Beş qitənin həkimləri Azərbaycanda
- Heydər Əliyev Mərkəzində
Noyabrın
20-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan
Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü
ilə “Anadangəlmə ürək xəstəliklərinin
müalicəsində yeniliklər” adlı Azərbaycan Beynəlxalq
Ürək Qrupunun 1–ci beynəlxalq konfransının rəsmi
açılışı olub.
AzərTAc
xəbər verir ki, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin və Heydər
Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə
“Uşaq ürəkləri Azərbaycanda döyünür”
devizi ilə keçirilən beynəlxalq konfrans 20 noyabr-
Ümumdünya Uşaqlar Gününə həsr olunub.
Heydər
Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli
mərasim iştirakçılarını salamlayaraq bildirib
ki, bu mühüm beynəlxalq tədbir, eyni zamanda, uşaq
hüquqlarının əsas təməli sayılan
“Sağlamlıq hüququ”nun təmin olunması istiqamətində
BMT-nin qlobal təşəbbüsünə Azərbaycan
dövlətinin və səhiyyəsinin göstərdiyi
humanist dəstəyin gözəl nümunəsidir.
Ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin fəaliyyətindən danışan A. Kərimli qeyd edib ki, artıq Azərbaycan bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Sevindirici haldır ki, bu tədbirlərin bir çoxuna Heydər Əliyev Mərkəzi ev sahibliyi edir. O, ölkəmizdə səhiyyənin sürətlə inkişaf etdiyini və bu sahədə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, beş qitəni - Amerika, Avropa, Asiya, Avstraliya və Afrikanı əhatə etməklə 40-dan çox ölkədən dəvət olunmuş 100-dən çox pediatr, kardioloq və ürək-damar cərrahı Azərbaycanda bir araya gələrək dünya ictimaiyyətinin diqqətini bir daha bu mühüm problemə yönəldəcəklər. Bu baxımdan konfrans gənc həkimlərin yetişməsində və formalaşmasında mühüm rol oynayacaq.
Konfransın azərbaycanlı həkimlər üçün faydalı olacağını diqqətə çatdıran Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, Heydər Əliyev Mərkəzində ilk dəfə keçirilən bu mühüm səhiyyə tədbiri, həm də qonaqlara Azərbaycanın son illərdə qazandığı nailiyyətlərlə də tanış olmaq imkanı verəcəkdir. Nazir müavini ölkəmizdə ana və uşaq ölümünün azaldığını, son 8 ildə 600-dək tibb müəssisəsinin əsalı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, bu səhiyyə ocaqlarının əksəriyyətinin uşaqlar üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasından danışan E. Ağayev bildirib ki, hər bir uşağın sağlamlığı dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. İndiyədək ölkəmizdə 2 milyondan çox uşaq icbari dispanserizasiyadan keçirilib.
Açılışda çıxış edən Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri Rəşad Mahmudov deyib ki, konfransda yerli və xarici mütəxəssislər arasında aparılacaq qlobal elmi-təcrübi fikir mübadiləsi respublikamızda anadangəlmə ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında, müalicəsində beynəlxalq standartlara uyğun xidmətin və keyfiyyət sisteminin tətbiqinə təkan verəcəkdir. O, əminliklə bildirib ki, perinatologiya, neonatologiya, reanimatologiya, pediatrik kardiologiya və ürək-damar cərrahiyyəsi sahələri arasındakı inteqrasiya və bu sahələrdə çalışan peşəkarlar arasındakı qarşılıqlı iş birliyi bu problemin həllində mühüm nailiyyətlər əldə etməyə köməklik edəcəkdir. Bu nailiyyətlər öz növbəsində anadangəlmə ürək xəstəliyi ilə doğulan körpələrə, uşaqlara və yeniyetmələrə göstərilən peşəkar qayğının daha yüksək səviyyədə həyata keçirilməsinə zəmin yaradır. Konfransın innovativ və zəngin elmi proqramı pediatriya, kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrinin əsas istiqamətlərini əhatə etməklə anadangəlmə ürək qüsurlarının diaqnostikasında, müalicəsində ən son yenilikləri, tədqiqatlarda elmi və texnoloji nailiyyətləri özündə əks etdirir. Konfransda tanınmış beynəlxalq mütəxəssislərin məruzələri, həmçinin klinik kurslar, canlı cərrahiyyə yayımı və videotəqdimatlar təşkil olunacaqdır.
Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşan beynəlxalq konfransın açılış mərasimində anadangəlmə ürək qüsurları probleminə həsr olunan film nümayiş etdirilib.
Konfrans işini
noyabrın 22-dək davam etdirəcək.
Azərbaycan.-2014.- 21 noyabr.- S.12.