Ruzigarın yeganəsi - əbədi şöhrətin zirvəsi

 

Dünya şeirinin mövlanası, dahi Məhəmməd Füzuli farsca qəzəllər “Divan”ının dibaçəsində “Mən özümü ruzigarın yeganəsi görmək istəyirəm” yazırdı... XIX əsrdə yaşamış böyük şeirşünas, tənqidçi V.Belinski 300 il sonra belə yazacaqdı: “Şair sözü yüksək və müqəddəs sözdur, bu sözdə ölməyən, əbədi şöhrət var”. Misilsiz poeziyası sayəsində Füzuli, həqiqətən, ruzigarın yeganəsi, müqəddəs “şair” sözünün əbədi şöhrət zirvəsi məqamına yüksələ bildi. Və bu əbədi şöhrət sahibi, dünyanın ən böyük türklərindən biri Azərbaycan məmləkətinə məxsus və mənsubdur. Ulu öndər Heydər Əliyevin böyük səyləri, tarixi xidmətləri sayəsində Füzulinin dünyaya səs salan, sivil bəşəriyyəti söz, sənət, ilham, ilahi vergisi olan istedad haqqında düşüncələrə sövq edən təntənəli 500 illik yubileyi keçirildi. Füzuli təkcə bir xalqın şairi deyil, bəşəriyyəti öz ecazı ilə heyrətdə qoyan dünya şairi - dünyadakı bütün türkləri birləşdirən korifey sənətkardır. Heydər Əliyev Türkiyə Böyük Millət Məclisindəki məşhur çıxışında belə demişdi: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”.

Azərbaycan ədəbiyyatı XIX əsrə qədər lirik növün janrları üzrə təkamül edib. Bu növün bütün Yaxın Şərq ədəbiyyatında ən klassik janrı qəzəl idi. Və Füzuli qəzəl yazıb.

Öncə deməliyik ki, Füzuli SÖZ-ündən yazmaq böyük istedad və cəsarət tələb edir. Əvvəla ona görə ki, Füzuli sözü ilahi sözdür, qeybdən gəlir: “Sözə xor baxmaq olmaz; hər söz Ərşdəndir, gəlib hədiyyə bizə”; “söz Yaradanın mədhü sənası, nəğməsidir”. Eyn aləmində - görünən aləmdə yaşayan və yalnız idrakına güvənən adamın Qeyb aləmindən - görünməyən, yalnız fəhm olunan ilahi aləmdən gələn sözü izah etməyə hünəri çatmaz. İkincisi, Füzuli SÖZü başdan-başa, dərindən-dərinə sehrdən, tilsimdən, rəmzdən, məcazdan, bədii fiqurlardan ibarətdir... Füzuli ən böyük söz oyunbazı, söz sehrkarı, sözə ehya verən şairdir. Ədəbiyyatşünaslıq təsdiq edir ki, ərəb qəzəlinin korifeyi Əbu Nüvas, fars qəzəlinin ustadı Hafiz, türk qəzəlinin dahisi Füzuli olub. Fəqət Əbu Nüvas ancaq ərəbcə, Hafiz yalnız farsca, Füzuli isə həm ərəbcə, həm fasca, həm də türkcə - Şərqin üç böyük dilində qəzəlin misilsiz nümunələrini yaradıb:

Qəzəldir səfabəxşi-əhli-nəzər,

Qəzəldir güli-bustani-hünər.

Qəzəl bildirir şairin qüdrətin,

Qəzəl artırır nazimin şöhrətin.

Qəzəl de ki, məşhuri-dövran ola,

Oxumaq da, yazmaq da asan ola.

