XİN: Ermənistanın əsl məqsədi
münaqişənin
sülh yolu ilə həllinə
imkan verməməkdir
Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev
1991-ci il noyabrın 20-də Ağdam rayonunun Mərzili kəndi
ərazisində ermənilər tərəfindən helikopterin
vurulmasının ildönümü ilə bağlı bəyanat
yayıb.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a verilən məlumata
görə bəyanatda deyilir: “1991-ci il noyabrın 20-də Azərbaycan
Respublikasının Xocavənd rayonunun Qarakənd kəndi
yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində
ermənilər tərəfindən içərisində Azərbaycan,
Rusiya və Qazaxıstanın dövlət rəsmilərinin,
deputatların və jurnalistlərin olduğu helikopter
vurulmuşdur. Helikopterin vurulması nəticəsində 22 nəfər
faciəli şəkildə həlak olmuşdur.
Aparılmış
əməliyyat-istintaq tədbirləri nəticəsində helikopterin
vurulmasının Ermənistanın təhlükəsizlik
orqanları tərəfindən təşkil edildiyi müəyyən
edilmişdir.
Ermənistanın
Azərbaycana hərbi təcavüzünün tərkib hissəsi
kimi sonrakı illərdə də bu ölkənin Azərbaycana
qarşı terror əməlləri davam etdirilmiş, mülki
şəxsləri daşıyan uçuş vasitələrinin
vurulması həyata keçirilmiş, nəqliyyat vasitələrində,
o cümlədən metroda 30-dan artıq terror aktı təşkil
edilmişdir.
Ermənistan
tərəfindən 1991-ci il noyabrın 20-də Qarakənd
faciəsinin törədilməsi nəticəsində sülh
təşəbbüsü ilə regiona səfər edən
yüksək vəzifəli şəxslər və
ictimai-siyasi xadimlərin fiziki məhvi həyata
keçirilmiş və münaqişənin ilkin mərhələdə
sülh yolu ilə həllinə imkan verilməmişdir. Bu
fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi
münaqişənin sülh yolu ilə həllinə imkan verməmək
və Azərbaycanın ərazilərini işğal etməkdir.
Bu ənənələrinə
sadiq qalan Ermənistan tərəfindən bu gün də
münaqişənin sülh yolu həlli ilə əlaqədar
hər hansı təşəbbüs irəli sürülən
zaman təxribatlara əl atılır və bütün vasitələrlə
danışıqlar prosesinə xələl gətirilir”.
Azərbaycan.-2014.- 21 noyabr.- S.8.