Sevgi qazanmağın bir yolu var
O da halallıqdan, zəhmətdən
keçir
Onu çoxdan
tanıyıram. Televiziya ekranlarında özünü,
qəzet-jurnal səhifələrində
şəklini görmüşəm,
haqqında yazılar oxumuşam. Amma 86 yaşlı Ömər Ağayevlə - Sosialist Əməyi Qəhrəmanı
ilə görüş
təkcə xatirələri,
ötən günləri
yada salmırdı, həm də ömür tarixçəsində
bir əmək salnaməsi yazan qəhrəmanın özünü
tanıdırdı. Kimdir
Ömər Ağayev?.. Özü demişkən, sadə
kəndli balası olub. Şamaxının Təklə kəndində
doğulub boya-başa
çatıb. Cahangir kişinin,
Çimnaz xalanın ocağında böyüyüb.
Elə anası Çimnaz da qəhrəman ana olub. Övladlarına deyərmiş
ki, nə qədər böyüsəniz
də, ucalsanız da, kəndi-kəsəyi unutmayın, bir-birinizə
həyan olun...
Ömər Ağayev o illəri xatırlayanda kövrəlir. Müharibənin
zədələrini, ağrı-acısını
yada salır: - Onda çox çətin idi. Müharibənin gətirdiyi fəlakət
bütün qapıları
sorğu-sualsız döyürdü.
Hitlerin başladığı
dava bizim nəslimizdən də beş kişini
apardı. Nə qədər gözləsək
də, onlardan bir soraq gəlmədi...
Aclıq, qıtlıq çox bəlalar gətirdi. Amma dözürdük,
bizi belə böyütmüşdülər. Ömrü boyu ona cəhd
edirdik ki, bizi böyüdən, ərsəyə gətirənlərin
ümidlərini, inamlarını
doğruldaq. Sübut
edək ki, bizə güvəndiklərinə
görə qətiyyən
yanılmayıblar...
Müharibədən sonra Şamaxıdakı Sabir adına Pedaqoji
Texnikumu bitirdim, bir neçə il doğma kəndimizdə
müəllimlik etdim.
Ömər Ağayev öz bioqrafiyasından danışanda
yenidən o illərə
qayıdır. Özü də hər
şeyi yerli-yerində
xatırlayır. Dedi
ki, əsgərlikdən
sonra - 1952-ci ildə Bakı Elektrik Maşınqayırma Zavodunda
fəhlə kimi işə başladım.
O illəri heç vaxt unuda bilmərəm.
Həm adamlardan qayğı gördüm, həm də inkişafıma, yüksəlişimə təkan
verdilər. Nə yaxşı
ki, əhatəmdə
xeyirxah, zəhmətə
dəyər verən adamlar vardı. Elə bu gün də
o adamlara - öz xeyirxahlarıma borcluyam.
Ömər dayı danışdıqca
kövrəlirdi, çətin
günləri dönə-dönə
xatırlayırdı. Amma adamlardan
gördüyü xeyirxahlığı,
xoş ünsiyyəti
yadına salanda elə bil ona
güc-qüvvət verirdilər.
Deyir ki, mənim yüksəlişimə, əməyimə
dəyər verildiyi illər ötən əsrin 70-ci illərindən
başladı. 1974-cü ilin yanvar ayının
3-də Sovet İttifaqının
ən yüksək əmək təltifinə
- Sosialist Əməyi
Qəhrəmanı adına layiq görüldüm. Sən demə,
bu fəxri ad təkcə sahibinə şöhrət gətirmirmiş,
həm də məsuliyyət, tələbkarlıq,
etimada cavabdır.
Dərk edirdim ki, bu
adın ağır çəkisi, sanbalı
var. Sonralar öyrəndim
ki, məni bu yüksək mükafatla təltif etmək istəyəndə
yeddi arxa dönənimə qədər
ələyib ələkdən
keçiriblər. Təsadüfi heç nə yox idi. Ömər dayı deyir ki, o dövrün
qanunları belə idi: gərək hər şeyi ölçüb-biçəydilər, layiqsənsə, səni o
mərtəbəyə yüksəldirdilər.
Ömər dayı onu da deyirdi ki,
həmişə o ucalıqdan
enməyi özümə
ən ciddi təhlükə saymışam.
Axı mənim arxamda böyük bir nəslim dayanır. Ən azı üç qızım, bir oğlum, 13 nəvəm,
12 nəticəm mənim
uğurlarımla, ad-sanımla
öyünürlər, fəxr
edirlər. Ona görə
də haqqım yoxdur ki, mənə
inanan, güvənən
adamların etimadına,
inamına zərrə
qədər də xal düşməsinə
imkan verim. Biz belə böyümüşük.
Fəxr edirəm ki, mən o nəslin nümayəndəsiyəm.
Ömər Ağayev, həqiqətən
də, xoşbəxt bir nəslin dəyərli ağsaqqalıdır.
Özü deyir ki, toy-düyündən başım
açılmır. Nəvələrim,
nəticələrim bir
yana, o qədər
köməksiz, imkansız
adamlara dayaq olmuşam ki... Neçə-neçə cavanın xeyir
işinə ağsaqqallıq
etmişəm. Bu gün onların övladları mənə
“Ömər baba” deyir. Elə bilirəm ki, dünyada bundan böyük xoşbəxtlik
ola bilməz...
Ömər Ağayev dəyərli
ömür yolundan bir epizod da
xatırlatdı: “Zavodumuzun
fəhlələri üçün
yaşayış evi tikilirdi. 70-ə qədər
fəhlə ailəsi
bu binadan mənzil gözləyirdi.