Füzulinin qəzələ verdiyi səciyyə belə idi: onun fikrincə, “qəzəl aşiqin könül dərdini mərhəmətli sevgilisinə açması və məşuqun öz halını sadiq aşiqinə bildirməsidir”. Elə buna görə də dahi şair:

Məndən, Füzuli, istəmə əşarü mədhü zəmm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir, -

deyə öz qəzəlinin mahiyyətini ifadə edirdi. Bir çox Şərq nəzəriyyəçiləri, o cümlədən qəzəl janrının ilk tədqiqatçısı Qüdamə ibn Cəfər (X əsr) “Qəzəl məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir” fikrini irəli sürüb. Bu baxımdan Füzuli poeziyası üç əsas rükn üzərində bərqərar olur: Hüsn, Eşq və Qəm! Füzulinin bütün fəlsəfəsi bu üç rüknün alovlu dilləri üzərində bişib yetişib. Və həqiqətən də “Füzuli sevir - Füzuli düşünür” (Məmməd Cəfər) deməkdir.

Füzulidə Hüsn dünyanı əks etdirən aynadır:

Hüsn ayineyi-cəhannümadır,

Keyfiyyəti-eşq ona ciladır.

Hüsn olmasa, eşq zahir olmaz,

Eşq olmasa, hüsn mahir olmaz.

Olmaz isə eşq, hüsn olur xar,

Eşq ilədir əhli-hüsnə bazar.

Füzuliyə görə, ən kamil hüsn Tanrının Hüsnüdür:

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni;

Surəti-halım görən surət xəyal eylər məni!

İnsanı öz gözəlliyi ilə lal eyləyən, onu canlı varlıqdan donuq bir fotoya - surətə çevirən bu büt sehrkar gözəldir, mələkdir.

Ey mələksima, ki səndən özgə heyrandır sana;

Həqq bilir, insan deməz hər kim, ki insandır, sana.

Sufi Füzulidən (1494-1556) 125 il öncə yaşamış sələfi, hürufi şair Nəsimi (1369-1417) hüsnün ilahiliyini belə tərənnüm etmişdi:

Səni bu hüsni-camal ilə, bu lütf ilə görüb,

Qorxdular həqq deməyə, döndülər insan dedilər.

Füzulinin poetik fəlsəfəsində (ümumən təsəvvüf ədəbiyyatında) aşiq - insan, məşuq - Allahdır. Eşq məxluqun Xaliqə mistik məhəbbətlə qovuşmaq yoludur:

Canı canan diləmiş, verməmək olmaz, ey dil,

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim, -

deyirdi böyük şair. Füzulidə eşq ən kamil hüsnün - təsəvvür olunan Tanrı Hüsnunun gözəlliyinin aşiqin qəlbində yaratdığı ilahi həyəcan, hüsni-təvəccöhdür:

Mənim tək hiç kim zarü pərişan olmasın, ya Rəbb!

Əsiri-dərdi-esqü daği-hicran olmasın, ya Rəbb!

Bu beytin müəllifi “Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir” qənaətinə gəlir, insan ömrünü, dünyanın taleyini eşqsiz təsəvvür etmirdi. Məcnunun eşqinin - Füzuli eşqinin əzəməti və gözəlliyi sağalmazlığındadır:

Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,

Qılma dərman kim, həlakım zəhri-dərmanındadır.

Füzuliyə görə, eşq dərdinin dəvası qabili-dərman deyil, tərki-candır -qəbr evinə girib ruhu bədəndən xilas etmək və Allah dərgahına göndərməkdir. Füzuli ilahi eşq simvolu, aşiqlik abidəsi Məcnunu yaradır: “Ya Rəbb, bəlayi-eşq ilə qıl aşına məni!” təlimini irəli sürür. Lakin o, Məcnundan da böyük aşiqi - Füzulini poetik aləmə gətirir:

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Və:

Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,

Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.

Füzuli poeziyasında Hüsn Eşqi, Eşq isə Qəmi yaradır. Bu üçlüyün fəlsəfi hasili isə belədir: Hüsn nə qədər kamil olsa, Eşq o qədər böyük olar, Eşq nə qədər böyük olsa, Qəm o qədər dərin olar! Füzuli poeziyası dərin Qəm dəryasıdır, çünki Füzulinin qəm olmayan şeiri yoxdur, orada hər qəvvas üzə bilməz. Füzulinin qəmini hər kəsdən öncə məhz Füzuli özü dəyərləndirir: “Bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairliyin əsas sərmayəsidir”. Farsca qəzəllər “Divan”ının dibaçəsində dahi Füzuli yazır ki, şair olmaq üçün dərd, qəm lazımdır:

Ciyərdə dağı, könüldə məlalı olmayanın

Sözündə, sanma, ola zövqü oxşayan qüdrət.

