Vergilər naziri Kürdəmirdə vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə kömək göstərirlər. Növbəti belə qəbul vergilər naziri Fazil Məmmədov tərəfindən noyabr ayının 20-də Kürdəmir Olimpiya İdman Kompleksində Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar üçün keçirilib.

Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən AzərTAc-a bildiriblər ki, müraciətlər əsasən vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması ilə əlaqədar olub. Sahibkarlar, həmçinin vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində qarşılaşdıqları problemlərə, əməkhaqqı fondundan icbari ödənişlərə, vergiödəyicilərinə göstərilən xidmətlərə də toxunublar. Vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərə dair müraciətlərə də baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub. Müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildirib.

 

Azərbaycan.-2014.- 21 noyabr.- S.7.