O vaxtlar Bakı Şəhər İcraiyyə
Komitəsi bir qayda yaratmışdı ki, tikilən evlərin azı 15 faizi onların balansında saxlanılsın.
Respublika
sarayında keçirilən
görüşdə ulu
öndər Heydər
Əliyev də iştirak edirdi. Çıxışımda dedim
ki, biz siyahıdan kimlərinsə adını
çıxarsaq, ən
azı 10-15 fəhlə
ailəsi evsiz qalacaq. Onda Heydər
Əliyev məsələyə
dərhal münasibət
bildirdi: “Növbədə
kimlərin adı varsa, evləri də onlara verin. Heç kəsin haqqına,
hüququna toxunmayın.
Zavodumuzda bunu, az qala,
bayram kimi qarşıladılar. Axı onlarca
ailə mənzilə
sahib olmuşdu”. Ömər Ağayev
belə xeyirxah işlərə ağsaqqallıq
etməkdən yorulmayıb.
İndi Səbail Rayon Veteranlar Şurasının sədri
kimi fəaliyyət göstərir.
Az qala əsrin yaşıdına çevrilən əmək qəhrəmanı adamların haqqını, hüququnu qorumaq üçün ən mötəbər qapıları döyüb. Azərbaycan Ali Məhkəməsinin xalq iclasçısı kimi ədalətli mövqeyi, haqq səsi ilə seçilib. Köməyə, yardıma ehtiyacı olanlara dayaq olub.
Ömrünün unudulmaz anları çox olub. Yüksək vəzifəli məmurlarla, dövlət başçıları ilə görüşlərindən çox fəxrlə danışır: “Moskvada Kremlin Qurultaylar sarayında Kuba Kommunist Partiyasının Baş katibi Fidel Kastro ilə səmimi söhbətimiz oldu. Məni öz vətəninə dəvət edirdi. Deyirdi ki, belə əmək qəhrəmanlarının bioqrafiyası bizim üçün də maraqlıdır. Keçmiş Sovet İttifaqının rəhbərləri ilə də görüşlərim olub. Nikita Sergeyeviç Xruşşovla, Leonid İliç Brejnevlə dəfələrlə görüşmüşəm. Üç dəfə Sovet İttifaqı Kommunist Partiyasının qurultaylarına nümayəndə seçilmişəm. Keçirdiyim görüşlər, unudulmaz xatirələr bir yana, amma ulu öndərlə - Heydər Əliyevlə görüşlərimi, səmimi söhbətlərimi heç vaxt unuda bilmərəm. Bu gün yaşadığım evi 1980-ci ildə Heydər Əliyevin köməyi ilə almışam. 2003-cü ildə 75 yaşım tamam olanda Heydər Əliyev evimizə zəng vurub məni həm yubiley, həm də yeni il münasibətilə təbrik etdi. Mən yanvar ayının 1-də doğulmuşam. Elə bilirəm ki, rəhbərin bundan böyük diqqəti, qayğısı ola bilməz. Qazandığım bütün uğurların əsl səbəbkarı Heydər Əliyev olub. Ulu öndər zəhmət adamına, halallıqla ucalan insanlara böyük dəyər verirdi”.
Söhbət əsnasında Ömər Ağayev ötən günlərə tez-tez qayıdır. Haqqı da var. Axı o illərdə onun ömrünün dəyərli çağları qalıb: “1992-ci ildə eşitdim ki, Heydər Əliyev Naxçıvana qayıdıb. Ulu öndərin görüşünə getdik. Bizi çox səmimi qarşıladı. Gedəndə kiçik bir hədiyyə - şahmat aparmışdıq. Bilirdik ki, şahmat həvəskarıdır. Hədiyyəni məmnuniyyətlə qəbul etdi. Amma zarafatından da qalmadı: “Nə deyirsən, Ömər, hələ çox oyunçularla üzləşəcəm?” Dedim ki, siz bütün siyasi oyunlarda diplomatik gedişlərinizlə o qədər liderləri mat qoymuşunuz ki... Bu gün də Azərbaycan xalqı sizdən kömək umur, sizə ümid yeri kimi baxır. Səmimi görüşümüz uğurlu sonluqla başa çatdı. Cəmi bir il sonra arzularımız çin oldu... Ulu öndərlə sonralar da dəfələrlə görüşmüşəm. Hər dəfə eyni səmimiyyət, xoş rəftar görmüşəm”.
Elə bil öz keçmişini xatırlayanda cavanlaşırdı. Prezident İlham Əliyevlə son görüşünü xatırladı. “Ağsaqqallarla görüşlərinin birində cənab Prezident mənə müraciətlə: - Hə, necəsən? - deyə hal-əhval tutdu. Dedim ki, biz ulu öndərin tövsiyələri ilə çalışmışıq, uğur qazanmışıq. Ona görə də estafeti sona qədər qorumalıyıq”.
Ömər Ağayev dedi ki, xalqın, elin, obanın sevgisini, etimadını qazanmağın bir yolu var. O yol halallıqdan, zəhmətdən keçir. Mən o yolu seçmişəm. Yoxsa bu qədər yaşaya bilməzdim.
Söhbətimizin sonunda nisgilini də gizlətmədi: “Torpaqlarımızın işğaldan azad olunmasını da görmək istəyirəm. İstəyirəm ki, Şuşaya, Xankəndiyə gedə bilim. O yerlərlə bağlı o qədər xatirələrim var ki... İnanıram ki, o gün tezliklə gələcək”.
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.-2014.- 21 noyabr.- S.10.