Fərəhlə eyş sözə zövq bəxş edə bilməz,

Sözün canı sayılır qüssə, qəm, kədər, möhnət.

Füzuli özünün ədəbi-tarixi mövqeyini, şeirinin poetik-fəlsəfi dəyərini hamıdan fəzlə təyin edir. Eləcə də qəm fəlsəfəsini. Qəm insan ruhuna ən doğma hissdir. Və Füzuli deyir:

Mənəm ki qafiləsalari-karivani-qəməm;

Müsafiri-rəhi-səhrayi-möhnətü ələməm.

Füzulidəki qəm fərdi hiss deyil, cahanın qəmi idi. O özünü qəm diyarının sakini hesab edirdi.

Böyük alman filosofu Nitsşe deyirdi: “Göz yaşı kədərin gözəlliyini korlayır”. Füzuli ondan 400 il öncə belə demişdi:

Könüldə min qəmin vardır ki, pünhan eyləmək olmaz,

Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.

Füzuli eşqin şiddətini qəmin, dərdin əzəməti ilə ölçür. Füzulinin Qəmi Məcnunun Eşqindən böyükdur. Əgər belə olmasaydı, Füzuli deməzdi:

Lövhi-aləmdən yudum eşq ilə Məcnun adını,

Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.

Şübhəsiz ki, M.Füzulinin şah əsəri “Leyli və Məcnun” poemasıdır. Onu ilahi eşq abidəsi adlandırmaq olar. Uzun həsrətdən sonra İbn Səlamdan qurtulub səhrada əldən düşmüş Məcnunla üz-üzə gələn Leyli onu tanımır. Leylinin səsindən sehrlənən Məcnun ona “Key, səbzeyi-dərdimə verən ab!” deyə müraciət edir. Onda Leyli Məcnuna belə cavab verir:

Gər tanıya bilmədim, rəvadır,

Məstəm, məni-məst işi xətadır.

Bu, əqlin dərk edə bilmədiyi, aşiqi məşuqa qovuşduran ilahi məstlikdir. Məcnun bu ilahi məstliyə dünyanın fövqündə olan məstanəliklə cavab verir: “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir”. Bu məqamda Məcnun dünyadan təcrid olunmuş irfan əhli, haqqa qovuşmuş bir arifdir. Poema insani eşqdən ilahi eşqə təkamülü poetik tərzdə əks etdirir. Bu həm də real plandan mistik plana gedişdir. Leyli Məcnuna “vücudi-kamil” deyə ilahi varlıq kimi müraciət edir. Məcnun Leylidə Məcnunu, Leyli Məcnunda Leylini görüb dərk edir və bu ilahi eşqin ən xoşbəxt anı mistik düşüncənin romantik təntənəsidir. Məcnun Leylinin məzarı üstündə:

Yandı canım hicr ilə vəsli-ruxi yar istərəm,

Dərdiməndi-firqətəm, dərmani-didar istərəm, -

beyti ilə başlanan qəzəli deyərək canını tapşırır, Məcnunu Leylinin qəbrində dəfn edirlər. Və Füzuli deyir:

Qüsl eyləyibən təni-nizarın,

Dildarının açdılar məzarın.

Qoydular onu həm ol məzarə,

Qəmnak yetişdi qəmküsarə.

Ruh oldu fələkdə ruha həmraz,

Tən oldu tən ilə yerdə dəmsaz.

Budur əsəri-məhəbbəti-pak,

Xoş mərtəbədir bu, qılsan idrak.

Bu misraları həm də Füzulinin sufi olmadığını iddia edənlərə bir xatırlatma olaraq qeyd edirik. Məcnun canını tapşıranda Füzuli, əslində, aydın bir rəmz işlədir:

Şövq əhlinə qürb hasil oldu,

Dəryasinə qətrə vasil oldu.

