IDEA-nın «Ümumrespublika yaşıllaşdırma» marafonu uğurla reallaşır

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də "Ümumrespublika yaşıllaşdırma" marafonuna start verilib. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaqdanağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.

Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabrda və martın sonu - aprelin əvvəlində) əkilməsi və marafonun mayın əvvəlində başa çatdırılması planlaşdırılır. Marafon IDEA İctimai Birliyinin internet səhifəsində mütəmadi olaraq işıqlandırılacaq və onun gedişi zamanı müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar həmin internet səhifəsində yerləşdiriləcək. Layihədə Azərbaycan Respublikasının rayon və şəhərlərinin icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.

Ölkənin bütün bölgələrində olduğu kimi, Bakının Xətai rayonunun ictimaiyyəti də IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nda fəallıq göstərir. Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, sakinlər noyabrın 7-də S.Mehmandarov küçəsinin  kənarında min ədəd həmişəyaşıl ağac əkiblər. Aksiyada rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov və Milli Məclisin deputatı Hüseynbala Mirələmov da iştirak edirdilər. Tədbirdə ərazidə yaşıllıq zonasının genişləndirilməsi, abadlıq işlərinin aparılması və əhalinin istirahətinin təşkili məqsədi ilə rayonun təsərrüfat sahələrinin rəhbərlərinə tapşırıqlar verildi. Ümumilikdə marafon çərçivəsində Xətai rayonu ərazisində 4,5 min ədəd ağacın əkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin ötən dövrü ərzində Xətai  rayonunda ekoloji vəziyyətin yaxşılaşdırılmasının əhəmiyyəti nəzərə alınaraq yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bəzi ərazilərdə relyefə uyğun olaraq yaşıllıq massivləri salınıb, suvarma sistemləri quraşdırılıb, artezian quyuları istismara verilibdir. Parkxiyabanlara minlərlə gülağac əkilib.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S. 4.