərzində ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektorumuz 6 faiz, əhalinin pul gəlirləri 5,4 faiz artmış, inflyasiya çox aşağı səviyyədə - cəmi 1,5 faiz təşkil etmişdir. Bu il ölkəmizə 19 milyard dollar həcmində sərmayə qoyulmuş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası nəticəsində çoxsaylı müəssisələr və sosial obyektlər istifadəyə verilmişdir ki, nəticədə 100 mindən çox yeni iş yeri açılmışdır.

Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirilərək, Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli 40 ölkəsi sırasındadır.

Buna görə də Azərbaycan ədliyyəsinin davamlı inkişafı yolunda əldə olunan nailiyyətlər bütün ədliyyə işçilərində böyük ruh yüksəkliyi doğurmaqla hamımızın qurub-yaratmaq əzmini daha da artırır və biz də elə səy göstəririk ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ölkəmizdə sosial-iqtisadi tərəqqisindən geri qalmasın.

Bu il peşə bayramı ərəfəsində möhtərəm Prezidentimizin ədliyyə fəaliyyətinə yüksək qiymət verərək bir qrup ədliyyə işçisini dövlət təltiflərinə layiq bilməsi və ali xüsusi rütbələr verməsi hamımızda sonsuz minnətdarlıq hissləri doğurmaqla üzərimizə əlavə məsuliyyət qoyur.

Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yardımçı olmağı özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.

Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri xiyabana gedərək, bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin banisi, dahi öndər Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad edirlər.

Ənənəvi olaraq ədliyyə orqanları və məhkəmələrdə Azərbaycan ədliyyəsinin keçdiyi zəngin tarixə və inkişaf yoluna, qazanılmış uğurlara nəzər salınmış, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilmiş, erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza bayram payları göndərilmiş, digər tədbirlər təşkil olunmuşdur.

Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir və onlara qanunun aliliyinin, insan haqlarının təmin olunması üzrə şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.

 

Fikrət MƏMMƏDOV,

Azərbaycan Respublikasının ədliyyə naziri,

 Məhkəmə-Hüquq Şurasının sədri ,

 I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan.-2014.- 21 noyabr.- S.4.