Sonuncu misra “Əş-Şeyx əl-Əkbər”in - İbn Ərəbinin sufizmə gətirdiyi vəhdəti-vücud təliminin poetik ifadəsidir. Qum dənəsində Kainatı, bütün yaranmışlarda, xüsusilə insanda Allahın zərrəsini, varlığını idrak (və iqrar) edən vəhdəti-vücud dahi Füzuliyə insanı eşq yolu ilə ruhun mənbəyinə - Allaha qaytarmağa imkan vermişdir.

Məhəmməd Füzuli təkcə Azərbaycan ədəbiyyatını deyil, ümumən Yaxın Şərq ədəbiyyatını zənginləşdirən, bu ədəbiyyata müdrik bədii fəlsəfi sima bəxş edən “Rindü Zahid”, “Səhhət və Mərəz”, “Mətləül-etiqad”, “Həft cam”, “Ənisül-qəlb”, “Hədiqətüs-süəda”, “Bəngü Badə”, “Şikayətnamə” kimi əsərlərin müəllifidir. Bu əsərlər orta çağların möhtəşəm fikir abidələridir. Bu əsərlərdə ALLAH, CAHAN, İNSAN münasibətləri unikal şərhini tapır, İslam dini ilə bağlı batini həqiqətlər ortaya qoyulur.

Bu əsərlər içərisində “Rindü Zahid” öz irfani qüdrəti ilə xüsusilə seçilir. “Rindü Zahid” əsərində oğul Rind ata Zahidin bütün təkliflərini məhz irfanilik baxımından, irfana - sufizmə uyğun olmadığı üçün qəbul etmir. Ərəb sözü olan “irfan” təsəvvüfdə “Allahı dərketmə” deməkdir. “Rindü Zahid” sufizmin irfan mərhələsində zahidliyi tənqid edən əsərdir.

Zahid irfana biganə, ondan bixəbər deyil. O, yaxşı bilir ki, “irfan mərtəbəsinə mindən bir adam çatır. Mərifət sahibləri nadir tapılır”. O, oğluna Allahın evini, “səfalı sufilərin məbədi”ni nişan verir. Rind vəhdət, sidq və səfa evinə ona görə girə bilməz ki, 1) o, hələ atasına - Zahidə bağlıdır; 2) fikrən dünya ilə məşğuldur.

Meyxanaya, Allahdan razı insanların toplandığı yerə gələndə də Rind Zahidi ciddi suallar qarşısında qoyur. Rindin meyxanadakı Qoca ilə söhbəti sufi plandadır. O, Zahidə mükaliməsində də həmin kontekstdən çıxmır. “Şərab şüur aynasının tozunu silir” - Rindin (Füzulinin!) gəldiyi qənaət budur.

Zahidin musiqiyə münasibəti müqabilində də Rind musiqiyə sufi-irfani izah verir: Zahid: “Sazın keyfiyyəti yalnız şadlıq və xoşluq üçündür. Əslində, bu fəsad ağlı və ədəbi ortadan qaldırır”; Rind: “Ürəkaçan nəğmə səma eyvanının kəməndidir. Xoş avazlar uca aləmin nərdivanıdır... ruhu cismani əlaqələrdən qurtarır... hər nəğmə Allah dərgahına bir niyazdır...”

Nəhayət, bu irfan abidəsi Eşq və Gözəllik haqqında dialoqla yekunlaşır. Zahid belə nəticəyə gəlir ki, “Eşqin gözəllər hüsnünə münasibəti onun eybidir, tərifi deyil. Məhbubların camalına vurulmaq peşmançılıq gətirər, tərbiyə verməz. Çünki gözəllərin hüsnünə baxmaq yaxşı ürək sahiblərinin ağlı üçün fitnədir. Məhbubların camalına tamaşa etmək kamillər üçün nöqsandır”. Rind eşqə və gözəlliyə ilahi məna verir: “Eşq bəşər vücudu səfərində Allahın əmanəti olan bir gövhərdir... Kainatın binası ona əsaslanır. Gözəllik Allah simasının aynasıdır, Allah axtaranların məqsədə çatmaları üçün yolgöstərəndir. Camal Allahın nurunun məzhəridir, əbədi feyzin mənşəyidir”.

“Rindü Zahid” Füzulinin arzusu ilə mənalı bir sonluqla bitir: “Axırda Zahid arif Rindin tənbehi ilə öz işlərinin aynasından riya tozunu sildi. Rind vaqif Zahidin nəsihəti ilə öz surəti-halını tövbə bəzəkləri ilə zinətləndirdi. Hər ikisi müxalifət və ziddiyyətdən əl çəkdi. Vəhdət dərəcəsinə çatdılar və məhəbbət yolunu tutdular”. Məhz bu Vəhdət Füzulinin yaradıcılığının əsas qayələrindən biri idi.

Zahidliklə (asketizm, tərkidünyalıq) bağlı bir məsələni də qeyd etsək, güman edirik ki, “Rindü Zahid” əsərində sufizmin iki mərtəbəsi - zahidlik və irfanilik arasındakı ziddiyyətin mənasına aydınlıq gətirmiş olarıq.

“Avropa ədəbiyyatına daxil olmuş ilk sufi” (A.Şükürov), ümumən ilk sufi qadın Rəbiyyə əl-Ədəviyyə (717-801) öz mürşidi mənziləsində olan Həsən Bəsrinin (728-də vəfat edib) təlimi ilə münaqişələrində tərkidünyalığa birinci dərəcəli müstəqil dəyər kimi baxılmasının əleyhinə çıxır. Onun fikrincə, bu, həqiqi Allahın üstünə kölgə salır.

Rəbiyyəyə, ümumən sonrakı kamil sufi mütəfəkkirlərinə - İmam Qəzaliyə, İbn Ərəbiyə, Şeyx Mahmud Şəbüstəriyə, Mövlana Cəlaləddin Rumiyə və başqalarına görə, həqiqi sufi ilə Allah arasında heç bir məsafə yoxdur. Rəbiyyə deyirdi: “Mən Onunla birəm və Ona məxsusam”.

Əgər Zahid bilə-bilə, nəfsi çəkə-çəkə dünya malından (nemətlərindən) imtina edirsə, deməli, o hələ Allahdan çox-çox uzaqdır. Əgər Zahid Allah naminə dünya malından imtina edirsə, o, yalnız asket mərtəbəsindədir. Bəs Rind nə istəyir, nəyi və niyə bəyənmir? İrfan mərtəbəsinə yüksəlmiş, YOLu bütündən-bütünə keçmiş adamın - Allahı öz varlığına köçürüb, özünü Allahda əritmiş məxluqun nə qəlbində, nə də zehnində maddi dünya anlayışı olur...

“Rindü Zahid” dahi Azərbaycan şairi, Şərqin sonuncu böyük sufisi M.Füzulinin zahidlikdən irfaniliyəqədərki görüşlərinin təkamülünü əks etdirən kamil irfan abidəsidir.

Dahi şairin natamam qəsidələr “Divan”ı bu lirik-fəlsəfi janrın ensiklopedik nümunəsidir. Orta çağların tarixi-mənəvi dəyərlərini əks etdirən bu rəmzi-irfani lirika incilərini şair özü “Nəcəf torpağında və Kərbəla ölkəsində yetişib, övliya bürcü olan Bağdadın ab-həvası ilə tərbiyələnən... dünya görməmiş yeniyetmələr, qürbət çəkməmiş yetimlər” adlandırırdı.

Mövlana Füzuli 520 ildir ki, müdrik Şərq poeziyası səmasında əbədi, sönməz dan ulduzu kimi parlayıb dünyaya işıq saçır, bütün bəşəriyyəti mənəvi ucalığa, möcüzəli fəhm və vəhy aləminə, əxlaqi kamilliyə səsləyir.

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,

Professor

Azərbaycan.-2014.- 21 noyabr.- S.10.